Yenilənməş siyasi məhbus siyahısı açıqlandı

11-04-2017, 09:04           
Yenilənməş siyasi məhbus siyahısı açıqlandı
Aprelin 10-da Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup ölkədə siyasi məhbuslarla bağlı son yenilənmiş siyahını açıqlayıb. İşçi Qrup aprelin əvvəllərinə olan müraciətləri araşdıraraq belə siyahı tərtib edib.
147 NƏFƏR
Məlumatda deyilir:
"Siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan Siyasi məhbuslar bölməsindəki şəxslərin sayı, 97-si inanclı fəal, 11-i siyasi və ictimai fəal, 11-i sosial etirazlarla bağlı həbs olunan, 10-u Səid Dadaşbəylinin qrupuna daxil olan, 7-si jurnalist və blogger, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 3-ü siyasi girov, 2-si şair və yazar, 2-si keçmiş məmur, 1-i hüquq müdafiəçisi olmaqla 147 nəfərdir. Həbslərinin siyasi motivli olması barədə ehtimalların olmasına baxmayaraq, əlavə məlumatlara və araşdırmalara ehtiyac olduğu üçün İşçi Qrup 6 məhbusun adını İşləri monitorinq altında olanlar bölməsinə daxil edib".
AZADLIĞA ÇIXAN 8 NƏFƏR

Məlumatda bildirilir ki, azadlığa çıxdıqları üçün siyahıdan 8 nəfərin adı çıxarılıb.

"İşçi Qrupun öncə siyasi məhbus kimi tanıdığı və ölkə Prezidentinin mart ayında imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılmış 4 (siyasi fəal Elvin Abdullayev, bloger Əbdül Əbilov, jurnalist Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zahidovlar), cəzaları bitdiyi üçün 3 (Prezident Qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, jurnalist Araz Quliyevlə birgə həbs edilən inanclı fəallar Nicat Əliyev və Namiq Kişiyev), səhhətinə görə məhkəmə qərarı ilə 1 (siyasi fəal Zeynalabdin Bağırzadə) məhbus olmaqla 8 nəfərin adı isə yenilənmiş Siyahıdan çıxarılıb"
İşçi Qrup vurğulayır ki, vahid siyahının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.
SİYAHI NECƏ TƏRTİB OLUNUR
Yenilənmiş Siyahı İşçi Qrupuna kütləvi informasiya vasitələrindən, ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və yaxınlarından daxil olan məlumatlar və sənədlər, məhkəmə proseslərinin monitorinqi əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib edilib. Həbsin siyasi motivli olması həbs barədə məhkəmə qərarlarından, o cümlədən hüquq-mühafizə orqanlarının bəyanatlarından, dövlət rəsmilərinin çıxışlarından aşkar göründüyü halda, İşçi Qrupun mahiyyət üzrə məhkəmə qərarlarını gözləmədən də şəxsin siyasi məhbus sayılması barədə qərar qəbul etdiyi hallar da olur.
HAKİMİYYƏT İNKAR EDİR
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını və tərtib olunan siyahının da şişirdilmiş siyahı olduğunu bəyan edir. Hakimiyyət bildirir ki, siyasi məhbus kimi təqdim edilən şəxslər hər biri törətdiyi cinayət əməlinə görə həbsdədir.
İŞÇİ QRUP İSƏ...
İşçi Qrup isə hökumətin yanaşması ilə razı deyil.
"Qrup ölkədəki siyasi məhbusların sayının süni olaraq şişirdilməsi barədə irad və ittihamları qəbul etmir və bir daha vurğulayır ki, bütün hallarda şəxsin siyasi məhbus sayılması barədə qərar verərəkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanır. İradlar varsa da, onlar siyahı müəlliflərinə yox, baxışlarına görə insanları həbsə atan hakimiyyətə yönəlməlidir. Qrup həmçinin təəssüflə vurğulamağı vacib sayır ki, ölkədə siyasi məhbusların sayının qat-qat çox olduğu fikrini bölüşür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.