AŞPA-da Azərbaycanla bağlı rüşvət qalmaqalı müzakirə olunacaq

24-04-2017, 07:55           
AŞPA-da Azərbaycanla bağlı rüşvət qalmaqalı müzakirə olunacaq
Almaniyalı deputat Ştrasserin Azərbaycanın siyasi məhbusları ilə bağlı hesabatının parlamentdən keçməsinin qarşısını almaq üçün italiyalı deputat Luka Volontenin 2 milyon 390 min avro rüşvət aldığına dair İtaliya prokurorluğunun istintaqı davam edir. Almaniyanın “Der Tagesspiegel” gündəlik qəzeti bunu “Avropa Şurasının tarixində ən böyük korrupsiya skandalı” adlandırıb.
Gələn həftə – aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərinin Strasburq görüşlərində bu məsələnin müzakirə olunacağı gözlənilir.
Martın əvvəlində AŞPA-nın baş katibi Wojciech Sawicki mümkün korrupsiya faktı ilə bağlı qurumdan kənar istintaqın yaradılması təklifini verib. Avropa Stabillik Təşəbbüsünün (ESI) direktoru Gerald Knaus AŞPA üzvlərinə məktub yazaraq onlardan Sawicki-nin bu təklifini dəstəkləməyi istəyib. O, məktubunda Azərbaycanın illərdir “Kürü diplomatiyası” ilə AŞPA-nın üzvlərini ələ almaq cəhdlərindən bəhs edib. Knaus həm də qeyd edib ki, AŞPA məsələ ilə bağlı qətiyyətli addımlar atmalıdır.
24 apreldə həmçinin Hollandiyalı deputat Pieter Omtzigt və almaniyalı deputat Frank Schwabe-nin təşkilatçılığı, “Amnesty İnternational” Avropa və Mərkəzi Asiya direktoru John Dalhuisen və Avropa Stabillik Təşəbbüsünün (ESİ) direktoru Gerald Knaus-un spikerliyi ilə Avropa Şurasının binasında “AŞPA-da korrupsiya ittihamları və şəffaflıq” mövzusunda paralel tədbir keçiriləcək. Tədbirdə Azərbaycanın daxil olduğu rüşvət skandalı geniş müzakirə ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.