Türkiyənin Qarabağ məsələsinə aktiv müdaxiləsinə əngəl olan səbəblər

2-11-2017, 09:25           
Türkiyənin Qarabağ məsələsinə aktiv müdaxiləsinə əngəl olan səbəblər
Tanınmış ekspertlər deyir ki, Ankaranın regionda durumu göründüyü qədər asan deyil

Azərbaycanla Türkiyənin münasibətlərinin dünyaya qardaşlıq nümunəsi olduğu hər kəsə bəllidir. Dünyada bir-biri ilə bu qədər yaxın, qardaşlıq münasibətlərində olan çox az sayda dövlətlər tapmaq olar. Lakin Türkiyənin Azərbaycanla bu qədər yaxın olması və regionun ən böyük dövlətlərindən biri olması Qarabağ məsələsinin həllində nədənsə özünü göstərə bilmir. Türkiyəyə Qarabağ probleminə müdaxilə etməyə sanki beynəlxalq səviyyədə imkan verilmir.

Politoloq Şahin Cəfərli bildirdi ki, Azərbaycanda Türkiyə barədə düşüncələrdə bir duyğusallıq var. Praqmatik və soyuq yanaşmalar üstünlük təşkil etmir. Əslində bu duyğusallıq anormal deyil və dövlətlərarası, xalqlararası səviyyədə dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanır.

Amma nəzərə almaq lazımdır ki, Türkiyənin gücünün, imkanlarının limiti var. Türkiyə beynəlxalq və regional şərtləri nəzərə almağa məcburdur: “Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə beynəlxalq format-ATƏT-in Minsk Qrupu və onun həmsədrlik institutu yaradılıb. Türkiyə Minsk Qrupunun üzvü olan dövlətlərdən biridir, lakin həll prosesi ilə bilavasitə həmsədr ölkələr-Rusiya, ABŞ və Fransa məşğul olur. Bu həmsədrlik institutu tərəflərin razılığı ilə ortaya çıxıb, yəni Azərbaycan da, Ermənistan da münaqişənin həllini həmin üçlüyə həvalə edib. Belə bir durumda Türkiyənin prosesdə rolu nədən ibarət ola bilər? Əlbəttə ki, ikitərəfli əlaqələr kontekstində Türkiyə bu regionda öz dayaqlarını gücləndirmək, nüfuzunu genişləndirmək imkanına malikdir. Məsələn, Türkiyənin Azərbaycan və Gürcüstanla siyasi, iqtisadi və hərbi səviyyədə əlaqələrini daha da dərinləşdirərək tədricən Rusiyanı bu bölgədən sıxışdırmaq potensialı var. Lakin Türkiyə bunu o vaxt bacara bilər ki, arxasında ABŞ-ın, Qərbin ciddi dəstəyi olsun. Hazırda Türkiyənin Qərblə münasibətlərinin durumu hamıya məlumdur, əlaqələr ciddi şəkildə soyuyub. Bunun hansı tərəfin günahı ucbatından baş verdiyi bu yazının mövzusu deyil, sadəcə olaraq, onu vurğulamaq istərdim ki, Türkiyənin Qərb dünyası ilə münasibətlərinin korlanması Azərbaycanın maraqlarına tamamilə ziddir. Bizə Qərb blokunun içərisində layiqli şəkildə təmsil olunan güclü, demokratik Türkiyə lazımdır. Məhz bu cür Türkiyə Rusiya amilindən çəkinmədən bölgəmizdə aktiv rol oynaya, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilər”.


Ekspertin sözlərinə görə, Türkiyənin Cənubi Qafqazda aktivliyi Gürcüstan üçün də çox mühümdür, hətta həyati əhəmiyyətli məsələdir: “Təsadüfi deyil ki, Türkiyə-Rusiya yaxınlaşması Gürcüstanda narahatlıqla qarşılanır. O da təsadüfi deyil ki, son illər Gürcüstanda antitürk əhval-ruhiyyəsi və gürcü şovinizmi qızışdırılır. Həmin şovinistlərin təmsilçisi olan Vətənpərvərlər Alyansı son parlament seçkilərində 6% səs toplayaraq qanunverici orqanda yer aldı. Bu, Rusiyanın birbaşa təsiri nəticəsində baş verdi, çünki Vətənpərvərlər Alyansının Moskva ilə çox yaxın əlaqələri Gürcüstanda heç kim üçün sirr deyil. Bu siyasi qüvvənin birdən-birə populyarlaşması və parlamentə düşməsi məhz NATO-Türkiyə amili ilə əlaqədardır. Rusiya anladı ki, təkcə separatçı regionları dəstəkləməklə və hərbi təhdid yaratmaqla Gürcüstanın NATO-ya inteqrasiyasının qarşısını ala bilməyəcək. Ona görə, son illər Moskva Gürcüstanda özünə yaxın qüvvələri dəstəkləmək, onların sistemdə, dövlət idarəçiliyində yer almasına nail olmaq siyasəti yeridir. Bu qüvvələr isə öz növbəsində, Türkiyə barədə müxtəlif konspiroloji hekayələr uydurmaqla ölkə daxilində Türkiyəyə neqativ münasibət formalaşdırmağa, onun nüfuzuna zərbə vurmağa çalışırlar. Yəni demək istədiyim odur ki, Türkiyənin bölgəmizə fəal müdaxiləsini əngəlləyən faktorlar mövcuddur. Bu faktorlardan ən əsası Rusiya gerçəyidir ki, Türkiyə bunu nəzərə almaq zorundadır”.

Ş.Cəfərli xüsusən Suriyadakı vəziyyətin Türkiyəni Rusiya ilə yaxınlaşmağa sövq etdiyini söylədi və vurğuladı ki, Moskva ilə yaxınlaşan Ankara bu ölkənin ənənəvi nüfuz sahələrinə müdaxilə edə, onunla rəqabətə girə bilməz: “Bəzən ölkəmizdə belə fikirlər eşidirik ki, Türkiyənin Rusiya ilə yaxınlaşması bizim xeyrimizədir və bundan istifadə edərək Qarabağ münaqişəsinin öz maraqlarımıza uyğun həllinə nail ola bilərik. Mən bu cür fikirləri heç vaxt qəbul etməmişəm. Əksinə, Türkiyənin Cənubi Qafqazda Rusiya ilə rəqabətdən uzaq durması Moskvanı daha da arxayınlaşdırır. 2016-cı ilin aprel hadisələri və cəbhədə lokal uğur əldə etməyimiz məhz Türkiyə-Rusiya münasibətlərinin böhranlı dövrünə təsadüf etmişdi. Rusiya ehtiyatlanırdı ki, Azərbaycan Türkiyəyə və onun vasitəsilə Qərbə daha sıx bağlana bilər, bu isə Rusiyanın bölgə maraqları baxımından ciddi təhlükələr yaradar. Məhz bu amil Rusiyanı Azərbaycanla daha ehtiyatla rəftar etməyə, onun maraqlarını az da olsa, nəzərə almağa məcbur edirdi. Bu amilin ortadan qalxması, yəni Türkiyənin Rusiya ilə regional nüfuz dairələri uğrunda mübarizədən kənarlaşması Azərbaycanın manevr imkanlarını daraldır, Rusiya üçün isə daha geniş meydan açır”.


Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, bu vəziyyətin bir sıra səbəbləri var. Azərbaycanlılarda qardaş ölkə olan Türkiyənin Dağlıq Qarabağ məsələsində həlledici rol oynaya biləcəyi ilə bağlı çoxlu illüziyalar olub. Bizdə cəmiyyət nəzərə almır ki, Türkiyənin özünün Ermənistanla ciddi problemləri mövcuddur. Bu problem Dağlıq Qarabağ problemindən də dəfələrlə böyükdür. Türkiyə 1915-ci il hadisələri ilə bağlı erməni diasporasının ona qarşı başladığı siyasi və hüquqi müharibə ilə üz-üzə qalıb: “Bu ittihamlar Türkiyəyə beynəlxalq birliyə normal inteqrasiya etməkdə ciddi maneə yaradır. Türkiyə üçün Avropa Birliyi ilə münasibətlərin normallaşdırılmasında əsas maneələrdən biri idi. Türkiyə kürd məsələsində müəyyən dil tapa bilərdi. Hətta buna cəhdlər də Avropa və ABŞ tərəfindən təqdirəlayiq qiymətləndirilirdi. Amma erməni məsələsi ilə bağlı irəliləyişin olmasına inanmaq mümkün deyildi. Çünki burada Qarabağ probleminin həll olunmaması da Türkiyəni çıxılmaz vəziyyətdə qoyur. İndi elə bir mərhələ gəlib çatıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla birgə Ermənistanla-əslində Rusiya ilə vuruşub torpaqları geri qaytaracaq siyasi imkanlara malik deyil. 2000-ci ilə qədər fərqli siyasi əhval-ruhiyyə var idi. İndi Türkiyənin özü Avropa Birliyi ölkələrindən izolyasiya olunur. Onun siyasi müttəfiqləri sırasında məhz sanksiya altında olan dövlətlər yer almaqdadır. Bu isə o deməkdir ki, Qarabağ məsələsində ölkə ciddi hansısa addımlara gedərsə, beynəlxalq birliyin kəskin tənqidi ilə qarşılaşa bilər. Xüsusən nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsi artıq böyük dövlətlər üçün ”az təhlükəli münaqişə" kateqoriyasındadır. Avropa ölkələrinin bütün səyi ona yönəlib ki, bu “az təhlükəli münaqişə” onlara başağrısı gətirməsin. 2016-cı ilin aprel ayında yaranan şok hələ də keçməyib Qərb üçün. Onlar tam əmin idilər ki, Azərbaycan status-kvo ilə barışacaq və ermənilərlə birgə sabitliyin qorunmasında maraqlı olacaqdır. Aprel hadisələri Qarabağ münaqişəsində yeni yanaşmanı ortaya qoydu. Bu heç də Türkiyənin fəallaşmasına kömək etmədi. Ona görə ki, Türkiyə indi özünün bütün qonşuları ilə qarşıdurmalara məruz qalıb. Beynəlxalq güclər və regional oyunçular Türkiyənin Qarabağ məsələsinin həllində ciddi iştirakına imkan vermək istəmir. Yalnız Azərbaycan öz xeyrinə nəyisə dəyişsə, bu, Türkiyəni yükdən azad edəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.