Demokrat Nyu-Hempşir senatoru yenidən seçilmək niyyətində deyil
Bu gün, 15:38

ABŞ-ın Nyu-Hempşir ştatından olan Demokrat senator Cin Şahin gələn il keçiriləcək Senat seçkilərində namizəliyini verməyəcək. Bununla uzun müddət fəaliyyət göstərən senatorun tarixi siyasi karyerası başa çatacaq. Şahinin bu qərarı Senatda çoxluğu geri qaytarmaqda çətinlik çəkən Demokratlar üçün əlavə problemlər yaratmış olur.
Yanvar ayında 78-ci yaşını qeyd edən Şahin ABŞ tarixində həm qubernator, həm də senator seçilmiş ilk qadındır. Onun qərarı mətbuat katibi tərəfindən e-poçt vasitəsilə təsdiqlənib.
Şahinin bu addımı atmadan əvvəl də Demokratlar qarşıdakı il keçiriləcək aralıq seçkilərində çətin siyasi mənzərə ilə üzləşirdilər - xüsusilə də Senatda. Hazırda Respublikaçılar 53, Demokratlar isə 47 yerə sahibdir (buraya Demokratlarla birgə səs verən iki müstəqil senator da daxildir).
Senatda çoxluğa sahib olan partiya Prezident Donald Trampın ən vacib siyasi və məhkəmə təyinatlarına, eləcə də onun qanunvericilik gündəminə nəzarət edir.
İndiki mənzərəyə əsasən, 2026-cı ildə keçiriləcək seçkilər çərçivəsində hazırda Respublikaçıların təmsil etdiyi yerlərdə Demokratlar üçün ən real qələbə imkanı Meyn ştatı olduğu görünür. Ştatı təmsil edən Suzan Kollins Yeni İngiltərədə (Meyn də daxil olmaqla Konnektikut, Massaçusetts, Nyu-Hempşir, Rod-Aylend və Vermont ştatları) ştatlarında yeganə Respublikaçı senatordur. Kollis həmçinin Trampın məğlub olduğu ştatda seçkilərə qatılacaq yeganə cari Respublikaçı senatordur.
Bununla belə, artıq Konqresin yuxarı palatasında dörd yerlik üstünlüyə sahib olan Respublikaçılar Corciya, Miçiqan və indi də Nyu-Hempşirdə yeni yerlər qazanmaq üçün real şanslara sahibdirlər.
Şahin onilliklər boyunca Nyu-Hempşirdə siyasi güc mərkəzi olub və Senatın rəhbərlik pillələrində yüksələrək nüfuzlu Xarici Əlaqələr Komitəsində baş Demokrat kimi xidmət edib.
Əgər o, yenidən seçilməyə namizəd olsaydı, böyük ehtimalla asanlıqla qalib gələrdi.
Keçmiş Massaçusets senatoru Skot Braun Sahininin qərarından əvvəl Nyu-Hempşirdə Senat yarışına qatılmağı nəzərdən keçirdiyini bildirmişdi. O, ilk Tramp administrasiyası dövründə Yeni Zelandiyada ABŞ səfiri olub. Braun 2014-cü ildə Sahinə qarşı namizədliyini irəli sürmüş, lakin məğlub olmuşdu.
Nyu-Hempşir son prezident seçkilərində cüzi fərqlə Demokratları dəstəkləsə də, tarixən həm Demokrat, həm də Respublikaçı liderləri seçmək ənənəsinə malikdir. Respublikaçı Qubernator Kelli Ayot keçən payızda seçilib. Həmin vaxt Tramp ştatda cəmi 3 faizdən az fərqlə məğlub olmuşdu.
Şahin 1996-cı ildə Nyu-Hempşirin ilk qadın qubernatoru seçilib. O, üç müddət boyunca bu vəzifəni icra etdikdən sonra, 2008-ci ildə Senata seçilib.