Rusiya-ABŞ savaşı isti fazaya keçsə... – Ekspert
13-04-2017, 10:39

usiya və ABŞ arasındakı soyuq mübaribə isti fazaya keçə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert ABŞ və Qərbin Yaxın Şərq layihəsini ərəb baharından başlayan və indiyə qədər davam edən bir proses kimi gördüyünü bildirib:
“Bu gün istər İraqda, istərsə də Suriyada gedən proseslərdə Qərbin və Rusiyanın özəl maraqları var. Qərbyönlü ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və digər dövlətlər də öz maraqları baxımından terror təşkilatı və dini radikal qruplaşmaları nəzarətdə saxlayaraq, onlardan vasitə kimi istifadə edirlər. Bu dövlətlərin istər Astana, istərsə də Vyanada toplaşmalarına baxmayaraq, sözügedən regionda sülh bərqərar olmur. Mosulda gedən proseslər artıq bir ilə yaxındır ki, sona çatmır. İndi də Suriyada kimyəvi silahları səbəb gətirərək müxtəlif əməliyyatlar davam etdirilir. Böyük güclər arasında nə qədər ki, gözəgörünməyən bölgü həll olunmayıb, heç bir dövlət Yaxın Şərqdəki marağından əl çəkməyəcək. Ona görə də Suriya məsələsi həll olunan deyil. Hətta Rusiya və ABŞ arasında soyuq mübaribə isti fazaya keçə, Suriya Əfqanıstana çevrilə bilər”.
Qeyd edək ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.
ABŞ-ın bu addımı bir sıra Qərb ölkələri tərəfindən dəstəklənsə də, İran və Rusiya tərəfindən qəzəblə qarşılanıb.