"Ermənistan axırı olmayan bir dövlətdir" - Siyavuş Novruzov
24-06-2015, 12:01
“Ermənistan axırı olmayan bir dövlətdir. Orada baş verən hadisələr də göstərir ki, əhali artıq bu rejimə dözə bilmir”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Ermənistanda baş verən etiraz aksiyalarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan mənbələrinin özlərinin verdiyi məlumata görə hər gün yüzlərlə adamın ölkədən köçüb getməsi və Ermənistanın qeyri-müstəqil dövlət olması təbii oradakı vəziyyəti getdikcə ağırlaşdırır, həm də ölkəyə rəhbərlik edən hərbi xunta, həmçinin korrupsiya və rüşvətxorluq orada yaşayan əhalini tamamilə bezdirib: “Heç bir istehsal müəssisəsi yoxdur. Sadəcə olaraq, ordan burdan gələn yardımların hesabına birtəhər ölkənin saxlanılması ilə məşğuldurlar. Ölkədə aclıq, səfalət, insan hüquqlarının tapdalanması, sərbəst toplaşma azadlığının pozulması və digər məsələlər göz önündədir. Bundan öncə Ermənistanda prezident seçkiləri dövründə namizədlərin birinin güllələnməsi, digər namizədlərə qarşı təzyiqlər, onların toplantılarının keçirilməməsi və digər məsələlər də göz qarşısındadır. Öz etirazını bildirən, sərbəst toplaşma azadlığı haqqında qanunu həyata keçirmək istəyən vətəndaşlara, sözə, mətbuata qarşı təzyiqlər var və müxtəlif texnikalardan, o cümlədən su şırnaqları, gözyaşardıcı qazlar və digər ləvazimatlardan istifadə edərək çalışırlar ki, insanların etirazlarını zor vasitəsilə yatırsınlar”.
S.Novruzov təəssüf edir ki, bütün bu hadisələr beynəlxalq təşkilatların diqqətindən yayınır: “Təəssüflər olsun ki, istər prezident seçkilərində, istər sonrakı dövrlərdə Ermənistanda baş verən hüquqa zidd, insan hüquqlarının əleyhinə olan bütün məsələlər Avropanın diqqətindən nədənsə yayınır. Ancaq Azərbaycanda sərbəst toplaşma azadlığını həyata keçirmək üçün yerlərin ayrılmasına və bu tədbirlərin mühafizəsinin təmin olunmasına baxmayaraq, antiazərbaycan mövqeyində olan qüvvələr Azərbaycana qarşı insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verir, müxtəlif şərhlər yazır, müxtəlif səpkili antiazərbaycan mövqeləri yaratmağa çalışırlar. Amma Ermənistanda bu qədər insan hüquqlarının pozulmasına baxmayaraq, nə ATƏT, nə Avropa Şurası, nə də Avropa Parlamenti bu günə qədər Ermənistanda insan hüquqları ilə bağlı məsələni gündəmə gətirib müzakirə aparmayblar”.
S.Novruzov bildirib ki, budur həmin təşkilatların ikiüzlülüyü, ikili standartlı mövqeyi: “Bizim üçün bunlar artıq bəllidir. Əgər Azərbaycanda belə hadisə baş versəydi, indi “CNN”, “BBC”, “Euronews” gündə üç dəfə göstərərdi. Azərbaycanda Avropa Oyunları keçirildi, 50-dən artıq Avropa dövləti burada iştirak etdi, bütün dünyanın nəzəri buradadır, lakin buna baxmayaraq həmin kanallar Azərbaycanın bu uğurlarını çox qısqanclıqla və orada nöqsan axtara-axtara qısa şəkildə verməyə çalışırlar”.