İsrailin BMT qətnaməsindən imtinası -Ermənistan şirniklənə bilərmi?
27-12-2016, 09:20
Politoloq: “BMT TŞ-dəki 4 qətnaməsi daim gündəmə gətirilməli və Ermənistana beynəlxalq norma və prinsiplərlə təzyiq edilməlidir”
BMT Təhlükəsizlik Şurasının ötən həftə İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnaməni qəbul etməsi Təl-Əvivlə bir sıra ölkələr arasında gərginliyə səbəb olub.
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib. Sözügedən sənəddə qeyd olunur ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər. Lakin İsrail qətnaməni icra etməyəcəyini bəyan edib.
Bu arada İsrailin baş naziri Binyamin Netanyahu Ukrayna baş naziri Vladimir Qroysmanın ölkəyə gələn həftə planlaşdırılmış səfərini ləğv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qərarın verilməsinə səbəb Ukraynanın BMT TŞ-nin İsrailin məskunlaşma proqramına qadağa qoyan qətnaməsini dəstəkləməsi olub. “Ukrayna BMT TŞ-nin məskunlaşmaya qarşı qətnaməsini dəstəkləməsinə etiraz əlaməti olaraq səfəri ləğv etmək qərara alınıb”, - deyə məlumatda bildirilir.
İsrail BMT Təhlükəsizlik Şurasının yəhudi məskənlərinin salınmasının dayandırılmasına dair qətnaməsinin tələblərini yerinə yetirmək niyyətində deyil. Bu bəyanatla yəhudi dövlətinin baş naziri Binyamin Netanyahunun nümayəndələri çıxış ediblər. “İsrail BMT-nin bu rüsvayçı anti-İsrail qətnaməsini rədd edir və onun tələblərinə məhəl qoymayacaq”, - deyə bəyanatda bildirilib.
Bunun ardınca isə İsrailin baş naziri Binyamin Netanyahunun göstərişi ilə BMT Təhlükəsizlik Şurasında yəhudi dövlətindən Fələstin torpaqlarında məskənsalma siyasətinə dərhal son qoymağı tələb edən qətnamənin lehinə səs verən ölkələrin səfirləri iclasa çağırılıb. (Report) “Söhbət İsrail ilə diplomatik əlaqələri olan üç dövlətdən gedir”, - İsrailin hökumət rəhbərinin dəftərxanasının məlumatında deyilir.
İsrail Azərbaycanla çox yaxın münasibətdə olan dövlətdir. Hətta aprel döyüşlərindən sonra işğalçı Ermənistan Azərbaycan-İsrail hərbi əməkdaşlığından vahiməyə düşmüşdü. Üstəlik, bölgədəki digər anti-Azərbaycan qüvvələr də Bakı ilə Təl-Əviv arasındakı körpüdən çox məyus olduqlarını Netanyahunun bölgəyə son səfəri zamanı nümayiş etdirdilər. Ancaq bəzi müşahidəçilər hesab edir ki, dost İsrail dövlətinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini icradan açıq şəkildə imtinası işğalçı Ermənistan üçün presedentə çevrilə bilər. Bu mənada hesab olunur ki, Azərbaycan düşmənə əlavə spekulyasiya şansı vermədən qətnamələrin icrasını yenidən gündəmə gətirməlidir.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Ermənistanın təcavüzü ilə bağlı qətnamələr haqqında bütün beynəlxalq tribunalardan istər dövlət başçısı səviyyəsində, istərsə də digər məsul şəxslər dəfələrlə bəyanatlar verib, çağırışlar edilib: “Təəssüf ki, Ermənistan hətta BMT-nin qətnamələrini də pozur və ona qarşı hər hansı bir sanksiyalar tətbiq edilmir. Bu qətnamələrin qəbul edilməsindən, yəni 1993-cü ildən artıq 23 ildən çox keçib. Yəni 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Azərbaycan respublikasının BMT tərəfindən də tanınmış olan sərhədləri hər hansı qurum və ya dövlət tərəfindən ərazi əldə etmək məqsədilə dəyişdirilə bilməz və işğalçı qeyri şərtsiz ərazilərimiz tərk etməlidir”.
A.Nağıyev beynəlxalq aləmdə ikili standartların mövcudluğuna da diqqət çəkdi: “Maraqlısı budur ki, BMT-nin elə qətnamələri var ki, bir neçə günə həll edilir, Azərbaycanla bağlı isə illərlə öz həllini tapmır. Bəs, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanla bağlı niyə sanksiyalar tətbiq edilmir. Düşünürəm ki, burada bir icra mexanizminin olmaması da öz işini görür, BMT ilk öncə öz qətnamələrinin yerinə yetirilməsində maraqlı olmalıdır, çünki bununla öz nüfuzuna xələl gətirir. Çox təəssüf ki, BMT-nin patronajlığı altında fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu da dəqiq bir qərar qəbul edə bilmir. Təhlükəsizlik Şurasının beş daimi üzvü bu qurumda təmsil edilir, Ermənistana təsir mexanizminin olmaması da bu dövlətlər heç də baş ucalığı gətirmir. Yəni əgər ərazi bütövlüyünün qorunması ilə bağlı Azərbaycan tərəfindən hər hansı hərbi yola əl atılsa, yəqin ki, BMT dərhal reaksiya verəcək. Buna görə də BMT TŞ-dəki 4 qətnaməsi daim gündəmə gətirilməli və Ermənistana beynəlxalq norma və prinsiplərlə təzyiq edilməlidir”.
Musavat.com