İrəvanın dəvətinə MSK-dan reaksiya

17-03-2017, 09:27           
İrəvanın dəvətinə MSK-dan reaksiya
Mikayil Rəhimov: “Müraciətin arxasında bəzi niyyətlərin dayandığı şübhəsizdir”


Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyası göndərmək üçün Azərbaycana da müraciət edilib. Baş nazir Karen Karapetyanın bununla bağlı məktubu bütün MDB-yə üzv ölkələrə göndərilib.
Bu barədə MDB-nin İcraiyyə Komitəsinin birinci sədr müavini Viktor Quminskiy İrəvanda jurnalistlərə açıqlamasında deyib.
O, “İrəvana Azərbaycandan olan müşahidəçilər də gələcəkmi” sualına belə cavab verib: “Biz bütün ölkələrə dəvət göndərmişik. Ancaq Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarusdan olan 76 müşahidəçi müsbət cavab verib”.
Ekspertlər hesab edirlər ki, bu müraciətin arxasında erməni xislətindən doğan niyyətlər dayanır. Yəni ermənilər bununla özlərini dünyaya tolerant, demokratik xalq kimi sırımaq istəyirlər. Amma bununla belə, dövlət maraqları naminə ermənilərin niyyətlərini puça çıxarmaq üçün düşmən dövlətdə 2 aprel seçkilərində ölkəmizdən də nümayəndə heyətinin olmasını məqsədəuyğun sayanlar da var.




Mərkəzi Seçki Komissiyasının üzvü Mikayıl Rəhimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda keçirilən seçkilərə heç vaxt Ermənistan dəvət olunmayıb: “Bununla bağlı Mərkəzi Seçki Komissiyasının rəsmi mövqeyi yoxdur. Ermənistan düşmən dövlətdir. Düşmən ölkə ilə hansısa səviyyədə dövlət qurumu olaraq, əlaqə saxlamaq ənənəsi yoxdur. Buna yəqin heç ehtiyac da yoxdur. Bir faktı qeyd edim ki, indiyə qədər ölkəmizdə keçirilən seçkilərin heç birinə nə Ermənistan dəvət olunub, nə də MSK oradakı seçkilərə dəvət alıb. Biz Ermənistanı düşmən ölkə sayırıq, hesab edirik ki, orada cinayətkar rejim mövcuddur. Demokratik seçki mühiti adı altında əlaqələr yaratmaq istəyirlər. Bu, Azərbaycan kimi dövlətə hörmət gətirən əlamət ola bilməz. Ona görə də hansısa əlaqələrin qurulmasını mümkün hesab etmirəm. Bu müraciətin arxasında bəzi niyyətlərin dayandığı şübhəsizdir. Özlərini tolerant, qonşu ölkələrlə normal münasibətlər qurmağa çalışan dövlət kimi göstərməyə çalışırlar. Amma elə bir tarixi cinayət ediblər ki, əraziləri işğala məruz qalan Azərbaycanın əlaqələr qurması mümkünsüzdür. Onların cəhd etmələrinin də heç bir perspektivi yoxdur”.


Politoloq Elxan Şahinoğlu hesab edir ki, işğala son qoyulduğu zaman bu məsələdən danışmaq olar: “Ermənistanda parlament seçkisini izləmək məqsədilə Azərbaycandan da nümayəndə heyətinin işğalçı ölkəyə getməsi düzgün olmazdı. Azərbaycan rəsmiləri, diplomatları və deputatları İrəvanda keçirilən konfrans və seminarlara getmirlərsə, parlament seçkisini niyə izləməlidirlər? MDB-nin seçkiləri müşahidə missiyası var və bu missiya adətən ATƏT müşahidə missiyasından fərqli olaraq, MDB məkanındakı bütün seçkiləri müsbət qiymətləndirir. MDB-nin müşahidə missiyasında azərbaycanlı deputatların Ermənistandakı parlament seçkisini normal qiymətləndirməsini necə təsəvvür etmək olar? Deputatlarımızın ”Ermənistanda seçki normal keçdi" və ya “Serj Sərkisyanın partiyası qanun pozuntusuna yol vermədi” kimi açıqlamalar verməsini təsəvvür etmək olarmı? Ermənistanda seçkinin inzibati resurslar vasitəsilə saxtalaşdırılacağı indidən bəllidir. İrəvan bilə-bilə ki, Azərbaycandan kimsə MDB müşahidə missiyasına qatılmayacaq, belə bir dəvəti bizə də göndəriblər. Bununla özlərini “sülhpərvər” göstərmək istəyirlər. Nə vaxt ki, işğala son qoyular, onlar bizim, biz də onların seçkilərini müşahidə edərik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.