Uorlik həmsədrlikdən getdi

31-12-2016, 01:49           
Uorlik həmsədrlikdən getdi
ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir ki, 2017-ci ilin yanvarından etibarən səfir Riçard E.Hoqland Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri vəzifəsini müvəqqəti icra edəcək. O, dekabrın 31-i sözügedən vəzifədən istefa verən Səfir Ceyms B.Uorliki əvəzləyəcək.

Səfir Hoqlandın diplomatik sahədə 30 ildən çox təcrübəsi var. O, 2003-2006 illərdə Tacikistanda və 2008-2011 illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013 illərdə isə Pakistanda səfir müavini kimi çalışıb. Səfir Hoqland bu yaxında Suriyada Zorakılığın Dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Vaşinqtonda Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini kimi çalışıb. Bundan öncə isə, səfir Hoqland Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya ofisinə rəhbərlik edib və ABŞ-in Moskvadaki səfirliyinin sözçüsü olub.


Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapılması üçün tərəflərlə işlədiyi bir vaxtda səfir Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq. Birləşmiş Ştatlar tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sankt-Peterburqda əldə olunan razılıqları icra etməyə, həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır. Səfir Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.