Deputatdan Elmira Süleymanovaya sərt TƏNQİD: - “7 ildə barmaq barmaq üstünə qoyulmayıb”
11-03-2017, 14:32
Xəbər verildiyi kimi, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2016-cı il üçün hesabatını tənqid edib.
O bildirib ki, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil.
“Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin”.
Məsələ ilə bağlı Əflatun Amaşov Modern.az-a daha bir açıqlama verib.
O, xarici ölkələrdə ombudsman institutlarının prinsiplərinin başqa olduğunu bildirib.
“Ombudsman institutları bir sıra ölkələrdə ayrı-ayrı istiqamətlər üzrə olur, ya da ümumi götürülür. Bəzi ölkələrdə uşaq məsələləri üzrə, insan haqları ilə bağlı müəyyən istiqamətlərdə ombudsman institutları fəaliyyət göstərir. Azərbaycanda isə vahid ombudsman sistemi var. Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi.
Bu 2010-cu ildə baş verib. Media ombudsmanı institunun yaradılması, kifayət qədər fayda verə bilərdi. Çox təəssüf ki, informasiya müvəkkili ilə bağlı məsələlər uzandı. Sonda həmin institutun fəaliyyətini ümumi ombudsmanın fəaliyyəti ilə birləşdirdilər. Çox təəssüf ki,, bu sahədə müəyyən işlərin görülməsi haqqında bizdə elə bir məlumat yoxdur. İnformasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi özünü doğrultmadı. Mən hesabata münasibət bildirərkən dedim ki, əgər informasiya ombudsmanın səlahiyyəti ümumi ombudsmanın səlahiyyəti ilə birləşdirilirsə, bu sahədə əməlli iş görülsün. Bununla bağlı insanlar müəyyənləşdirilməli, müəyyən bir institut ümumi ombudsmanın daxilində formalaşmalı və mexanizm tətbiq olunmalıdır. Çox təəssüf ki, bu 7 ildə barmaq barmaq üstünə qoyulmayıb. Mən bildirdim ki, əgər bu nəticə vermirsə, müstəqil media ombudsmanı olsun”.
Deputat hesab edir ki, informasiya məsələləri üzrə ombudsman institunun yaradılaması çox vacib məsələdir.
“Əgər gələcəkdə bu institut yaradılarsa, bu, jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdıracaq. Jurnalist ona cavab verməyən, onu təhqir edən təşkilat, müəssisə, dövlət orqanları və şəxsləri barədə birbaşa olaraq, informasiya ombudsmanına müraciət edə biləcək. Mən də hesab edirəm ki, həmin ombudsman da jurnalistlərin fəaliyyətlərinin yaxşılaşdırılması üçün nə lazımdısa, edə biləcək. Media ombudsmanı ümumən fəaliyyətini media ilə sıx əməkdaşlıq şaraitində quracaq. Bu da gələcəkdə yaxşı nəticələrin əldə olunmasına gətirib çıxara bilər”.
2010-cu il martın 5-də ikinci dəfə ombudsman seçilən Elmira.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
"İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir. Və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.
Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.