Berlin və Vyana:“xeyirxah” və “zalım” müstəntiq oyunu

15-12-2016, 00:26           

Türkiyənin Avropa İttifaqına daxil olması barədə danışıqlar aparıldığı üçün Avstriya Avropa İttifaqının genişləndirilməsinə dair ümumi qətnamə qəbul edilməsinə mane olur. AFR XİN yanında dövlət naziri Mixael Rot bu barədə dünən Brüsseldə məlumat verib.

Rotun sözlərinə görə, Avstriya nümayəndələri Aİ-nin Türkiyə ilə danışıqlarının dondurulmasını tələb edirlər, çünki onların fikrincə, Türkiyənin hakimiyyət orqanları müxalifətçi siyasətçilər və KİV-lərlə pis rəftar edirlər.

Almaniya da öz növbəsində qaçqınlar barəsində Türkiyə ilə sazişin neqativ nəticələrindən ehtiyat edərək bu cür tədbirlərin mümkünlüyünü qəti inkar edir. Mixael Rot deyib: “Avstriyanı təcrid olunmuş vəziyyətdən çıxarmaq üçün biz çox səy göstərdik”. Lakin onun sözlərinə görə, buna nail ola bilməyiblər.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer dekabrın 12-də kəskin şəkildə bildirib ki, Türkiyənin Aİ-yə daxil olması barədə danışıqlar aparmaq məqsədəuyğundur. O, həmçinin Vyananın Ankara ilə danışıqların davam etdirilməsinə etiraz edəcəyini bildirən avstriyalı həmkarı Sebastyan Kurtsu tənqid edib.

Bəzi müşahidəçilər, o cümlədən bu sətirlərin müəllifi şübhə etmir ki, Vyananın və Berlinin bu cür “fikir ayrılığı” əslində əvvəlcədən razılaşdırılmış “xeyirxah” və “zalım” müstəntiq oyunudur. Bu oyunun məqsədi Ankaraya onu göstərməkdir ki, Aİ-də onun əleyhdarları çoxdur və azsaylı dostları tərəfindən danışıqların davam etdirilməsi uğrunda mübarizə aparmaq çox çətindir.

Türkiyənin Aİ-yə daxil olması barədə onunla danışıqlar 2005-ci ildə, yəni Ankara müvafiq xahişlə müraciət edəndən 18 il sonra başlanıb. Türkiyə Aİ-yə daxil olmaq üçün Avropa İttifaqının danışıq şərtləri adlandırılan 35 bənd üzrə normativlərini yerinə yetirməlidir. Brüsseldə isə belə hesab edirlər ki, Ankara həmin normativlərdən yalnız 16-nı təmin edib. Bu danışıqlarda əsas “məhək daşı” Kipr problemi və hərbi çevriliş cəhdindən sonra Türkiyənin hakimiyyət orqanlarının müxalifətə münasibətdə hərəkətləridir. Lakin Brüssel çevriliş cəhdindən əvvəlki bütün illər ərzində bu danışıqlarda tərəqqinin ləng getməsini çətin ki, izah edə bilər(azərtac).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.