Rəsmi: Bu gedişlə Urmiyə gölü Aral gölünün taleyini yaşayacaq
Bu gün, 16:18

İranın Meteorologiya Təşkilatının Milli İqlim və Quraqlıq Böhranının İdarəolunması Mərkəzinin rəhbəri Əhəd Vəzifə bildirib ki, əgər vəziyyət bu cür davam etsə, Urmiyə gölü Aral gölünün taleyini yaşayacaq.
İLNA xəbər agentliyinə verdiyi açıqlamada Əhəd Vəzifə ümumilikdə Yaxın Şərq ölkələrində iqlim dəyişikliklərindən danışaraq, bu dəyişikliyin region ölkələrinə ciddi problemlər yaratdığını qeyd edib. O, Orta Asiyada yerləşən Aral gölünü misal çəkərək Urmiyə gölü ilə müqayisə edib və bildirib ki, Urmiyə gölü də tədricən Aral gölünün vəziyyətinə düşür. “Əgər vəziyyət bu cür davam etsə, şübhəsiz ki, quruyacaq” - deyə əlavə edib.
Bu dövlət rəsmisi regionun iqlim dəyişikliyi səbəbindən istiləşdiyini, bunun da daha yüksək buxarlanma ilə nəticələndiyini və bölgədə yağıntının azalmaqda olduğunu vurğulayıb. Qısamüddətli dövrdə yağıntıların artım göstərə biləcəyini qeyd etsə də, uzunmüddətli perspektivdə yağış miqdarının azalmağa davam etdiyini bildirib.
Əhəd Vəzifə gələcəkdə su ehtiyatlarının azalacağını vurğulayıb və eyni zamanda əhali artımı ilə birlikdə suya olan tələbatın yüksələcəyinə diqqət çəkib. “Əgər siz müəyyən su mənbələrinin buxarlanması və istehlakının miqdarını bir tərəfə, yağıntıları isə digər tərəfə qoysanız, birinci amillərdə artan, ikincidə isə azalan tendensiya müşahidə olunur. Nəticədə, hər il bu su mənbələrində istehsal və yağıntılar arasında qeyri-bərabərlik dərinləşir. Bu isə ümidə heç bir yer qoymur.” -deyə, rəsmi bildirib.
O, su istehlakı sahələrindən danışaraq, Urmiyə gölü hövzəsində ən çox suyun kənd təsərrüfatında istifadə olunduğunu bildirib. Vəzifə şəkər çuğunduru, yonca və alma məhsullarının bu bölgədə ən çox su tələb edən əkinlər olduğunu qeyd edərək, onların daha az su istehlak edən bitkilərlə əvəz olunmasının vacib olduğunu vurğulayıb.
O, çox ehtimalla hakimiyyətin alma bağlarına toxunmayacağını irəli sürüb və deyib ki, "ən azından son illərdə dağ yamaclarında hədsiz dərəcədə genişləndirilən alma bağlarının artırılmasının qarşısı alınsa və nəzarət olunsa, gələcəyə ümid etmək olar.”
Əhəd Vəzifə hesab edir ki, Urmiyə gölü hövzəsində kənd təsərrüfatının idarə olunması düzgün aparılmalı və bölgənin əkinçilik modeli dəyişdirilməlidir. Dövlət rəsmisi vurğulayıb ki, ən azı suya çox ehtiyac duyan yonca və şəkər çuğunduru kimi məhsullar alternativ əkin növləri ilə əvəz olunsa, bu, ciddi fərq yaradacaq.
Onun sözlərinə görə, Zab kanalı vasitəsilə müəyyən qədər su Urmiyə gölünə yönləndirilsə də, bu, kifayət etmir. “Əgər bu yanaşma davam edərsə, heç bir ümid qalmayacaq və vəziyyət daha da pisləşəcək.” -deyə o, bəyan edib.
Urmiyə gölü hövzəsində əkinçilik modelinin dəyişdirilməsi və su istehlakı yüksək olan məhsulların əkilməsinin qadağan edilməsi bir çox mütəxəssislər tərəfindən vacib hesab edilsə də, indiyə qədər, media və rəsmilərin etirafına görə, bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, bölgədə əkin sahələrinin genişləndirildiyi müşahidə olunur.
Forum