Mehriban Əliyevanın erməni analarına müraciəti təqdir edilir

5-04-2017, 09:44           
Mehriban Əliyevanın erməni analarına müraciəti təqdir edilir
Tənzilə Rüstəmxanlı: “Mehriban xanım çox humanist və yerində olan bir addım atıb”; Novella Cəfəroğlu: “Bu, tam uyğun olan müraciətdir”


Azərbaycanın birinci vitse-prezidenti, “Heydər Əliyev” Fondunun prezidenti Mehriban Əliyeva aprelin 3-də ötən ilin bu günlərindəki 4 günlük savaşda yaralanan bir qrup əsgər və zabitlə görüşüb. Görüşdə yekun çıxışında ordumuzun qüdrətindən, torpaqlarımızın tezliklə azad olunacağından, Azərbaycan xalqının birliyindən danışan Mehriban xanım erməni analarına müraciət edib.


M.Əliyevanın müraciəti böyük müzakirələrə səbəb olmaqla yanaşı, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. I vitse-prezidentin bu müraciətinin müsbət nəticələrinin olacağına ümidlər çoxdur. Xüsusilə müraciətin tam zamanında edildiyi vurğulanır.


Ölkənin ikinci şəxsinin müraciətində bu sözlər yer alır: “Azərbaycan əsgərləri, oğulları öz vətəni uğurunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban verirlər. Onların mübarizəsi haqq mübarizəsidir. Erməni əsgərinin nə işi var Azərbaycan torpağında? Münaqişənin və itkilərin səbəbi erməni əsgərlərin Azərbaycan torpağında olmasıdır. Erməni analarına üz tutub söyləmək istəyirəm ki, qoymayın öz övladlarınız işğal siyasətinin qurbanları olsunlar, dəstək verməyin işğal siyasətinə. Bunlara tezliklə son qoyulmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüquq normaları ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllini tapmalıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər. Ondan sonra regionda sülh bərpa olunacaq. Heç bir ana, nə azərbaycanlı, nə də erməni anası oğlunun məzarında göz yaşını tökməyəcək”.


Tanınmış azərbaycanlı xanımların M.Əliyevanın müraciətinə mövqelərini öyrəndik.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yollarından biri də bu cür müraciətlərdir: “Çox düzgün bir müraciətdir, çox da normaldır. İllər öncə Brüsseldə Novella Cəfəroğlu ilə bir tədbirdə erməni analarını görmüşük. Bir ana kimi ümid edirəm ki, erməni qadınları Mehriban xanımın müraciətinə diqqət edəcəklər. Bir ana üçün öz övladının başqasının torpağında başqa-başqa insanların ölümünə bais olub, onların analarını gözüyaşlı qoymaq çox ağırdır. Ən azından dövlətlərinin apardığı işğalçılıq siyasətinə dur demək üçün hərəkətə keçməlidirlər. Bu müraciətin bəhrə verəcəyinə ümid edirəm. Əgər erməni anaları övladlarının boş-boşuna ölməyini istəmirlərsə, etirazlarını bildirməlidirlər. Bu müraciətin hansı nəticələr verəcəyini yəqin ki, qısa zamanda görəcəyik. Amma hər halda, Mehriban xanım çox humanist və yerində olan bir addım atıb. Müraciətin ermənilərin qat-qat çox itki verdikləri 4 günlük aprel savaşının bir illiyinə təsadüf etməsinin də müsbət tərəfləri var. Çünki o savaşlarda və ondan sonra erməni tərəfin böyük itkilər verdiyi hər kəsə məlumdur. Bu savaşdan sonra ermənilər münaqişənin sülh yolu ilə həllini anladılar, onu da başa düşdülər ki, ruslar arxalarından çəkilsələr, iki günə ordumuzun qarşısında duruş gətirə bilməzlər. Aprel döyüşləri göstərdi ki, Azərbaycan hər şeyə hazırdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Mehriban xanımın müraciətində dünyaya bir mesajın verildiyini qeyd etdi: “Dünyaya mesaj verilir ki, analar birləşib, bu münaqişəyə son qoya bilərlər, torpaqlarımız da azad olunar. Yəni Mehriban xanım müharibə istəmədiyimizi söylədi. Bildirildi ki, bizlər erməni analarının övladlarının ölməsini istəmirik. Baxmayaraq ki, torpaqları işğal olunan bizlərik, amma yenə sülh çağırışları edirik. Bu müraciət tam uyğun bir müraciətdir və yerinə düşür. Seçkilərdə uduzmasına baxmayaraq, Levon Ter-Petrosyan da bir daha bildirdi ki, torpaqlar geri qaytarılmalı, insanlar həyatlarını itirməməlidirlər”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.