Bir qrup partiyadan Rusiya əleyhinə sərt bəyanat:"Azərbaycanı yenidən Rusiyanın təsirinə salma siyasəti aparılır"

29-04-2017, 11:06           
Bir qrup partiyadan Rusiya əleyhinə sərt bəyanat:"Azərbaycanı yenidən Rusiyanın təsirinə salma siyasəti aparılır"
Aprelin 28-də Azərbaycanın bir qrup siyasi partiyası ADP qərargahında toplaşaraq, 28 aprel rus işğalının nəticələrini müzakirə edib.

Strateq.az xəbər verir ki, ADP, AXP, AĞ partiya, Azadlıq, Böyük Azərbaycan və KXCP sədrlərinin iştirak etdiyi tədbirin yekununda siyasi partiyalar birgə bəyanat qəbul ediblər.

Bəyanatda deyilir:

“28 aprel 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən təkrar işğalı nəticəsində millətimizin adı dəyişdirilərək Türk kimliyindən məhrum edilmiş, əlifbanın iki dəfə dəyişdirilməsi ilə özünün islam və Türk tarixi irsindən məhrum edilmiş, yüz minlərlə Azərbaycan türkü öz yurdlarından deportasiya edilmiş, Azərbaycan əraziləri Rusiya və Gürcüstan tərəfindən işğal və ilhaq edilmiş və işğal edilmiş ərazilərdə erməni dövləti yaradılmış, Azərbaycanın tarixi-mədəni irsi məhv edilmiş, tarixi, maddi-mənəvi əsərləri Rusiyaya aparılmış, xalqımızın milli və dini dəyərləri ləğv edilmiş, adət-ənənələrinə yasaq qoyulmuş, yeraltı və yerüstü sərvətləri amansızlıqla talan edilmişdir.

Bundan əlavə, müxtəlif adlar altında repressiyalar həyata keçirməklə, milli elita məhv edilmiş, 1918-ci ilin martında və 1992-ci ilin 26 fevralında soyqırım törədilmiş və Qarabağ münaqişəsi yaratmaqla bu münaqişədə on minlərlə azərbaycanlının məhv olmasına, dövlətimizə milyardlarla maddi ziyan dəyməsinə, bir milyona yaxın qaçqın və köçkün düşməsinə, xalqımızda kölə psixologiyasının formalaşmasına cəhd göstərilmişdir”.

Bəyanatda daha sonra vurğulanır ki, Azərbaycanda mövcud olan hakimiyyət rus işğalının nəticələrinin aradan qaldırılması yolunda heç-bir hüquqi addımlar atmamış, əksinə, müstəqilik dövründə Azərbaycanı yenidən Rusiyanın təsiri altına salma siyasəti aparılmışdır: “Heç bir ehtiyac olmadan yüzlərlə rusdilli məktəblərin yaradılması, hakimiyyət elitasının məişətdə rus dilindən istifadə etmələri və hakimiyyətin təşkil olunmasında qarışıq ailələrə üstünlük verilməsi, hakimiyyət nümayəndələrinin rəsmi Rusiyanın dövlət orden və medallari ilə təltif edilməsi bu siyasətin göstəricisi kimi qiymətləndrilir”.

Müzakirədə iştirak edən siyasi partiyalar bəyanatlarında vurğulayırlar ki, xalq arasında dövlətçilik şüurunun formalaşdrılmaması və vətəndaşlıq insititunun möhkəmləndirilməməsi, ölkədə aparılan ağır sosial-iqtisadi siyasət nəticəsində vətəndaşlarda yad təsirlərə müqavimət hissi məhv edilib və bu, ölkədə işğal təhlükəsinin artdığının bariz nümunəsi sayılmalıdır.

İşğalın nəticələrini müzakirə edən partiyalar, son illər Rusiyanın Azərbaycanı öz təsirinə salmaq istiqamətində cəhdlərini və Azərbaycana iqtisadi, hərbi və diplomatik təzyiqlərini artırdığını qeyd edərək, xalqı bu siyasətə qarşı ayıq-sayıq olmağa, ölkənin müstəqilliyini və suverenliyini müdafiə etməyə çağırıb.

Bəyanatın sonunda partiyalar hakimiyyəti rus işğalının nəticələrinin aradan qaldırılması ilə bağlı beynəlxalq hüquqa uyğun tələb olunan zəruri hüquqi-siyasi addımlar atmağa səsləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.