“Mənə qarşı olan kimlərdir?” - Azər Həsrətin Emin Hüseynova cavabı (SKANDAL)

5-12-2017, 18:33           
“Mənə qarşı olan kimlərdir?” - Azər Həsrətin Emin Hüseynova cavabı (SKANDAL)
“Yeni Müsavat” qəzeti Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovla Facebook üzərindən canlı yayımlanan müsahibəsini yayımlayandan sonra ciddi səs-küy yaranıb. Xüsusən siyasi ekspert Azər Həsrətə ünvanlandığı ittihamlar müzakirələrə səbəb olub.

A.Həsrət də öz növbəsində E.Hüseynovun bütün ittihamlarına geniş bir yazı ilə cavab verib. Musavat.com həmin yazını təqdim edir:

“Son günlər ərzində “Yeni Müsavat”da geniş müsahibəm yayınlandı. Sağ olsunlar, tribuna verdilər, danışdım. Başda baş redaktor Rauf Arifoğlu olmaqla Sevinc Telmanqızı və Elşad Paşasoy mümkün olan bütün sualları verdilər. Mən də gözünə siyasət qatmadan bütün cavablarımı səmimi və açıq şəkildə dilə gətirdim. Yəni düşündüm ki, olduğum kimi görünüm. Göründüm də.

Müsahibə geniş əks-səda doğurdu, oxundu, paylaşıldı, müzakirələrə səbəb oldu. “Yeni Müsavat” fərqini də bunun üzərinə gəlincə, son zamanların ən uğurlu media görsənişim olduğunu deyə bilərəm.

Müsahibədə bir çox mətləblərlə yanaşı Azərbaycan vətəndaşlığından könüllü imtina edərək xaricə qaçan və antiAzərbaycan fəaliyyətlərilə daim qarşıma çıxan Emin Hüseynov haqqında da danışmışdım. Elə müsahibə zamanı Sevinc Telmanqızı Eminin cavab haqqını xatırlatmış, ona bu imkanı tanımağa hazır olduqlarını demişdi.

Dekabrın 3-də Emin bu haqqını canlı efirə çıxaraq bir saata qədər müddətdə gerçəkləşdirdi. Həmkarım Sevinc ona mənim müsahibədə səsləndirdiyim fikirləri çatdırdı, Eminsə öz bildiyi şəkildə onları cavablandırdı.

Mən də bu adamın və ümumiyyətlə hər kəsin cavab haqqına sayğılı birisiyəm. Hətta belə cavab olanda onu öz şəxsi internet saytımda yayınlayacaq qədər ürəkliyəm. Əlbəttə ki, cavab obyektiv olarsa buna sevinməklə bərabər. Amma Emin mənə verdiyi cavablarda həm özünü dolaşdırdı, həm də barəmdə heç kimin inanmayacağı yalanlar səsləndirdi.

Beləliklə, onun səsləndirdiyi yalanlara izahlarımı təqdim edirəm.

Emin deyir ki, bir zamanlar mən, guya Xaqani 33-də günümü çayxanada keçirirəmmiş. Bu iddianı eşidib xeyli heyrətlənmişəm. Çünki məni tanıyan hər kəs bilir ki, çayxanalarda öldürəcək vaxtım heç zaman olmur və ümumiyyətlə bunun həvəskarı deyiləm. Hələ Xaqani 33-dəki çayxanaya da nadir hallarda düşürdüm. O da günorta naharı zamanı, qısa müddətə. Yəni bu adamın mənim günümü çayxanada keçirməyimi iddia etməsi tam bir absurddur.

İddia edir ki, mən 90-cı illərin təfəkkürüylə təşkilat idarə edirmişəm və ona görə də uğur qazana bilmirəmmiş. Yaxşı ki, yaxın tarixdir, şahidlərin sayı yüzlərlə, bəzən də minlərlədir. Mənim heç bir təşkilatım heç zaman uğursuz olmayıb. Şəxsim də, təşkilatım da hər zaman seçilib, bu gün də eyni tempdə davam edirəm. 90-cı illər təfəkkürünə gəlincə, o da əsassızdır. Təkcə bir faktı deyim: mən hələ 1999-cu ildə Azərbaycanda ilk şəxsi internet saytını qurmaqla yeni texnologiyalar sahəsində belə zamanı qabaqlayan insanam. Heç vaxt da keçmişə ilişib qalmıram, təbiətimə ziddir bu.

İddia edir ki, beynəlxalq tədbirlərdə məni GONGO təmsilçisi adlandırıb, gülürlərmiş. Düz deyir. Amma tam olaraq deyil. Məni bir qayda olaraq Ermənistanın dövlət və qeyri-dövlət təmsilçiləri belə qələmə verir.

Onların ardınca da Eminin özü həmin fikirləri təkrarlayır. Yəni ermənilərlə Emindən və onun ağalarından başqa heç kim məni GONGO təmsilçisi kimi təqdim və qəbul etmir. Üstəlik buna, Eminin iddia etdiyi kimi, heç kim də gülmür. Çünki bizim qatıldığımız o toplantılar özünü və sözünü bilən adamların tədbiridir və orada eyham, kimisə aşağılayacaq davranışlar yaxşı qəbul edilmir.

Və özəlliklə vurğulamaq istərdim ki, məhz bu Eminin bir çox tədbirlərdə məni kimlərəsə göstərib nəsə dediyini dəfələrlə müşahidə etmişəm. Yəni bu adam haqqımda beynəlxalq qurumlarda mənfi rəy yaratmaqla məşğuldur. Eyni işi ermənilər də durmadan edirlər…

Adam qırmızı-qırmızı deyir ki, Azər Həsrətin çıxışları primitiv olur. Hə, ola bilər ki, Eminin ağalarından qrant almağa yaramır mənim çıxışlarım. Bu, doğrudan da belədir. Amma heç bir zaman primitiv çıxış etmədim, etmərəm də. Bir qayda olaraq mövzu üzrə çıxış edirəm. Heç vaxt hazır çıxışım olmur. Azərbaycan dövlətinə qarşı ədalətsiz və haqsız hücum edənlərə – o cümlədən Eminin özünə cavab verirəm. Təbii ki, arqumentləşdirilmiş şəkildə. Zatən çıxışlarım internetdə yetərincə geniş yayımlanır və arzu edən hər kəs baxıb qiymət verə bilər.

Eminin “primitiv” dediyi çıxışlarımda nədən danışıram? Oxucular üçün maraqlı olar deyə bir neçə misal çəkirəm.

Bir dəfə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç öldürülmüş jurnalistlərdən danışanda yalnız Elmar Hüseynovun adını çəkdi. Mən də növbəm çatanda qeyd etdim ki, bəli, Elmar öldürülüb və biz onun qatillərinin tapılmasını istəyirik. Amma Azərbaycanda öldürülmüş təkcə o deyil. İzn alıb ayağa qalxdım və Salatın Əsgərovadan başlamaqla ermənilərin öldürdüyü 7 jurnalistimizin, eyni zamanda 2 rusiyalı jurnalistin adını çəkdim. Əlavə də etdim ki, Azərbaycanda öldürülmüş jurnalistlər üçün ədalət tələb edəndə erməni işğalçılarının öldürdüyü jurnalistləri də unutmamaq lazım. Mənim bu çıxışım erməniləri cin atına mindirdi. Ermənistan təmsilçisi söz alıb iddia etdi ki, yalan danışıram, elə fakt yoxdur. Belə bir şəraitdə Emin də müzakirəyə qatılıb deyə bilərdi ki, bəli, Azər Həsrətin sadaladığı jurnalistləri ermənilər öldürüb. Amma səsini belə çıxarmadı.

Bu hadisənin davamı da var. Həmin tədbirdən iki ay sonra Vyanada sırf münaqişə bölgəsi jurnalistikası müzakirə edilirdi. Burda Dunya Miyatoviç giriş nitqi söylədi. Qeyd etdi ki, Qarabağ münaqişəsində hər iki tərəfdən jurnalistlər öldürülüb. Bu yolla xanım Miyatoviç iki ay öncə ona tutduğum iradı nəzərə aldığını göstərirdi. Amma burda da yanılmışdı. Çünki biz heç bir erməni jurnalisti öldürməmişik. Ümumiyyətlə, Qarabağ müharibəsindən bu günə qədər Ermənistan tərəfdə, eləcə də işğal altındakı torpaqlarda heç bir erməni jurnalist öldürülməyib. Miyatoviçin bu yanlış fikrinə təbii ki, biganə qala bilməzdim. Ona görə söz aldım, dedim ki, Azərbaycan Ermənistanın heç bir jurnalistini öldürməyib. Əgər belə bir fakt varsa, ermənilər təqdim etsin. Miyatoviç bu dəfə də pis durumda qaldı. Ermənistan səfiri və Yerevan Mətbuat Klubunun rəhbəri ard-arda söz alaraq bütün anlamlarda əsəbi şəkildə mənə hücuma keçdilər və yalnız sözlə iddia etdilər ki, Azərbaycan da erməni jurnalistləri öldürüb. Heç nə demədim, sadəcə xahiş etdim ki, o jurnalistlərin adlarını çəksinlər. Təbii ki, çəkə bilmədilər. İndi bu Eminin “primitiv” dediyi çıxışlarım belə olur.

Daha bir örnəksə ötən il Tiflisdə ATƏT-in Güney Qafqaz media konfransına aiddir. İki günlük konfrans sonucu qəbul ediləcək bəyanat ətrafında qızğın mübahisə gedirdi. Ermənistan nümayəndələri səs-səsə verib özlərinə uyğun olmayan maddələrə qarşı dirənirdi. Mənsə onların hamısının bu cəhdlərinə sonadək cavab verdim. Nəticə o oldu ki, ermənilər etiraz edib toplantını tərk etdilər, bəyanat da bizim istədiyimiz kimi qəbul edildi.

Mənim fəaliyyətimdə belə örnəklər N qədərdir və sadəcə bir neçəsini misal çəkməklə hörmətli oxucuya Eminin nəyə “primitiv” dediyini göstərmək istədim. Mən öz “primitiv” çıxışlarımda bir qayda olaraq erməni işğalı, girovlar, qaçqın və köçkünlər, onların yurd-yuvasından didərgin düşdüyü üçün gerçəkləşdirə bilmədiyi siyasi hüquqlarından danışıram. Eminsə bu məsələlər haqqında heç vaxt danışmır. Əksinə, bütün hallarda məni vurmaq üçün ifadələr işlədir. Hərçənd uğur qazanmasa da…

Emin irəli gedərək iddia edir ki, öldürülən jurnalistlərdən danışanda cəbhə bölgəsində həlak olan media təmsilçilərimizi də xatırladır. A tövbə! Bütün bu illər ərzində bu adam ömründə bir dəfə də olsun öldürülən jurnalistlər sırasında ermənilərin öldürdüyü media təmsilçilərimizin adını çəkməyib! Nəinki adını çəkməyib, ümumiyyətlə belə halın olduğunu dilə gətirməyib! Sadəcə məsələni mən qaldırmışam, bundan da dəstək gözləmişəm, amma faydası olmayıb. Ən azından mənim iştirak etdiyim heç bir tədbirdə Emin bu məsələdən danışmayıb. Amma qırmızı-qırmızı deyir ki, danışırmış…

Bu adam deyir ki, Azər Həsrət getdiyi toplantılarda Azərbaycan hakimiyyətinə xoş gəlmək üçün çıxış edir, məni də “vətən xaini” adlandırır. Birincisi, az qala bütün çıxışlarımın videoları var, əgər orda kimsə mənim hakimiyyəti tərifləyən fikirlərimi tapsa, ona yaxşı bir hədiyyə söz verirəm. İkincisi də, mənim hakimiyyətin xoşuna gəlmək kimi bir dərdim olsaydı, bu ölkədə ən sərt tənqidlərimlə diqqət çəkməzdim. Buyurun, açın medianı, araşdırın, ən sərt tənqidləri yazmıramsa, dilə gətirmirəmsə, mən ümumiyyətlə jurnalistikadan getməyə hazıram. Elə “Yeni Müsavat”dakı bu müsahibəmin özü də hakimiyyətin ünvanına tənqidlərlə doludur. Necə olur ki, hakimiyyətin xoşuna gəlmək istəyən Azər Həsrət elə həmin hakimiyyətin heç də xoşuna gəlməyəcək fikirləri belə yüksək səslə dilə gətirir?

Ümumiyyətlə təəssüf edirəm ki, Emin hələ də hansı bataqlığa bulaşdığını ya fərq etmir, ya da fərq edir, ordan qurtuluş olmadığını anladığı üçün daha da çırpınıb özünü batırır.

Bu adam nə sözündə, nə əməlində dürüst birisi deyil. Bunu da tutarqalarla izah edirəm.

Emin 2015-ci ildə İsveçrənin Bakıdakı səfirliyindən müəyyən öhdəliklərlə çıxıb ölkədən gedə bilmişdi. Özü də bu öhdəlikləri İsveçrə hökuməti və onun ümumiyyətlə səfirlikdən çıxa bilməsi üçün çalışan Bakıdakı çox nüfuzlu hüquq müdafiəçiləri qarşısında götürmüşdü. Amma nə baş verdi? Həm İsveçrə hökumətini, həm də həmin hüquq müdafiəçilərini günü bu gün də zərbə altında qoymağa davam edir.

Qrantlarla bağlı: deyir ki, Azər Həsrətin fəaliyyətləri diqqət cəlb etmədiyinə görə ona qrant verilməyib. Düz deyir. Mən Emindən illər öncə Qərb-ABŞ qurumlarıyla işləyirdim. Amma illər keçdikcə onlarla aramız soyudu.

Çox sadə bir səbəbdən: onlar məni Emin kimi nüfuz agentinə çevirə bilmədilər. Halbuki məni də “Sülh korpusu”nun Qazaxıstandan qovulmuş bir nümayəndəsilə evləndirib başımdan milyonlar tökməyə çox həvəsli idilər. Amma gördülər ki, mümkün deyil.

Uğurlu-uğursuz məsələsinə gəlincə, Eminə xatırladıram: mən o şəxsəm ki, Azərbaycan jurnalist qurumlarını və ümumilikdə mediasını dünyanın ən aparıcı jurnalist qurumlarına üzv etmişəm. Üstəlik, iki aparıcı jurnalist təşkilatının rəhbər orqanlarına öz gücümə üzv seçilməklə Azərbaycanı təmsil etmiş ilk Azərbaycanlı kimi tarixə adım yazılıb. ATƏT, UNESCO, Avropa Parlamenti, Avropa Şurası kimi dövlətlərarası qurumların yüksək səviyyəli tədbirlərində sadəcə iştirakçı yox, həm də məruzəçi kimi çıxış edirəm. Bu ölkədə uğurla fəaliyyət göstərən Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı kimi təşkilatların qurulmasında mənim də payım və birbaşa rolum var. Qələmim də, həmd olsun, hələ də tam gücüylə yazır və heç kimsənin basqısı olmadan ölkəmdə bu fəaliyyətimlə məşğul oluram.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.