"Böyük dövlətlər Dağlıq Qarabağın müstəqilliyini tanımaq istəyirlər" — Hərbi ekspertdən iddia

4-01-2017, 13:28           

Son zamanlar cəbhədə atəşkəs intensiv şəkildə pozulur.

Atəşkəs əvvəlki kimi Qarabağ istiqamətində yox, daha çox Azərbaycan-Ermənistan dövlət sərhəddində pozulur. Politoloqların fikrinə əsasən, böyük dövlətlərin, xüsusən də Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki dövlət arasındakı problemə qarışması üçün ermənilər atəşkəsi qəsdən bu istiqamətdə pozurlar.

Son zamanlar dövlət sərhəddində atəşkəsin tez-tez pozulması və ermənilərin çirkli oyunları barədə hərbi ekspert Üzeyir Cəfərov fikirlərini Ölkə.Az-la bölüşüb:

"Azərbaycan-Ermənistan sərhəddində baş verənlər bir daha bu münaqişənin haradan qaynaqlandığının açıq nümunəsi oldu. KTMT-nin sədrlik vəzifəsinin təhvil verilməsinə bir neçə gün qalmış KTMT-nin baş katibi Nikolay Bradyuja başından böyük qələt edib vəzifəsindən getdi. Bardyuja Azərbaycanın Ermənistanla dövlət sərhəddində təxribat törətdiyi ilə bağlı bəyanat səsləndirərək ermənilərlə sağollaşdı.

Məhz iki dövlətin dövlət sərhəddində atəşkəsin pozulmasında ermənilərin əsas məqsədi odur ki, bu məsələyə böyük dövlətlər, əsasən də Rusiya reaksiya versin. Biz bilirik ki, bu məsələnin arxasında rəsmi Moskvanın ikibaşlı oyunları dayanıb. Azərbaycan əsgərinin düşmənin əlində olması böyük hiddət doğuran haldır. Nə beynəlxalq qurumlar, nə də Rusiya, Fransa, ABŞ, cansız bədəni, Azərbaycan əsgərini ermənilərdən alıb ailəsinə təhvil vermək üçün bir addım da atmırlar. 2014-cü ildə Azərbaycan ordusu erməni helikopterini vuranda ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasperşik həmin helikopterin qalıqlarını və meyidləri almaq üçün gecə ilə İrəvandan Bakıya gəldi. Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə görüşüb gecə ilə də həmin meyidləri Ermənistana apardı. Bütün bunlar onu göstərir ki, Azərbaycan qərar verməlidir. Azərbaycan çox gecikir.

2017-ci il Dağlıq Qarabağın taleyində ən ağır illərdən biri olacaq. Hiss olunur ki, böyük dövlətlər Dağlıq Qarabağı tanımaq istiqamətində işləyirlər. Faktiki olaraq Rusiya bu sahədə fəal hərəkətə keçib. Nikolya Bardyujanın səsləndirdiyi fikirdən sonra, Rusiya XİN açıqlama yaydı, ancaq digər dövlətlər səsini çıxarmadı.

ATƏT-in yeni avstriyalı sədrinin çıxışına baxdım. Adam əsəbləşməyə bilmir. Bunlar hamısı sanki robortdur. Onların qarşısında hansı kağız qoyulursa, onu oxuyurlar. Həmin mətnlərdə isə tarix, mübtəda və xəbərin yeri dəyişir və bunu yeni fikir kimi bizə təqdim edirlər. Belə hiyləgər sədrləri çox görmüşük.

2017-ci ildə çoxlu sayda faciələr yaşayacağıq. Dağlıq Qarabağla bağlı narahatçılığım birə on artmaqdadır. Çünki böyük dövlətlər Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq istəyirlər. Əgər Ermənistan Laçında, Cəbrayılda, digər ərazilərdə tikinti-quruculuq işlərinə başlayıbsa, bu, hansısa dairələrdən zəmanət alındığını sübut edir. Bundan sonra cəbhədə təxribatların sayı durmadan artacaq və biz buna hazır olmalıyıq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.