İlham Əliyevin kitabının Moskvada təqdimatı oldu - Foto

24-12-2016, 00:47           

Dekabrın 23-də Rusiyanın TASS xəbərlər agentliyində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar Jurnalist, yazıçı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı olub.

Axar.az xəbər verir ki, tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman və kitabın müəllifi Elmira Axundova iştirak ediblər.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman tədbiri açaraq qeyd edib ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatının keçirilməsi agentliyimiz üçün mühüm hadisədir. M.Qusman deyib: “Bu, müasir Azərbaycanın lideri kimi Prezident İlham Əliyev haqqında danışmaq üçün daha bir imkandır. Bu il Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunur. Bu dövrün böyük hissəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir. Mən bugünkü təqdimat tarixinin təsadüfən seçilmədiyini gizlətməyəcəyəm. Sabah, dekabrın 24-də Azərbaycan Prezidenti ad gününü qeyd edəcək. Bizə Prezident İlham Əliyevin yubileyi ərəfəsində həm yeni kitab, həm də Azərbaycan Respublikası Prezidentinin özü haqqında danışmaq çox xoşdur”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi vurğulayıb ki, kitab səmimi və peşəkarcasına yazılıb. Akademik deyib: “Mən bu kitabı demək olar ki, birnəfəsə oxudum. Kitab mənə bir çox məsələləri xatırlamağa və yenidən düşünməyə məcbur etdi”. V.Sadovniçi bildirib ki, kitab İlham Əliyevin valideynlərinin tərcümeyi-halına kiçik ekskursla başlayır. Burada ilk səhifələrdə ailə barədə hekayətlər oxucunu lazımi ovqata kökləyir və anladır ki, qarşımızda dərin tədqiqat durur. Moskva Dövlət Universitetinin rektoru Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə keçirdiyi görüşlər barədə danışıb. V.Sadovniçi xatırlayıb: “Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskva Universitetində keçirilən təhsil işçilərinin xüsusi qurultayında iştirak edirdi. Mənə Heydər Əliyev ilə bu mövzuda bir neçə dəfə söhbət etmək şərəfi nəsib oldu. O, təhsilin məqsədlərini, fundamental olmasını dərindən başa düşürdü”. MDU-nun rektoru universitetin Bakı filialının uğurlu fəaliyyətini xüsusi vurğulayaraq deyib: “Moskva Dövlət Universitetinin Bakı filialının açılışı Azərbaycan Prezidentinin təşəbbüsdür. Bakı filialı indi Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biridir. MDU-nun professorları gözəl kampusun tikildiyi Bakıda mühazirə oxumağa gedirlər”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Prezident İlham Əliyevin MDBMİ-də təhsil aldığı illər barədə danışıb. O, Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə peşəkar mütəxəssis kimi yüksək keyfiyyətlərini qeyd edərək deyib: “Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir və Prezident İlham Əliyev heç də sadə olmayan vəziyyətdə balanslaşdırılmış xarici siyasət xətti yeridir. Xarici siyasət kursunun bütün çoxşaxəliliyi ilə bərabər, o, Rusiya ilə münasibətləri sabit inkişaf etdirir. Bu, bir çox məsələlərdə özünü göstərir. Azərbaycanda rusdilli təhsilin və rusdilli dövri nəşrlərin tam şəkildə saxlanıldığını demək kifayətdir. Bu, qonşularla münasibətlərin inkişaf göstəricilərindən biridir”.

Anatoli Torkunov vurğulayıb ki, rəhbərlik etdiyi institutda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin MDBMİ-nin fəxri doktoru olması ilə çox fəxr edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy kitabın müəllifini təbrik edərək, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın böyük tərəqqi yolu keçdiyini, dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrildiyini vurğulayıb. M.Şvıdkoy Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib.

Kitabın müəllifi Elmira Axundova onun işinə yüksək qiymət verən natiqlərə minnətdarlığını bildirib. E.Axundova deyib: “Sizin xoş sözlərinizi ölkəmə və Prezidentimizə sevgi kimi dəyərləndirirəm”. Müəllif vurğulayıb ki, kitab rus auditoriyası üçün nəzərdə tutulub. Kitabda Azərbaycan oxucularına tanış olan çoxlu fakt var. Eyni zamanda, bu faktlar xarici auditoriya üçün də maraqlı ola bilər. E.Axundova deyib ki, xarici naşirlər də kitaba maraq göstərir və yaxın gələcəkdə o, digər dillərdə nəşr olunacaq. Müəllif, həmçinin vurğulayıb ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Moskvada keçirilən “Beynəlxalq İntellektual Ədəbiyyat” sərgisində “Politiçeskaya ensiklopediya” nəşriyyatının “İlin ən yaxşı nəşri” nominasiyasının qalibi olub.

Xatırladaq ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində nəşr edilib. Kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasətçisi İlham Əliyevin uğur fenomenini təhlil edir. Açıq mənbələrdən olan sənədlərin, müəllifin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin əhatəsindəki insanlardan götürdüyü nadir müsahibələrin istifadə olunduğu kitabda Azərbaycan Prezidenti haqqında faktlar, hadisələr və geniş məlumat təqdim edilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.