“Böyük və güclü sayılan bəzi saytlar reketliklə elə formada məşğul olurlar ki…”

26-04-2017, 08:26           

Fazil Mustafa: ““Reket” jurnalistikaya qarşı Mübarizə Komissiyasına hüquq-mühafizə orqanlarının qatılması həqiqətən də maraqlı bir durum yaradır”

Çingiz Özgür: “Bu gün böyük və güclü sayılan bəzi saytlar reketliklə elə formada məşğul olurlar ki, onların etdiklərinin yanında gedib haradansa və kimdənsə 3-5 manat “çörəkpulu” istəyən jurnalistlər və saytlar “ toya” getməlidir”.

Heç kimə sirr deyil ki, mətbuatımızda “reket jurnalistika” deyilən xoşagəlməz tendensiya mövcuddur. “Reket jurnalistika”nın mediaya aidiyyəti olmasa da, bəzi insanlar “reket jurnalistikası”nı pul qazanmağın əlverişli yolu kimi qəbul edir və bu şəkildə ciblərini doldurmağa çalışırlar. Mövcud tendensiyada jurnalistlərin, bütövlükdə cəmiyyətin istəyi media məkanındakı bu cür neqativ halların aradan qaldırılmasından ibarətdir. Zaman-zaman “reket” nəşrlər və sayt rəhbərlərinə qarşı əməliyyatların keçirilməsinə baxmayaraq, bu neqativ halın qarşısını almaq mümkün olmur.

Son günlər isə “Reket jurnalistika”sına qarşı mübarizədə Mətbuat Şurası fərqli bir addıma cəhd edib. Belə ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb və sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Əflatun Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır. Mətbuat Şurası sədrinin sözlərinə görə: “Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.

Əflatun Amaşov bildirib ki, elə məqam ola bilər ki, hansısa qurum, hansısa təşkilat mətbuat orqanını, jurnalisti ittiham edir. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin o jurnalistlə bağlılığı, jurnalistlərə pul veribmi, verməyibmi – bunlar hamısı gün işığına çıxarılacaq. Yəni komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır. Əgər Mətbuat Şurasına reketçiliklə bağlı şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların nümayəndələri də dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. Komissiyada internet medianı Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı təmsil edəcək. O media ilə bağlı şikayətlərin obyektiv şəkildə araşdırılmasında iştirak edəcək.

Hüquq-mühafizə orqanlarının Mətbuat Şurasının işində iştirakı KİV haqqında qanuna, konstitusiyanın normalarına, həmçinin ölkəmizin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliyə nə qədər uyğundur?

Mövzu iləbağlı PİA.AZ-ın əməkdaşı hazırladığı sorğuda mətbuatla əlaqəli şəxslərin və baş redaktorların fikirlərini öyrənib. Həmin sorğunu oxucularımıza təqdim edirik:
“Böyük və güclü sayılan bəzi saytlar reketliklə elə formada məşğul olurlar ki…”
Fazil Mustafa: “Mətbuat Şurasının hüquq-mühafizə orqanları ilə irlikdə təmsil olunması doğru bir format deyil”.

“Reket” jurnalistikasına qarşı mübarizədə hüquq-mühafizə orqanlarının Mətbuat Şurasının işinə qarışmasının düzgün olmadığını bildirən deputat Fazil Mustafaya görə,bu qərar maraqlı bir duruma şərait yaradır:

““Reket” jurnalistikaya qarşı Mübarizə Komissiyasına hüquq-mühafizə orqanlarının qatılması həqiqətən də maraqlı bir durum yaradır. Mətbuat Şurasının araşdırdığı materialları və gəldiyi nəticələri həmin orqanlar ciddi şəkildə diqqətə alarlarsa, əslində bu kifayət edər. Fikrimcə, Mətbuat Şurasının hüquq-mühafizə orqanları ilə birlikdə təmsil olunması doğru bir format deyil”.

Çingiz Özgür: “Mətbuat Şurası hansı formada mübarizə yolunu seçirsə, seçsin. Yetər ki, bu yolda səmimi olsun”.

“Skrom.net” saytının baş redaktoru Çingiz Özgür(Əliyev) istənilən halda “reket” jurnalistikaya qarşı mübarizəni dəstəklədiyini bildirməklə yanaşı, bu mübarizədə düzgünlük və səmimiyyətin vacibliyini qeyd edib: “Mən bütün hallarda reket jurnalistika ilə mübarizəni dəstəkləyirəm. Mətbuat Şurası hansı formada mübarizə yolunu seçirsə, seçsin. Yetər ki, bu yolda səmimi olsunlar. Öncəliklə “reket” jurnalistika və “reket” sayt deyəndə konkret olaraq nəyin nəzərdə tutulduğu müəyyənləşdirilməlidir. Bu gün böyük və güclü sayılan bəzi saytlar reketliklə elə formada məşğul olurlar ki, onların etdiklərinin yanında gedib haradansa və kimdənsə 3-5 manat “çörəkpulu” istəyən jurnalistlər və saytlar “ toya” getməlidir. Hətta bu güclü və böyük sayılan saytlardan Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da çəkinir. İndi siz mənə deyin: reket kimdir? Əgər bu sualın cavabı konkret olaraq müəyyənləşibsə, mən o zaman həmin reketlərlə hansı formada mübarizə aparmağın lazım olduğunu deyim”.

Ələsgər Məmmədli: “Mətbuat Şurası öz daxili komissiyasına dövlət qurumlarını necə salıb və dövlət qurumu hansı əsasla o komissiyada iştirak edir?!”.

Mətbuat Şurasının qərarının doğru addım olmadığını qeyd edən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin fikrincə, Mətbuat Şurası ilə hüquq-mühafizə orqanları birgə komissiya yarada bilərlər, ancaq dövlət qurumunun ictimai qurumun yaratdığı komissiyanın tərkibinə daxil edilməsi “reket jurnalistika”ya qarşı mübarizədə əsaslı addım sayılmır:

“Fikrimcə, məsələnin mahiyyəti bir qədər fərqlidir. Ancaq bilmirəm yayılan informasiyalar nə dərəcədə doğrudur. Öncəliklə, Mətbuat Şurası ictimai qurumdur və bu ictimai qurumun üzvləri var. Bu ictimai qurum nizamnamə ilə idarə olunur. Qurumun nizamnaməsinə görə, onun fəaliyyətinə üzvlər cəlb olunur. Daxili İşlər Nazirliyi və ya hansısa güc strukturları Mətbuat Şurasının üzvü deyil ki, onun komissiyasına iştirak etsinlər. Bu, yanlış yanaşmadır. Ortaq komissiya qurula bilər. Məsələn, Mətbuat Şurası ilə dövlət qurumları birgə komissiya yaratsınlar. Ancaq bu Mətbuat Şurasının etik komissiyası olmayacaq. İndiki halda Mətbuat Şurası öz daxili komissiyasına dövlət qurumunun tərkibini necə salıb və dövlət qurumu hansı əsasla o komissiyada iştirak edir?! Bu, mənə aydın olmayan məsələdir. Çünki hüquqi baxımdan bu mümkün deyil. Bu baxımdan birgə komissiya yaradılsa, daha məqsədəuyğun olardı. Yəni, Mətbuat Şurası görsə ki, doğrudan da mediada hüquq pozuntuları çoxalıb, o zaman dövlətdən ortaq komissiya yaradılması barədə xahiş edə bilərdi. Beləliklə,həm jurnalistlərin problemlərini, həm də jurnalistlərdən yaranan problemləri həll edə bilərlər. Ancaq belə bir təşəbbüs ortada yoxdur.

Mən düşünmürəm ki, Mətbuat Şurasının işinə hüquq-mühafizə orqanlarının qarışması barədə informasiya düzgün çatdırılıb. Ola bilsin ki, Mətbuat Şurasına daxil olan hansısa şikayətdə etik deyil, cinayət əməli ehtimalı və ya iddiası olsun. Bu hal hüquq müstəvisində araşdırılmalıdır. Lakin bu hüquq-mühafizə orqanının Mətbuat Şurasının komissiyasına əlavə edilməsi anlamında deyil. Hüquq-mühafizə orqanının ictimai qurumun komissiyasına əlavə edilməsi mümkün deyil”.

Azər Qaramanlı: “Dövlət o zaman dövlət olur ki, hər zaman zor tətbiq etmək və cəza vermək monopoliyasını özündə saxlayır. Hazırkı durumda isə, sanki ictimai təşkilat dövlətin bu monopoliyasına şərik olur”.

Mətbuat Şurasının komissiyasında dövlətin hüquq-mühafizə orqanlarının nümayəndələrinin təmsil olunması heç də qanunvericiliyə və konstitusiya tələblərinə uyğun olmadığını vurğulayan PİA.AZ saytının baş redaktoru Azər Qaramanlı hesab edir ki, bu addım “reket” jurnalistikasına qarşı mübarizədə effektiv nəticə verməyəcək:

“Əslində bu addım alqışlanmalıdır. Mən əvvəllərdə dəfələrlə qeyd eləmişəm ki, Mətbuat Şurası şikayətlərə baxarkən, nəyin doğru, nəyin yalan, ya da böhtan olduğunu təyin etmək imkanına malik deyil. Çünki Mətbuat Şurasının hər hansı bir korrupsiya faktını rəsmi şəkildə araşdırmaq kimi imkanı yoxdur. Buna görə də mən Mətbuat Şurasının bir çox qərarlarını birtərəfli qərarlar kimi dəyərləndirirdim. Lakin indi belə çıxır ki, Mətbuat Şurasına daxil olan şikayətlər rəsmi şəkildə yoxlanılacaq. Mən Əflatun müəllimin bu fikirləri ilə tamamilə razıyam ki, kimin “doğru”, kimin “oğru” olduğu ortaya çıxarılmalıdır. Ancaq “doğru” və “oğru”nu düzgün təyin etməklə, cəmiyyətdə müəyyən şəffaflığa nail olmaq mümkündür və hesab edirəm ki, bu addım hər şeydən əvvəl cəmiyyətdə şəffaflığın yaranmasına təkan verəcək. Əsas məsələ odur ki, şəffaflığın yaradılması üçün istək olsun. Mən çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə şəffaflığın yaradılması ilə bağlı istək çox kiçikdir və bu istək heç də şəffaflığı yaratmaq üçün yetərli deyil.

Bir şeyi də qeyd etmək istərdim ki, bu gün Azərbaycanda adını belə yaza bilməyən “baş redaktorlar” sözün həqiqi mənasında at oynadırlar. Onlar on deyil, onlarladır. Bəlkə də yüzlərlə… Və bu adamlar özlərini cəmiyyətə jurnalist kimi təqdim edəndə doğrudan ayıb olur. Təbii ki, buna da bir nizam vermək lazımdır. Lakin məsələnin problemli və fəsadlı tərəfi başqadır. Məlumdur ki, Mətbuat Şurası jurnalistlərin yaratdığı ictimai təşkilatdır və bu təşkilat dövlət qurumu deyil. Bir ictimai təşkilatın, həm də mətbuatla bağlı ictimai təşkilatın komissiyasında dövlətin hüquq-mühafizə orqanlarının nümayəndələrinin təmsil olunması heç də qanunvericiliyə və konstitusiya tələblərinə uyğun deyil. Və açığı deyim ki, bu beynəlxalq təşkilatlar tərəfindən azad sözə təzyiq vasitəsi kimi qiymətləndiriləcək. Çünki bu halda dolayısı ilə olsa belə, Mətbuat Şurası birbaşa dövlətin cəza orqanı kimi meydana çıxır.

Dövlət o zaman dövlət olur ki, hər zaman zor tətbiq etmək və cəza vermək monopoliyasını özündə saxlayır. Bu monopoliyaya heç kəsi və dövlətdən kənar heç bir qurumu şərik etmir. Dövlət yaranan gün bu prinsiplə yaranıb və müasir hüquqi dövlət anlayışı da bu fəlsəfə üzərində təşəkkül tapıb. Hazırkı durumda isə sanki Mətbuat Şurası dövlətin zor tətbiq etmək və cəza vermək monopoliyasına şərik olur. Halbuki Mətbuat Şurası yuxarıda qeyd etdiyim kimi, ictimai təşkilatdır. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin bu ictimai təşkilatın komissiyasında çalışması həm dövlətin, həm də bir ictimai təşkilatın xarakterinə ziddir.

Yaxşı olardı ki, belə bir qurum Mətbuat Şurasından kənarda yaradılaydı və Mətbuat Şurası daxil olan şikayətləri araşdırmaq üçün həmin quruma yollayaydı və araşdırmanın nəticəsinə görə son qərar verəydi. Ya da heç bir quruma ehtiyac olmadan, Mətbuat Şurası daxil olan şikayəti aidiyyatına uyğun olaraq müəyyən hüquq-mühafizə orqanına yollayıb araşdırılmasını xahiş edə bilər. Məncə bu daha qanuna və konstitusiyanın tələblərinə daha uyğundur. Lakin bu zaman tərəflərin arqumentləri də diqqətlə və şəffaflıq prinsipi ilə araşdırılmalıdır. Burada başqa bir məsələ də məhkəmələrlə bağlıdır. KİV haqqında qanuna əsasən, mətbuatla bağlı bütün məsələlər ancaq məhkəmələrdə araşdırıla bilər. Ona görə də hazırkı vəziyyət eyni zamanda hüquqi presedentlər yaradacaq və anlaşılmazlıqlar meydana çıxacaq.

Fikrimcə, ən doğru yol yuxarıda göstərdiyim kimi, Mətbuat Şurası daxil olan şikayəti aidiyyatına uyğun olaraq müəyyən hüquq-mühafizə orqanına yollayıb araşdırılmasını xahiş etməlidir. Lakin bu araşdırmanın belə hər hansısa hüquqi gücü olmamalıdır və ola bilməz. Çünki qanunvericiliyə görə hüquqi prosedurlar məhkəmə qərarı ilə təsdiqlənir.

Bir şeyi də qeyd edim. Mən inanmıram ki, bu qərardan sonra məmurlar Mətbuat Şurasına şikayət etsinlər. Şikayətlər ola bilsin ki, ilkin dövrdə artsın. Hesab edirəm ki, şikayətlərin əsas hissəsi sifarişli olacaq. Lakin sonradan şikayətlərin kəskin şəkildə azalacağından əminəm. Çünki heç bir məmur mətbuatda gedən yazıya görə onun fəaliyyətinin DTX, DİN, Baş Prokurorlurluq tərəfindən yoxlanılmasını gözə almayacaq. Və bu üzdən də bir müddətdən sonra “reket”in gizli şəkildə daha da böyüyəcəyini düşünürəm”.

Zahir Əzəmət: “Məgər internet saytlarını haradasa media kimi qeydə alırlarmı? Biz adi MMC-lərik və Vergilər Nazirliyinə tabeyik”.

“Qaynar.info.az” saytının baş redaktoru Zahir Əzəmət Mətbuat Şurasının “reket” jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətlərini artırmasını müsbət qarşılamaqla yanaşı, bu cür addımın bir çox qurumlarda da həyata keçirilməsinin önəmli olduğunu bildirib:

“Fikrimcə, Mətbuat Şurası doğru yoldadır. Hətta bu istiqamətdə addımlarını daha da genişləndirsə, yaxşı olar. Məsələn, kənd bələdiyyələrini, məktəb direktorlarını, JEK müdirlərini, meşə idarələrini, su-melorasiya qurumlarını, pambıqçı və kolxozçuları da mütləq komissiyaya cəlb etməlidir. Hətta orada nə qədər az jurnalist təmsil olsa, o qədər yaxşıdır. Yoxsa gedib onlara da bir şəbədə qoşub yazı yazarlar. KİV haqqında qanunu isə tamamilə yersiz halda yada salınır. Məgər internet saytlarını haradasa media kimi qeydə alırlarmı? Biz adi MMC-lərik və Vergilər Nazirliyinə tabeyik”.


Rəfail Becanov: ““Reket” mətbuatla mübarizənin gücləndirilməsi ciddi mətbuatın xeyrinə olacaq”.

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanovun fikrincə, “reket” jurnalistikası ilə mübarizənin bu şəkildə aparılması ciddi mətbuatın fəaliyyətimə müsbət təsir göstərəcək:

“Mətbuat hər hansı faktı ictimaiyyətə çatdırırsa, ilk növbədə problemin həllində maraqlı olur. Bu problemləri kim həll edə bilər? Təbii ki, problemləri dövlət qurumları həll edə bilər. Ona görə də məsələyə digər aspektlərdən də baxmaq gərəkir. Bu mətbuatın xeyrinədirmi? Bu dövlət qurumlarına əlavə səlahiyyətlər verirmi? Mətbuat hər hansı bir faktı ictimailəşdirməkdə hansı məqsədi güdür? Əgər mətbuatın məqsədi faktın ictimailəşməsi, hansısa qanunsuzluğun aradan qaldırılmasıdırsa, onda komissiyanın tərkibinin genişlənməsini ümumi məsələnin əleyhinə hesab etməmək mümkündür.

Bu məsələdə digər mühüm məqam ondan ibarətdir ki, “reket” mətbuatla mübarizənin gücləndirilməsi ciddi mətbuatın xeyrinə olacaq. Bu proses “reket” mətbuatın ciddi mətbuatın nüfuzuna vurduğu ziyanı aradan qaldırmağa xidmət edə bilər. Digər tərəfdən, jurnalistlərin və mətbuatın qərəzli şəkildə günahlandırılmasının qarşısını almaq mümkündür. Yəni, şikayət edilibsə, bu müvafiq dövlət qurumları tərəfindən də araşdırılacaq və həqiqət ortaya çıxacaq. Fakt varmı, böhtandırmı, məqsədli və ya aldadıcı məlumatdırmı? Bütün bunlar araşdırılacaqsa, mətbuat həqiqəti yazdığı halda qarşı tərəfin özü üçün problemlər yaranacaq, mətbuat qərəzli ittihamdan kənarda qalacaq. Əgər mətbuatın həqiqəti yazmadığı, faktları təhrif etdiyi üzə çıxacaqsa, təbii ki, onda mətbuat orqanı ilə bağlı ölçü götürüləcək.

Komissiyanın tərkibinə dövlət qurumlarının nümayəndələrinin daxil edilməsi həm mətbuat orqanlarının, həm də şikayət edən tərəflərin məsuliyyətini artırmış olacaq. Hər iki tərəf məlumatın araşdırılacağını bildiyindən məsuliyyətsizlik etməyəcəklər. Ümid edirik ki, dövlət qurumlarının təmsilçilərinin də bu komissiyada təmsil olunması komissiyanın imkanlarını artıracaq”.

Məmməd Gülməmmədov: “Bu sahə alverçilərdən təmizlənməlidir”.

Mətbuat Şurasının “reket” jurnalistikaya qarşı mübarizəsinin davamlı olduğunu vurğulayan “Ölkə.az” saytının təsisçisi Məmməd Gülməmmədov hesab edir ki, MŞ sədri Əflatun Amaşovun son qərarı da təqdirəlayiqdir:

“”Reket jurnalistika” ilə mübarizə Mətbuat Şurasının həmişə diqqətində olan məsələ olub. Təsadüfi deyil ki, Şuranın tərkibində fəaliyyət göstərən müvafiq komissiya yaradıldığı gündən bu günədək bu səpgidə ciddi işlər görüb, “reket” mətbu orqanların siyahısını hazırlayıb və bu siyahı böyük əksəriyyət tərəfindən qəbul edilib. Ancaq bu neqativ halla mübarizədə Mətbuat Şurasının mövcud mübarizə gücü bir yerə qədər idi. Çünki hər hansı bir hüquqi qadağa qoymaq səlahiyyəti olmayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşovun son açıqlamasında qeyd edildiyi kimi, komissiyaya Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələrinin də daxil edilməsini müsbət qiymətləndirirəm. Çünki bu sahə alverçilərdən təmizlənməlidir. Düzdür, son vaxtlar DTX-nın “reket” jurnalistlərə qarşı bir neçə xüsusi əməliyyatının şahidi olmuşuq. Ancaq bu mübarizənin Mətbuat Şurasının çatısı altında edilməsi daha məqsədəuyğundur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.