Avropanın Türkiyə nifrəti tarixçi deputat və xalq şairinin gözündə...

5-04-2017, 09:25           
Avropanın Türkiyə nifrəti tarixçi deputat və xalq şairinin gözündə...
Musa Qasımlı: “İyrənc siyasətin qarşısında dayana bilən ölkə yalnız Türkiyədir”; Sabir Rüstəmxanlı: “Avropa ilə Türkiyə arasında Çin səddi çəkmək olmaz”


Tarix boyu olduğu kimi, indinin özündə də Avropa ölkələrinin Türkiyəyə qarşı məkrli siyasət yürütdüklərinin şahidi olmaqdayıq. Qardaş ölkəni sıradan çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. Hətta bir-biriləri ilə münasibətləri soyuq olan dövlətlər görmüşük ki, məsələ Türkiyə olduğu zaman birlikdə addım atıblar.


Bir müsəlman ölkəsinə qarşı bu qədər kin-küdurətin, nifrətin yüksək olması ilə bağlı ən müxtəlif fikirlər var. Əksəriyyət belə düşünür ki, Qərb dünyasının anti-Türkiyə siyasətlərinin əsas səbəbi indiki Türkiyə Cümhuriyyətinin varisi olduğu Osmanlı İmperatorluğunun vaxtilə dünyanın böyük bir hissəsini əsarət altına almasıdır. Xristian dünyasının ikinci bir Osmanlı İmperiyası gücündə türk dövlətinin mövcudluğundan qorxduqları, qıcıqlandıqları üçün bu cür siyasət apardıqları vurğulanır. Təkcə son bir ayda Avropanın qabaqcıl Almaniya, Hollandiya kimi ölkələrinin Türkiyədəki referendumu bəhanə edərək, qardaş ölkə ilə bağlı atdıqları addımları xatırlamaq kifayət edər.


Tarixçi professor, deputat Musa Qasımlı deyilənlərlə razılaşmır. O hesab edir ki, Türkiyəyə qarşı nifrət hissinin Avropa ölkələrində bütün əhalini əhatə etməsinə dair fikirlər əslində düzgün deyil: “Məlum nifrəti müəyyən qüvvələr, dairələr məqsədyönlü şəkildə qızışdırırlar. Çünki onlar Türkiyənin güclü olmasında maraqlı deyillər. Belə antitürk mövqenin tutulmasının da tarixi kökləri və müasir siyasi səbəbləri var. Uzun əsrlər boyu Osmanlı Türkiyəsi üç qitədə hakimiyyətini sürdürərək dünyanın fövqəlgüc dövlətlərindən biri olub, hakimiyyəti altında olan xalqları irqi, dini mənsubiyyətindən asılı olmayaraq ədalətlə idarə edib. Xalqlar Osmanlı hakimiyyəti altında daim hüzur içərisində yaşayıblar. Osmanlı dövləti Şərq xalqlarını Qərbin müstəmləkə zülmündən qoruyub, Qərbin bəzi imperiyalarının Şərqdə hökmranlığına son qoyulmasında, Şərq xalqlarının azadlığa çıxmasında müstəsna rol oynayıb. Qərbin bəzi ölkələri və dairələri bu tarixi unuda bilmirlər”.


Tarixçi alim zamanı gələndə Avropa ölkələrinin Türkiyə siyasətlərinin səhv olduqlarını görəcəklərini düşünür: “Müasir siyasət baxımından yanaşdıqda indi dünyada zəngin təbii sərvətləri, strateji mövqeləri ələ keçirmək uğrunda açıq-aşkar müharibə gedir. Bu məqsədlərinə çatmaq naminə Qərbin bəzi dövlətləri müsəlman ölkələrində müəyyən qrup və təbəqələrin cahilliyindən istifadə edərək onları zəiflətmək, parçalamaq, dövlətçiklər qurmaq üçün ərazilərində münaqişələr, terror aktları törədirlər, məzhəbçiliyi yayırlar. Bu, mahiyyətinə görə Qərbin bəzi dövlətlərinin yeni müstəmləkəçilik siyasətidir. Xalqlara bədbəxtliklər gətirən belə iyrənc siyasətin qarşısında dayana bilən ölkə yalnız Türkiyədir. Türkiyənin hədəf seçilməsi əsasən bu amillə və bir də güclü şəxsiyyət amili ilə bağlıdır. Bu gün Türkiyə bir neçə on illərin Türkiyəsi deyil, daha da güclüdür. Güclü Türkiyə isə Qərbin bəzi dairələrinə lazım deyil. Onlar Türkiyəni zəif və idarəolunan görmək istəyirlər. Çünki Türkiyə bəzi güclərin və problemlərin qarşısında bufer rolunu oynayaraq Avropa dövlətlərini bir çox təhlükələrdən qoruyur. Bir gün Avropa ölkələri gözlərini açacaqlar və görəcəklər ki, onların Türkiyə siyasəti səhvdir və özləri ziyan görürlər”.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Birinci Dünya müharibəsində tutulan səhv mövqenin osmanlıların süqutu ilə nəticələndiyini və Türkiyənin bölünmə təhlükəsi ilə üzləşdiyini bildirdi: “Türkiyəyə yalnız İslam ölkəsi kimi baxmaq olmaz. Dövlətin bir hissəsi Avropada, bir hissəsi də Asiyadadır. Öz yaşamına, mədəni səviyyəsinə, sivilizasiyasına görə heç də Avropadan fərqlənmir. Avropa ilə Türkiyə arasında Çin səddi çəkmək olmaz. Türkiyənin Avropa ilə yaxınlaşması təxminən 200 ilə yaxın müddət başlayan prosesdir. O zamanlar getdikcə Osmanlı Avropadan geri qalırdı, bunun üçün bəzi dəyişikliklər aparıldı. Sonralar Türkiyə daxilindəki qarşıdurmalar, I Dünya müharibəsində tutulan səhv mövqe Osmanlının süqutuna doğru apardı. Həmin vaxtlar çox gözəl, strateji ərazilər itirildi. Milyonlarla insan həmin ərazilərdən Türkiyəyə qayıtdılar. Faktiki həmin vaxt Avropa qardaş ölkəni parçalamaq istəsə də, çıxılmaz vəziyyətdən Türkiyəni Atatürk çıxardı. XX əsrin bəlkə də ən dahi şəxsiyyəti o oldu. Bu gün Türkiyənin ən böyük problemi onun qoyduğu xəttin uğurlu şəkildə həyata keçirilməməsidir. Atatürk xətti Avropanı heyrətə salırdı. O xəttin qarşısında Türkiyəni sevməyən ölkələr də baş əyməli olurdular. Sonralar bu xətdən yayınmalar bu cür problemlərə gətirib çıxardı. Avropa Türkiyənin Osmanlı İmperiyasının yerində qurulduğunu yaxşı bilirdi, amma Atatürkün demokratiya sistemi nifrətin qarşısını alırdı. Çünki o zamanlar dəyərlərinə, idarəçilik sisteminə görə Türkiyə Avropadan geri qalmırdı. Amma indi dini siyasətə qatırlar. Konstitusiya dəyişikliyi adı altında tək hakimiyyətlilik yolu ilə demokratiyaya kölgə salırlar. Bu zaman isə Avropanın əlinə bəhanə verilir. Açığı, Türkiyənin Avropaya üz tutmasının əleyhinə hər zaman olmuşam. 1988-ci ildə Türkiyədə olarkən müsahibəmdə demişdim ki, Türkiyə üzünü Avropaya deyil, Şərqə tərəf çevirməlidir”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.