Suriya müxalifəti Qazaxıstan danışıqlarından imtina edir –Rusiya planı baş tutacaqmı?

4-05-2017, 09:19           

uriyada prezident Bəşər Əsədə müxalif olan qüvvələr mayın 3-də bəyan ediblər ki, Qazaxıstan paytaxtı Asatanada keçirilən danışıqlarda iştirakdan imtina edirlər.

Onlar eyni zamanda Əsəd qüvvələrinin bombardmanlarına son qoyulmasını tələb ediblər.

AzadlıqRadiosu xəbər verir ki, Suriya Milli Şurasının (SMŞ) sözçüsü Əhməd Ramadan, Rusiya, Türkiyə və İran tərəfindən təşkil edilən bu danışıqların mayın 4-də keçiriləcək növbəti dövrəsinin ərəfəsində cəmi bir cümlədən ibarət bəyanat verib: "Nümayəndə heyəti hökumət bombardmanlarının durdurulması tələbi ilə danışıqlarda iştirakını dayandırır”.

Lakin Ramadan əlavə edib ki, müxalifətin nümayəndə heyəti Astanada qalaraq dekabrda elan edilmiş atəşkəsin pozulması hallarını müzakirə etməkdə davam edəcək.

BMT-nin Suriyadakı xüsusi elçisi Stefan de Mistura və Rusiya səfiri Aleksandr Lavrentyev müxalifət nümayəndə heyətini mayın 4-də keçriiləcək danışıqlar dövrəsinə qatılmağa çağırıblar.



Rusiya planı



AzadlıqRadiosu xəbər verir ki, Suriyaya dair Rusiya planı prezidentlər Vladimir Putin və Rəcəp Tayyip Ərdoğanın mayın 3-də Soçidə keçirdikləri görüşdə müzakirə olunub.

Lavrentyev deyib ki, bu plan silahlı müxalifət qruplaşmalarının yerləşdirilməsi üçün dörd zonanın yaradılmasını nəzərdə tutur. Onlar bu zonalarda qarant ölkələrin dəstəyi ilə terrorçu təşkilatlara qarşı vuruşmalıdırlar.

Lavrentyev bildirib ki, bu plan ən mühüm dolaşıqlığı aradan qaldıracaq. Belə ki, indi mötədil müxalifəti terrorçu təşkilatlardan ayırmaq mümkün olacaq və silahlı müxalifətlə Suriya hökumət qoşunları arasındakı qarşıdurmanın gərginliyi bir xeyli azalacaq.

Diplomat deyib ki, planın təfərrüatları barədə bundan artıq məlumat verə bilməyəcək, çünki sənəd hazırda tərəflər arasında müzakirə olunur və razılıq əldə olunarsa, mayın 4-də Astanadakı görüşdə qəbul ediləcək.

Ramadan "Associated Press" agentliyinə deyib ki, müxalifət təhlükəsiz zonalar barədə təklifi mayın 3-də təqdim edilmiş formasında qəbul edə bilməz.

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin mayın 2-də etdikləri telefon söhbətində təhlükəsizlik zonaları məsələsini də müzakirə ediblər.

Trampın bu plana münasibəti barədə konkret məlumat verilməyib. Lakin Ağ Evin bu telefon söhbətinin dərhal ardınca verdiyi bəyanatda deyilir ki, Tramp Astana danışıqlarında ABŞ nümayəndəsinin iştirakına göstəriş verib.

Azadliq.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.