Elbəyi Həsənlidən Gülağa Aslanlıya ağır cavab verdi

7-07-2015, 13:15           
Elbəyi Həsənlidən Gülağa Aslanlıya ağır cavab verdi
Müsavat başqanının müavini Gülağa Aslanlı hazırda mühacir həyatı yaşayan jurnalist Elbəyi Həsənlini məhkəməyə verməyi düşünür.

Bununla bağlı G.Aslanlının vəkili Nemət Kərimli məlumat yayıb. Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında Elbəyi Həsənli də öz münasibətini bildirib. O, qarşı tərəfə aşağıdakı kimi cavab verib:

“Müsavat başqanının müavini Gülağa Aslanlının vəkili Nemət Kərimli deyib ki, Elbəyi Həsənli müxtəlif şəxslərə şər-böhtan atıb. Onun sözlərinə görə, konkret olaraq həmin şəxslərdən biri olan Gülağa Aslanlı öz şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edəcək. Bu ifadə ilə artıq vəkil məhkəmə hakiminin yerinə və özü də məhkəmə olmadan qərar verib ki, Elbəyi Həsənli müəyyən şəxslərə şər-böhtan atıb. Belə birisinə vəkil demək ayıbdır. Gülağa bəyin məhkəməyə müraciət edəcəyinə isə qətiyyən inanmıram. Çünki əskiləri tüstülüdür. Amma belə bir addım atsa, mən buna çox sevinərəm. Gülağa bəy Müsavat Partiyasının qeyri-qanuni olaraq verdiyi vəsiqə və arayışlara görə rüşvət alınmadığını sübut etsə, bu, mənim də 20 il üzvü olduğum firqənin itmiş nüfuzunun qismən bərpa olunmasına təkan verə bilər. Məhz elə buna görə də Gülağa bəyə bəri başdan uğurlar arzulayıram. Ancaq ona da əminəm ki, məhkəmədə heç indi adı çəkilməyən o qədər pisliklər üzə çıxacaq ki...”.

Qeyd edək ki, Nemət Kərimli açıqlamasında tam olaraq bildirib:

“Elbəyi Həsənli müxtəlif şəxslərə şər-böhtan atıb. Konkret olaraq həmin şəxslərdən biri olan Gülağa Aslanlı öz şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edəcək. Artıq müraciət də hazırdır. Müraciətin nə vaxt verilməsi ilə bağlı müəyyən fikir mübadiləsi ediləcək. Bu səbəbdən müraciət hələ də verilməyib. Amma yaxın zamanda hər üç müraciət təqdim olunacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.