“Zaxarovanın özünün səviyyəsi aşağıdır” – YAP-dan sərt CAVAB
28-04-2017, 21:10
“Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın hərəkəti dövlətlərarası münasibətdə yol verilməzdir”.
Bu sözləri BakiPost.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyasını şərh edərkən deyib.
O bildirib ki, Mariya Zaxarovanın bu hərəkəti həm insan mədəniyyətinə, həm də demokratiyaya daban-dabana ziddir: “Jurnalisti dinləmək, ona məzmunu üzrə cavab vermək əvəzinə, dost olan bir ölkə təhqir edilir, aşağılanır, həmçinin məsələnin mahiyyətindən qaçılmağa çalışılır.
Mətbuat nümayəndəsinin mətbuatı təhqir etməsi bu cavabı verən şəxsin özünün mədəni səviyyəsinin aşağı olduğunu göstərir”.
Deputat hesab edir ki, buna çox kəskin cavab olmalıdır: “Həm ictimai mövqedən, həm də dövlət səviyyəsində Mariya Zaxarovanın bu hərəkətinə cavab verilməlidir. İnanmaq istəyirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi ilə müvafiq danışıqlar aparır. Heç bir halda jurnalistin sualına belə kobud və aşağılayıcı cavab vermək olmaz. Mariya Zaxarova özü üçün bilməli idi ki, sual verən şəxs Rusiya ilə çox yaxın dost münasibətində olan bir ölkədəndir. Məsələnin mahiyyətindən qaçmaq, mətbuat katibinə yaraşmayan kobud ifadələrlə cavab vermək Rusiya Xarici İşlər Nazirliyinin imicinə böyük kölgə salır”.
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan tərəfinin müraciəti ilə Rusiya Xarici İşlər Nazirliyin artıq səlahiyyətli şəxsləri bu məsələyə aydınlıq gətirməlidir.