Azərbaycanda yemək tenderləri: 100 milyonluq sifariş 2 şirkətə çatıb - QURUMLAR, ŞİRKƏTLƏR
Bu gün, 16:36

Azərbaycanda dövlət sifarişlərinin həyata keçirildiyi sahələrdən biri də yemək tenderləridir.
FED.az xəbər verir ki, yemək tenderləri artıq çoxdandır ki, milyonluq rəqəmlərlə ölçülür və özəl şirkətlər/şəxslər bu sahədə ciddi sifarişlər alırlar.
Belə ki, son iki ildə - 2023-2024-cü illərdə - dövlət qurumları yemək alışına 143 milyon manat xərcləyiblər. Bu sahədə bir neçə şirkət ardıcıl olaraq iri sifarişlər əldə edib və onların arasında bəzi adlar xüsusilə seçilir.
Yemək alan qurumların siyahısına Elm və Təhsil Nazirliyi başçılıq edir. Ümumi məbləği 143 milyon manat olan yemək tenderlərinin 121 milyon manatı
FED.az xəbər verir ki, son 2 ildə ən çox yemək tenderi qazanan şirkət "Tais İKF" MMC-dir. Şirkət 5 tenderlə ümumilikdə 53,6 milyon manatlıq sifariş əldə edib.
Elm və Təhsil Nazirliyinin əsas yemək şirkəti - "Tais İKF" MMC-dir, şirkətin udduğu bütün yemək tenderləri nazirliyə məxsusdur.
Ən iri müqavilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin qidalanması üçün bağladığı 14,3 milyon manatlıq tender olub.
“Tais İKF” MMC – 1994-cü ildə yaradılıb, 30 illik şirkət olsa da, nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.
Yemək tenderlərində digər böyük oyunçu "El-Oba" QSC-dir. Onun da əsas sifarişçisi Elm və Təhsil Nazirliyidir. Cəmi 2 tender üzrə 43,9 milyon manatlıq sifariş qazanmış "El-Oba" QSC şirkəti Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrinin yemək təminatını həyata keçirməklə məşğuldur.
Qeyd edək ki, “El-Oba” QSC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğludur. Hüquqi ünvanı AZ1117, Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, ev 6 ünvanında yerləşir.
Yemək tenderlərində fiziki şəxslər də aktivdir – onlardan ən çox tender qazanan şəxs Ziyafət İsa Oğlu Fərzəliyevdir. Yuxarıdakı şirkətlərdən fərqli olaraq Ziyafət Fərzəliyev Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi ilə işləyir və nazirliyin 3 tenderindən 13 milyondan çox sifariş əldə edib.
Bölgələrdə təhsil müəssisələrinin yeməklə təchizatında aktiv olan "Məişət İST" MMC şirkəti 2 tenderlə 11,4 milyon manatlıq sifariş götürüb. 2 tender udan daha bir şirkət "Sabko" MMC isə ümumilikdə 10,6 milyon manatlıq sifariş alıb. Hər iki şirkətin sifarişçisi Elm və Təhsil Nazirliyidir.
Qeyd edək ki, “Sabko” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Amil Sadiqov Telman oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5 ünvanında yerləşir.
Qeyd edək ki, “Məişət İST” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.
"Seaport Catering" MMC şirkəti də 2 tender udub ama rəqibləri ilə müqayisədə nisbətən kiçik məbləğdə tenderlərin qalibi seçilib. Udduğu tenderlərin dəyəri 1 661 350 manat təşkil edir. Qeyd edək ki, “Seaport Catering” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 325 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Həsənov Rizvan oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr., ev 528 məhəllə, ev v, m. 25 ünvanında yerləşir.
Sayca çox tender udmayan, lakin yüksək məbləğli sifariş qazanan şirkətlərdən biri də "Gulay-Food" MMC-dir. Şirkət yalnız bir tender udsa da, onun dəyəri 6,1 milyon manat olub və bu, sosial xidmət müəssisələrinin sakinlərinin yeməklə təmin edilməsi xidmətinə aid olub. Qeyd edək ki, “Gulay-Food” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı cəmi 1 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Əlisoy Hüseyn oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Əzim Əzimzadə, ev 5, m. 3 ünvanında yerləşir.
Daha kiçik sifarişlər qazanan şirkətlər də var, amma milyonluq tenderlər əsasən yuxarıda adı çəkilən şirkətlər arasında bölüşdürülüb. Dövlətin yemək xidmətlərinə ayırdığı bu böyük məbləğlər göstərir ki, bu sahə kifayət qədər gəlirli və rəqabətli bazardır.