"Azərbaycanın pul problemi olmayacaq, ancaq BP məyusdur..." -“The Financial Times”
12-03-2017, 12:52
"Azərbaycanın Mədən Sənayesində Şəffalıq Təşəbbüsündən çıxmasına baxmayaraq ölkənin həyata keçirdiyi iri energetika layihələrinin maliyyələşdirilməsində problem yaranmayacaq".
Virtualaz.org xəbər verir ki, bunu aparıcı beynəlxalq maliyyə institutlarının rəsmiləri məsələni “The Financial Times” qəzetinə şərh edərkən deyiblər.
Hərçənd qəzet iddia edir ki, Azərbaycanın bu təşəbbüsü tərk etməsi ölkənin Cənub Qaz Dəhlizi üçün cəlb etməli olduğu milyardlarla dollar krediti təhlükədə qoyacaq. Qəzet EİTİ-yə üzvlüyün könüllü xarakter daşıdığını və bu təşkilatın qərarlarının beynəlxalq maliyyə institutları üçün hüquqi öhdəliklər yaratmadığını yada salır.
Bununla belə qəzet hesab edir ki, Azərbaycanın EİTİ-ni tərk etməsi beynəlxalq maliyyə institutlarını Azərbaycana kredit ayırmaq məsələsinə yenidən baxmağa məcbur edə bilər. Çünki ölkənin EİTİ-yə üzvlüyü hasilat sənayesində şəffaflıq üçün əlavə təminat idi.
Azərbaycan Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümovun bəyanatında deyilirdi ki, ölkə bu təşəbbüsdən çıxsa da hasilat sənayesində şəffaflıq prinsiplərinə bundan sonra da əməl edəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi qəzetə açıqlamasında deyib ki, vəziyyəti dramatikləşdirmək lazım deyil və Azərbaycanın EİTİ-ni tərk etməsinin bu ölkəyə kreditlər ayrılmasına təsir edəcəyini düşünmür. “Bizim özümüzün kredit ayırmaq üçün daxili və kifayət qədər sərt normativlərimiz var, hansısa layihəyə pul yatırmazdan əvvəl biz bu normativlərə ciddi əməl edirik”-bankın nümayəndəs deyib.
Azərbaycanın daha bir iri kreditoru olan Dünya Bankının nümayəndəsi isə daha konkret danışıb. “Biz Azərbaycanı bundan sonra da hasilat sənayesində və gəlirlərin idarə edilməsində şəffaflığa nail olmaq səylərində dəstəkləyəcəyik”-bankdan bildiriblər.
Azərbaycanın EİTİ-ni tərk etməsindən təkcə BP məyusluğnu gizlətmir. “Biz şəffaflıq sahəsində ələ edilən irəliləyşə baxmayaraq Azərbaycanın qərarından məyusuq, Azərbaycanın bu təşkilatdan çıxması heç kimin maraqlarına cavab vermir”-BP-dən deyiblər.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin ümumi dəyəri 40 milyard dollardır. Azərbaycan bu layihədəki payını maliyyələşdirmək üçün beynəlxalq maliyyə institutlarından milyardlarla dollar kredit cəlb edir.