Rusiyalı ekspert:“Netanyahunun Bakıda İrana qarşı quyu qazdığına şübhə yoxdur” – Təhlil

14-12-2016, 19:20           
İrana Corbenadze
Rusiyalı ekspert:“Netanyahunun Bakıda İrana qarşı quyu qazdığına şübhə yoxdur” – Təhlil
Rosbalt.ru, 13.12.2016

İsrail baş naziri Bakıda olub, İran prezidenti isə İrəvana hazırlaşır. Düşmənlik edən hər iki lider Cənubi Qafqazda nüfuzunu möhkəmlətməyə səy göstərir. Netanyahu Rusiya ilə münasibətlərin soyuqlaşması daxil olmaqla Azərbaycandan çox şey gözləyir. Ruhaninin Ermənsitan planları daha sadədir, lakin onun “gizli kozır”ı var.

Cənubi Qafqaz adətən xarici qüvvələrin diqqət mərkəzində olub, lakin son dövrdə Rusiya və ABŞ-ın təkcə bu bölgədə deyil, həm də Yaxın Şərq uğrunda mübarizəsinin formalaşdırdığı ziddiyyətlər seli onu sürətlə bürüyür. İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana, bunun ardınca isə israillilərin düşməni İranın prezidenti Həsən Ruhaninin Erməınistana səfəri bununla bağlı xüsusi maraq doğurur. Sonuncunun İrəvana səfərini hətta payızdan gözləyirlər, amma həmişə təxirə salınır. Ehtimal ki, Tehran İsrail baş nazirinin Azərbaycan səfərini gözləyirdi – bu cür gözləmə mövqeyinin səbəbləri barədə aşağıda danışılacaq.

Deməli, Netanyahu (son iyirmi ildə cəmi ikinci dəfə) şəxsi iştirakı ilə Azərbaycana sayğı göstərir: Bakıda səfəri artıq “tarixi” adlandırıblar. İsrailin rəsmi qaynaqları ağzına su alıb və baş nazirin Azərbaycana kimlə və niyə getdiyi barədə heç bir məlumat vermir. Qeyri-rəsmi məlumatlara görə, hərbi zavod rəhbərləri, xüsusi xidmət və Müdafiə Nazirliyi təmsilçiləri daxil olmaqla onu 30 yüksəkvəzifəli şəxs müşayiət edib. Bu cür “məiyyət” fikir doğurur ki, İsrail Ermənistandakı “Qasırğa” və “İskəndər”lərin rahatlıq vermədiyi Azərbaycana silah tədarükünü genişləndirmək istəyir.

Bakının (“Rusiyanın günahından”) bölgədə hərbi tarazlığın pozulmasına görə narahatlığı İsrailə tam əl verir. Məlumdur ki, Təl-Əviv Moskvanı Azərbaycanın silah bazarından sıxışdırmağa (5 milyard dollarlıq Azərbaycan-Rusiya sazişi çoxlarının boğazında sümük kimi qalıb) və Ermənistandakı “İskəndər”ləri neytrallaşdırmaqdan ötrü “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemini ona satmaqdan məmnun olardı. Lakin bir çox hərbi ekspertlərin qeyd etdiyi kimi, İsrailin RƏM kompleksi texniki səciyyəsinə görə “İskəndər”ə qarşı durmağa qabil deyil.

Düzdür, İsrail pilotsuzları Qarabağ münasqişəsi zonasında aprel hərbi əməliyyatları zamanı erməni ordusuna çox mühüm ziyan vurmaqla Azərbaycanın işinə çox yarayıb. Ona görə də tam gözləniləndir ki, Bakı yaxşı-yaxşı ölçüb biçərək “Dəmir günbəz”dən imtina edəcək və İsraillə onun arasında tamamilə özgə bir hərbi sövdələşmə baş tutacaq. Məhz hansı? Sonralar məlum olacaq.

Burası da var ki, Netanyahunun səfəri Azərbaycan silah bazarını Rusiyadan “oğurlamaq” cəhdindən daha çox yük daşıya bilər. İdeyaca, hazırda İsrailə Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-ın yeni administrasiyası tərəfindən İranı təqibə cəlb etmək daha aktualdır. Bakı Ankaranı bu kampaniyada fəal iştirak üçün dilə tuta bilsə, bu, bir neçə “dovşan”ı eyni vaxtda öldürməyə hesablanıb.

Güman etmək lazımdır ki, İran Netanyahunun niyyətlərini sezib – son zamanlar Tehranda bu haqda daha tez-tez danışmağa başlayıblar ki, Azərbaycan İsrail üçün təkcə yaxın hərbi-siyasi tərəfdaş deyil, həm də bölgədə nüfuzun güclənməsi üçün çıxış nöqtəsi olur. Düşünmək lazımdır ki, Ruhaninin Ermənistan səfərini süründürməsinin ən mühüm səbəblərindən biri də bu olub və yalnız İsrail baş nazirinin Bakıdakı danışıqlarından sonra ora gedəcək. Bu öz növbəsində bildirir ki, İran bu danışıqlardan xoşagəlməz sürprizlər gözləyir və Ermənistana münasibətdə taktiki və strateji gedişlərini hesablayır. Həm də burada başlıcası Azərbaycan üçün ən həssas probblemin – Qrabağ məsələsinin nizamlanmasında (Rusiya ilə paylaşmaqla) İrəvan və Stepanakertə dəstəyin səviyyəsidir.

Netanyahunun Bakıda İrana qarşı quyu qazdığına şübhə yoxdur – İsrailin İrana qarşı sanksiyaların sərtləşdirilməyinə tərəfdar olduğundan yuxarıda danışılıb. Lakin ona hələ İranla Azərbaycanın yaxınlığını pozmaq lazımdır. Amma bu yöndə gərəksiz fəallıq əks effekt verə bilər – xüsusən də Türkiyənin antiiran sanksiyalara qoşulması kontekstində İsrailin Bakıya təzyiqi artsa. Bu, İsrail-Azərbaycan münasibətlərində gərginlik doğurar və əslində, İran buna nail olmağa çalışır.

Bütün bu siyasi intriqalar aşkar şəkildə Rusiyaya, daha doğrusu, o, İran, Türkiyə və İsrailin Suriya məsələsində oynadığı rola düyünlənir. Belə çıxır ki, İsrail blokdankənar Azərbaycanı İranla dalaş üçün yola gətirə bilsə və Türkiyə kontekstində istədiyinə nail olsa, onda Bakı və Ankara Moskva ilə münasibətləri avtomatik şəkildə pisləşdirəcək. Bu, heç olmasa, Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Rusiyadan asılılıq nəzərə alınmaqla Azərbaycanı qane etməməlidir.

Və burada Netanyahunun Azərbaycana səfəri ərəfəsində bəyanatı olduqca maraqlıdır. O, CBS telekanalına deyib ki, İsrailin Suriya münaqişəsinə qarışmaması haqda onunla Rusiya prezidenti Vladimir Putin arasında saziş var. Netanyahu bildirib: “Putin öz silahlı qüvvələrini Suriyaya göndərmək qərarına gəldiyi anda mən onunla danışığa getdim. Mən dedim: “Baxın, mən bunu edəcəyəm. Mən Suriyaya müdaxilə etməyəcəyəm. Lakin Suriya bizə hücum etməyə səy göstərsə, bizə hücumdan ötrü İran Suriyadan yararlanmağa çalışsa, bunun qarşısını alacağıq”. O dedi: “Mən razıyam”. Belə ki biz hərbçilərimizin fəaliyyətini əlaqələndiririk, çünki heç kim qərəzsiz Rusiya-İsrail münaqişəsini istəmir”.

Lakin Netanyahunun gerçəkdə necə hərəkət edəcəyini heç kim bilmir: ABŞ-da yeni prezidentin hələlik tam aydın olmayan administrasiya ilə hakimiyyətə gəlişi üzündən bölgədə yeni ziddiyyətlər düyünü biçimlənir. İndiki mərhələdə onun xarici siyasət prioritetlərinin konkretləşdirilməsi son dərəcə ziddiyyətlidir. Netanyahu da məhz ziddiyyətlər dövrünə uyğunlaşmağa çalışır ki, İsrail üçün maraqlar “ovlasın”. Xatırladaq ki, Netanyahunun prezident Obama ilə münasibətləri yaxşılıqdan uzaq idi. Gözlənilməz Donald Trampla dialoqun isə necə inkişaf edəcəyini ancaq sezmək olar.

İran və ABŞ münasibətlərini proqnozlaşdırmaq da mümkünsüz görünür. Aydındır ki, bu, yaxşı olmayacaq (başlıcası, nə qədər pis olacağıdır). Belə ki Tehranda da əllərini yanlarına qoyub oturmayıblar: Ruhani ilk baxışdan bölgəsəl dəyər kəsb etməyən Ermənistana gedir. Gerçəklikdə isə bu, heç də belə deyil – o cümlədən İran üçün. Kontekstdə Ermənistan onun üçün iqtisadi deyil, daha çox siyasi gündəmdə önəmlidir. Axırıncıdan başlayaq. İran Azərbaycan-Türkiyə və İsrail-Azərbaycan alyansına tarazlıq üçün bacarıqlı və sabit Ermənistana maraqlıdır. Bundan savayı, İran Azərbaycandan əlavə Ermənistan və tanınmamış Dağlıq Qarabağla həmsərhəddir. Nəticə etibarilə öz ətrafında etibarlı təhlükəsizlik qurşağının formalaşması üçün Qarabağ münaqişəsinin dinc sonluğuna maraq göstərir. Və İran Qarabağ münaqişəsinin nizamlanması formatının rəsmən iştirakçısı olmasa da, tərəfləri barışdırmağa dəfələrlə və uğursuz şəkildə cəhd edib.

İran ənənə üzrə Ermənistanla dostluq münasibətləri var, buna görə də Bakı zaman-zaman onu münaqişənin İrəvanın xeyrinə həll etmək səylərində qınayır. Lakin münaqişənin daha uzun müddətə dondurulmasına qane olan Tehranın siyasi praqmatizmi nəzərə alınsa, Bakı hissləri rəhbər tutur. İranın köməyi ilə istisnasız olaraq öz xeyrinə nizamlamaya bel bağlayan İrəvan isə boş ümidlər bəsləyir. Yəni İranla Ermənistan bir-birini qədər güclü şəkildə “sevsə” də, birinci üçün mümkün bütün üsullarla (lap Ermənistan üçün əzablı olsa da) münaqişə zonasında hərbi əməliyyatların təzələnməsinə yol verməmək indi daha vacibdir. Və burada təkcə Azərbaycan, Türkiyə, İsrailin bölgədə mövqelərinin güclənməsi, İranın öz təhlükəsizliyi deyil, onun Suriya və İraq prolematikasında iştirakdan uzaqlaşdırılması durur.

Bundan başqa, yeni Azərbaycan-Ermənistan müharibəsi Tehran üçün strategiyaca mühüm layihənin – Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yeridilməsinə son qoyar. Lakin ehtimal ki, Ruhani Donald Trampın seçilməsindən sonra İranın yeni xarici siyasət strategiyası formalaşdırmaq kontekstində yerli zəmini yoxlamaq üçün də Ermənistana gedir.

Ruhaninin Ermənistan səfərinin iqtisadi tərkibinə gəlincə, İran bu ölkədə “Avropaya pəncərə” görür ki, bu da Qarabağ münaqişəsinin dinc nizamlanması və yaxud uzun müddətə dondurulması üçün əlavə stimul verir. Bu “pəncərə” İrana qarşı sanksiyaların uzadılacağı halda xüsusən aktual ola bilər – təkcə onun özü üçün deyil, həm də Ermənistan üçün: bax, ABŞ və Avropada erməni və İsrail lobbiləri məhz burada baş başa gələ bilər.

“Pəncərə” İran qazının Ermənistan ərazisi üzrə Gürcüstana tədarükü baxımından (Rusiya, Gürcüstan, Azərbaycan və Türkiyə üçün olduqca həssas mövzudur), həmçinin Ermənistanda “Mehri” azad ticarət zonasının (ATZ) yaradılması ciddi ağırlıq daşıyır. İran sənaye və ticarət naziri Məhəmməd Rza Nemətzadə artıq bildirib ki, ölkəsinin ATZ yaratmaq təcrübəsi var və bu məsələdə Ermənistana yardım edəcək.

Bundan başqa, tərəflər Ermənistan biznesmenlərinin İranın Gilan əyalətindəki Ənzəli ATZ-da iştirakını və birgə azad iqtisadi zonanın yaradılmasını müzakirə edəcəklər. Bu, Avrasiya İqtisadi Birliyi ilə əlaqələrinin genişlənməsi baxımından İran üçün son dərəcə maraqlıdır. Bundan başqa, tərəflər elektrik enerjisi mübadiləsini 1200 meqavata qədər artırmağa, “Şimal-Cənub” energetika dəhlizinin inşası layihəsini gerçəkləşdirməyə cəhd edir. Həmçinin İranla Ermənistan arasında dəmiryol xəttinin çəkilişi də əlavə məsləhətləşmələr tələb edir.

Bir sözlə, həm İran, həm də İsrail – bu iki hərbi-siyasi antoqonistlər üçün olduqca çox mətləb, həm də Yaxın Şərqə proyeksiya və bu iki bölgədə təkcə Rusiya və ABŞ-ın deyil, həm də daha “yüngül çəkili” siyasi oyunçuların üstünlük təşkil etməsilə Cənubi Qafqazda kəsişir. Sonuncular Cənubi Qafqazı müharibəyə, Yaxın Şərqi isə tam darmadağına qədər aparmağa qabildir. Lakin onlar həm də nisbi sülhün bərpasına şərait yarada bilər.

Buradaca qeyd edək ki, Netanyahunun Bakı səfəri Ermənistanı xeyli dərəcədə təşvişə salıb, nəinki Azərbaycanı Ruhaninin İrəvan səfəri. Məsələn, Ermənsitan nəşri Lragir yazır (oxucularımız bu materialla artıq tanış olub. Bax: http://strateq.az/tehlil/122301/erm%C9%99nil%C9%99r-yen%C9%99-netanyahunun-baki-s%C9%99f%C9%99rind%C9%99n-yazdilar.html): “Ekspertlərin sözlərinə görə, görünür, Obama idarəçiliyi illərində dünya siyasətində önəmi bir qədər azalmış İsrail fəallaşmağı qət edib – həm də ictimai rejimdə. Netanyahu ABŞ-ın İranla tərəfdaşlığa qaydaya salmağa yönəlmiş siyasətini dəyişməyə müvəffəq olacaqmı? Netanyahu bu faktdan istifadə edəcəkmi ki, Trampın qızı İvankanın əri mühafizəkar yəhudidir?”

Nəşr həmçinin Netanyahunun Azərbaycan səfərindən İranın narazılığını etiraf edir: “İran antiisrail əhvali-ruhiyyəsini gizlətmir və ehtimal ki, İsrail-Azərbaycan əməkdaşlığının möhkəmlənməsi Tehranı Azərbaycandakı bəzi layihələrini yığışdırmağa məcbur edə bilər. Bu halda Ermənistan İranla əməkdaşlığı “monopoliyalaşdırmaq” və genişləndirmək şansı qazanacaq. Lakin İsrail həqiqətən Azərbaycana hanısa müasir silahlar tədarük etsə, onda bu, Ermənistanın təhlükəsizliyinə təhlükə ola bilər”.

İrəvanda həmçinin sual edirlər: “İsrail və Azərbaycanın Ermənistana qarşı hərbi əməkdaşlığı davam edəcəkmi?” Bakıda isə soruşurlar: “Ruhaninin Ermənistana səfəri artıq Azərbaycana qarşı basqı deyilmi?”

Hər iki sual ədalətlidir – eynilə hər iki səfərin Ermənistan-Azərbaycan nifaqından daha geniş gündəliyə malik olduğu kimi. Lakin bu, kürəsəl siyasətin daha ciddi problemləri üzrə siyasi alverlərin aparılmasını sadələşdirir.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.