Əfv siyahısında 20 tanınmış məhbusun adı var
11-03-2017, 14:38
“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Əfv Məsələləri Komissiyasına təqdim etdiyi siyahıda 20 nəfərə yaxın tanınmış məhbusun adı var”.
teref.az-nun məlumatına görə, bunu cebhe.info-ya İşçi Qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.
Onun sözlərinə görə, həmin insanların azadlığa çıxmasında tək İşçi Qrupu yox, cəmiyyət maraqlıdır:
“Təbii ki, siyahıda onların hamısı əfv olunmayacaq. Ona görə deyirəm ki, təqdim etdiyimiz siyahıdan nə qədər şəxsin adı əfv siyahısına düşərsə, biz bundan həm razı, həm də minnətdar olarıq. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı digərlərindən fərqli olacaq”.
Kimlərin adlarının Əfv Komissiyasına təqdim olunmasına gəlincə, hüquq müdafiəçisi onlardan bir neçəsinin adını çəkməklə kifayətləndi:
“REAL sədri İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanovu, NİDA vətəndaş hərəkatının üzvü Qiyas İbrahimov və Bayram Məmmədovun, eləcə də həbsdə olan digər məhbusların azadlığa çıxmasını çox istərdik. Təbii ki, ölkə başçısı Əfv Komissiyasının, İşçi Qrupunun təqdim etdiyi təqdimatları və məhbus yaxınlarının müraciətlərini dinləyir. Amma əfv birbaşa olaraq prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Əfvi çox böyük səbirsizliklə gözləyirik və ümid edirik ki, həmin insanların adları əfv siyahısına düşəcək”.