Brayzadan xəbərdarlıq: “Kreml Bakı ilə Tiflisi...”
24-12-2016, 10:09
Rusiya Azərbaycan və Gürcüstanı enerji daşıyıcıları məsələsindən istifadə edərək, təcrid edə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri Metyu Brayza “Amerikanın səsi” radiosunun gürcü redaksiyasına müsahibəsində söyləyib. Jurnalistin “Rusiya və Türkiyə arasında münasibətlərin yeni fazaya keçməsi Gürcüstan və Cənubi Qafqaza necə təsir edəcək” sualına eks-səfir bu münasibətlərin Gürcüstana birbaşa təsirinin olmayacağını söyləməklə cavab verib:
“Mən daha çox enerji mənbələrindən qorxuram. Rusiya bundan istifadə etməklə Azərbaycan və Gürcüstanı təcrid etməyə cəhd edə bilər. “Türk axını” qaz kəmərinin hədəfi Rusiya qazının Avropa Birliyinə çatdırılması və Azərbaycanın enerji sferasına investisiyaların azaldılmasıdır. Mənim fikrimcə, bu, Rusiya strategiyasının bir parçasıdır və o, Azərbaycanla Gürcüstan üzərində təsirin artırılmasına yönəlib”.
Qeyd edək ki, Azərbaycan bundan öncə dəfələrlə “Türk axını” layihəsinin Azərbaycana rəqib olmadığını açıqlayıb. Hətta Prezident İlham Əliyev bir müddət öncə “Sputnik” agentliyinə müsahibəsində heç bir regional layihənin “Cənub Qaz Dəhlizi” proyekti ilə rəqabət apara bilməyəcəyini və bu layihə çərçivəsində çıxarılacaq qazın artıq satıldığını söyləyib:
“TANAP dörd hissədən ibarət olan iri "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir. Bu, əslində, dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan "Şahdəniz"in işlənilməsinin ikinci mərhələsidir. Azərbaycandan Gürcüstana qədər uzanan Cənubi Qafqaz qaz kəmərinin tikintisi, onun genişləndirilməsidir. Əslində, TANAP Türkiyənin Gürcüstanla şərq sərhədindən Yunanıstanla qərb sərhədinədək uzanan Transanadolu qaz kəməridir. Daha sonra Türkiyə-Yunanıstan sərhədindən dənizin dibi ilə Yunanıstandan və Albaniyadan İtaliyaya gedib çıxan Transadriatik (TAP) qaz kəməri. Bu, "Cənub Qaz Dəhlizi" layihəsidir. Təbii ki, digər layihələrlə vəhdət təşkil edən TANAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir. Digər layihələr olmadan bu layihə natamamdır. Bu layihənin bütün xətti boyunca birinci mərhələdə nəql edəcəyimiz qazın həcmi barədə artıq kontraktlar bağlanıb, bu qaz artıq satılıb. Biz hasilatın artırılması barədə kontraktlar imzalamışıq. Hasilatın artımı 2018-ci ildən başlayacaq və 2020-2021-ci illərdə ən yüksək səviyyəyə çatmalıdır. Buna görə də hər hansı başqa regional enerji layihələri obyektiv olaraq sadəcə onunla rəqabət apara bilməz, çünki biz həmin qazı artıq satmışıq”.