Dünyanın diqqəti Soçidə - Ərdoğanla Putin görüşündən sonra nələr olacaq?

3-05-2017, 14:34           

"Soçidə Ərdoğanla Putinin görüşündə çox mürəkkəb bir gündəlik olacaq. Çünki son zamanlar Rusiya yenə də Ankaranın yeritdiyi siyasətdən müəyyən şübhələr keçirməyə başlayıb”.

Bu sözləriBakıPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin keçiriləcək görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya yenə də əvvəlki siyasətini əlaltından həyata keçirir:"Xüsusilə də Rusiya Ankaranın Suriya kürdlərinə qarşı apardığı hərbi əməliyyatı pisləyib. Üstəlik də söz vermişdilər ki, guya Suriya kürdlərinin Moskvada açılmış nümayəndəliyini bağlayacaqlar. Amma bunu etmədilər.

Həmçinin Türkiyədən gələn kənd təsərrüfatı məhsullarının heç də hamısı Rusiya bazarlarına buraxılmır. Guya barışdılar, guya aralarında olan inciklikləri unutdular. Amma Rusiya yenə də əlaltından əvvəlki siyasətini yeritməkdə davam edir”.

Qabil Hüseynli bildirib ki, bir çox məsələlərdə Türkiyə ilə Rusiyanın bir araya gəlməsi asan olmayacaq: "Suriya məsələsində problemlər hələ də bitməyib. Suriya azadlıq ordusu məsələsinə olan münasibətdə Ankara və Rusiya mövqelərində kəskin fərqlər var. Yaxın vaxtlarda isə Amerika ordusu Suriyada Rakka üzərindən hücum hazırlamalıdır. Belə ehtimallar da var ki, bu hücumlarda Türkiyə ordusu da iştirak edəcək. Bu da Rusiya tərəfindən normal qarşılanmır. Yəni ciddi fikri ayrılıqları doğuran və müzakirəsinə ehtiyac olan xeyli məsələlər var ki, onlarda ortaq məxrəcə gəlmək o qədər də asan olmayacaq.

Ərdoğan Putinlə görüşdükdən sonra Vaşinqtona gedib Amerika prezidenti ilə görüşəcək. Ondan sonra hansısa nəticələrə gəlmək mümkün olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.