Qarabağa dair gizli “Yol xəritəsi” - Kreml Bakını yeni şərt qarşısında qoyur

11-01-2017, 10:09           
Qarabağa dair gizli “Yol xəritəsi” - Kreml Bakını yeni şərt qarşısında qoyur
Bakı və Moskva böyük anlaşma yolunda?; Regionun ən üzücü münaqişəsi ətrafında kritik dönuş, nəhayət, baş tuta bilər, əgər...; pis sülh müharibədən yaxşıdır, bir şərtlə ki, o, hədəfə çevrilməsin və böyük sülhə aparan yolda vasitə olsun; bölgəyə KTMT sülhməramlıları gətiriləcək?..

2017 - böyük ehtimalla, Dağlıq Qarabağ konflikti üçün dönüş ili olacaq. Ən azı ona görə ki, “hə hərb, nə də sülh” vəziyyəti üçün ayrılan limit artıq tükənib. Bu, o anlama gəlir ki, ixtilafın hansı yolla çözülə biləcəyinə məhz bu il konkretlik gəlməlidir: ya dinc danışıqlar nəhayət, “ölü nöqtə”dən çıxarılacaq, ya da böyük müharibə heç vaxt olmadığı qədər aktuallığı ilə gündəmə gələcək. Çünki Azərbaycanın da işğal rejiminı dözmə limiti bitib.

Əksər analitiklərə görə, ikinci variantda nə Rusiya, nə də Qərbin vasitəçi dövlətləri maraqlı deyil. Əgər Rusiya o halda Azərbaycan və Türkiyə ilə münasibətlərdə böhranla üzləşə, iki strateji tərəfdaş ölkəni həmişəlik itirə bilərsə, Qərb də müharibə səbəbi ilə regiondakı iri neft-qaz kəmərlərinə böyük təhlükənin yaranması riskinə tuş gələ bilər.

Ermənistanı isə müharibə sözsüz ki, çökdürəcək, onu böyük canlı və maddi itkilərə tuş edəcək, ölkənin boşalması daha da sürətlənəcək. Bütövlükdə işğalçı ölkə Azərbaycanla müharibə aparmaq potensialında deyil, bunun üçün, erməni ekspertlərinin də etiraf elədiyi kimi, yetərli iqtisadi və insan resursları yoxdur. Hərgah, Azərbaycan da müəyyən iqtisadi və başqa itkilərlə üzləşməli olacaq.


Kəsəsi, müharibə regiona, ələlxüsus da Ermənistana və vasitəçi dövlətlərə yalnız itkilər (maddi, canlı və tərəfdaş itkiləri), fəlakət vəd edir. Üstəlik, Yaxın Şərq bölgəsində müharibənin və qırğınların bitmədiyi bir vaxtda, Qarabağ konfliktinin alovlanması Rusiya üçün yeni ağır bir sınaq olacaq, onun Qərblə, ABŞ-la, Türkiyə ilə münasibətləri çox çətin testdən keçməli olacaq. Prezident Putin isə ABŞ-ın yeni prezidenti Donald Trampla isti münasibətlər qurulacağına ümidlidir.

***
Belə olan təqdirdə Qarabağda sülhün alternativi məsələsi bütün aktuallığı ilə gündəmə gələ bilər. Doğrudur, istənilən pis sülh müharibədən yaxşıdır. Bir şərtlə ki, pis sülh - hədəf yox, yalnız böyük sülhə aparan yolda vasitə olsun. Əks təqdirdə, pis sülh qaynar müharibəyə də vəsilə ola bilər. Necə ki, ötən ilin aprelində hamı bunu əyani gördü. Əfsus ki, vasitəçi güclər bundan lazımi nəticə çıxarmadı. Hərçənd fərqli qənaətdə olan təhlilçilər də var.
Məsələn, rusiyalı politoloq Vitali Arkova görə, Kreml Dağlıq Qarabağ ətrafında kritik situasiyanın fərqindədir və vəziyyəti dalandan çıxarmaq barədə hər halda, düşünür. Maraqlıdır ki, politoloq Rusiyanın məsələdə mümkün aktivləşməsini Azərbaycanın Putin layihələri olan Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulması kontekstində görür.

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasına dair yol xəritələrinin hazırlanması Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının gizli bəndlərindən biridir”, - deyə Arkov qeyd edib. Onun sözlərinə görə, Rusiya münaqişənin həlli üçün Qazaxıstan, Belarus, İran, Türkiyə, Azərbaycan və Ermənistanın diplomatik idarələri ilə işləyir.


“Ermənistan Dağlıq Qarabağda təmas xətti boyunca öz qoşunlarını geri çəkməklə bağlı öhdəliyi yerinə yetirməlidir. Sərhədçilər funksiyasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri üzərinə götürməlidir. Mən Avrasiya İqtisadi İttifaqını təsadüfən yada salmadım. Çünki Rusiya və Qazaxıstanın təklifi ilə Azərbaycanın bu ittifaqla yaxınlaşması münaqişənin nizama salınmasında gizli bəndlərdən biridir”. Politoloqa görə, münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi Azərbaycan və Ermənistan hərbiçiləri arasında toqquşmaları minimuma sala bilər.

* * *

Göründüyü kimi, rusiyalı analitik, faktiki, Dağlıq Qarabağa dair hansısa “Yol xəritəsi”ndən danışır. O da aydın olur ki, bölgəyə sülhməramlı qüvvələr qismində KTMT və ya Avrasiya Birliyi qüvvələri yerləşdirilə bilər - təbii ki, Azərbaycan da bu birliyə qoşulandan sonra.

Yeri gəlmişkən, 4 günlük aprel müharibəsindən az sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı səfəri zamanı kifayət qədər açıq mətnlə bəyan eləmişdi ki, Rusiya Azərbaycanı Avrasiya layihələrində görmək istəyir və bu, Qarabağ konfliktinin həllinə də müsbət təsir edə bilər. Daha sonra problemin həlli ilə bağlı hansısa “Lavrov planı” deyilən layihənin stol üstdə olması barədə aylarla müzakirə getdi.

Lakin Bakının Avrasiya layihələrinə münasibəti bəllidir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya mətbuatına müsahibəsində də deyib ki, Azərbaycanın işğalçı Ermənistanla eyni qurumda təmsilçiliyi istisnadır və üzvlük üçün gərəkdir ki, heç olmasa bir neçə rayon (ən çox 5 rayon deyilir) işğaldan azad oluna. Bu isə şübhə yox ki, Kremlin İrəvana təzyiqi olmadan mümkünsüzdür.

İş də ondadır ki, üzdə belə bir təzyiq müşahidə edilmir. Ola bilsin, Kremlin Bakı ilə konkret anlaşma əldə edə bilməməsi də buna öz təsirini göstərir. Ancaq rusiyalı ekspertin sözlərindən qənaət hasil olur ki, Rusiya rəsmi Bakı qarşısında yeni şərt qoyub və Azərbaycanla anlaşma əldə eləməsə də, hər halda anlaşma yoluna çıxmaq istəyir.

***

Bu da məntiqlidir. İş ondadır ki, Suriya bataqlığına girən, iqtisadiyyatı ildən-ilə ağırlaşan Rusiya hər necə olmasa, tələsir və heç olmasa, “Yaxın xaric”də özünün yaratdığı münaqişələrdə hansısa müəyyənliyə nail olmağa çalışır, moderatorluğu əldə saxlamaq istəyir, bu münaqişələrin proqnoza yatmayan istiqamətdə alovlanmasından ciddi şəkildə ehtiyatlanır.

Rusiya eyni zamanda münaqişələri nəzarətdə saxlamağın ildən-ilə daha çətin olduğunun da fərqindədir. Demək, yeganə çıxış yolu - müharibəni istisna edən formulun, yaxud “Yol xəritəsi”nin tapılmasıdır. Söhbət öncəliklə Qarabağ ixtilafından gedir.

Analitik xidmət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.