ABŞ Nümayəndələr Palatası müvəqqəti büdcə layihəsini təsdiqləyib

Bu gün, 17:24           
ABŞ Nümayəndələr Palatası müvəqqəti büdcə layihəsini təsdiqləyib
Respublikaçıların çoxluq təşkil etdiyi ABŞ-ın Nümayəndələr Palatası çərşənbə günü federal hökuməti 14 martda bitən son möhlət tarixindən sonra maliyyələşdirmək üçün mühüm addım atıb.

Qısamüddətli büdcə layihəsi 217-213 səs fərqi ilə qəbul edilib. Bir Respublikaçı onun əleyhinə, bir Demokrat isə lehinə səs verib. Qanun layihəsi imzalanmadan öncə Respublikaçıların çoxluq təşkil etdiyi Senatdan da keçməlidir.

“Müvəqqəti büdcə layihəsinin əleyhinə səs vermək Amerika xalqına ziyan vuracaq və Prezident [Donald] Trampın son 51 gündür inşa etdiyi inanılmaz momentumu öldürəcək,” Ağ Evin mətbuat katibi Karolayn Levit çərşənbə axşamı müxbirlərə deyib.

Büdcə layihələrinin Senatdan keçməsi üçün 60 Senat üzvü onların lehinə səs verməlidir. Bu isə o deməkdir ki, Respublikaçılar Demokratların səslərini qazanmalı olacaq.

“Biz bunu burada Senatda həll edib, cümə günü hökumətin açıq qalmasını təmin etməyə hazırıq. Amma bu gün ilə o zaman ərzində bunun baş verib-verməyəcəyi Demokratlardan asılıdır,” Senatın çoxluq lideri Con Tun çərşənbə axşamı müxbirlərə deyib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson büdcə layihəsini keçirmək üçün öz partiyası daxilində etirazları yatırmağa çalışıb. O, çərşənbə axşamı müxbirlərə deyib ki, yeddi aylıq müvəqqəti büdcə layihəsi Trampın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə hökumətdə israfçılıq və sui-isitfadə hallarının qarşısını almaq gündəliyini həyata keçirmək yolunda mühüm bir addımdır.

“Bu, bizə federal hökumətin miqyası və əhatə dairəsini dəyişməyə imkan verəcək. Hazırda Vaşinqtonda seismic dəyişiklik olur. Bu, bizim daha öncə olduğumuzdan fərqli bir vəziyyətdir. DOGE kütləvi saxtakarlıq, ifratçılıq və sui-istifadə halları tapır,” Conson deyib. “Bizim bizi maliyyə baxımından doğru yola qaytaracaq Ağ Evimiz var.”

Ancaq müstəqil müşahidəçi və analitiklər deyir ki, DOGE federal proqramlar və iş yerlərində genişmiqyaslı ixtisarlara dəstək toplamaq üçün həddindən artıq saxtakarlıq iddialarından istifadə edir.

Çərşənbə axşamı vitse-prezidenti JD Vans büdcə layihəsinə dəstək toplamaq üçün Konqresdə qanunvericilərlə danışıb. Nümayəndə Tomas Massi qanun layihəsini dəstəkləməyən yeganə Respublikaçı olub, baxmayaraq ki, Tramp bazar ertəsi Truth Social-dakı postunda büdcə layihəsinin əleyhinə səs verdiyi halda Massinin Konqresdəki yerini itirməsinə çağırıb.

Müvəqqəti qanun layihəsi qanunvecilərə hökumət xərcləri ilə bağlı Senat və Nümayəndələr Palatasının versiyaları üzərində kompromis əldə etməyə vaxt verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.