DEPUTADAN SƏRT SÖZLƏR: "GƏLİB 5-6 RAYONUMUZU DA ALSINLAR? !"

9-12-2017, 07:30           

"Azərbaycan xalqı beynəlxalq təşkilatlar rəsmilərinin, Minsk qrupu həmsədrlərinin və böyük dövlətlərin təmsilçilərinin boş, mənasız açıqlamalarına, əsassız bəyanatlarına çoxdan alışıb”.

Bu sözləri "Sherg.az”a ABŞ dövlət katibi Reks Tillersonun və ATƏT PA-nın prezidenti George Tseretelinin Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini analiz edərkən millət vəkili Elman Məmmədov söyləyib.

Onun fikrincə, beynəlxalq aləmdə səsləndirilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümidverici, nəticəsi olmayan bəyanatlara artıq inam qalmayıb:

"Söhbət irəliləyişin olmasından gedir. Lakin belə bəyanatları verən qurum və dövlət heç bir addım atmır. Bunlar hamısı işğalın müddətini uzatmağa hesablanmış bəyanatlardır. Azərbaycanı aldatmaq, vaxt qazanmaq üçün belə sözləri ortaya atırlar. Ortada nə nəticə var? Heç nə. Əksinə düşünürəm ki, münaqişənin həll olunmamasının əsas səbəbkarı bu 3 həmsədr dövlətlərdir. Münaqişəyə öz mənafeləri prizmasından yanaşırlar. İşğalçını himayə edib, işğal faktını genişləndirirlər. İşğalçı Ermənistandır, işğala məruz qalan isə Azərbaycandır. Burada həmsədr dövlətlər iradə ortaya qoymalıdırlar ki, işğalçı dövlət qoşunlarını Azərbaycanın ərazisindən çıxarsın. Bu günə qədər heç bir addım atmayıblar. Həmsədrlər işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözündə görürlər. Bəyanatlar verirlər ki, hər iki tərəf bir-birinə ehtiramla yanaşmalı, siyasi iradə nümayiş etdirməlidirlər. Mənim torpağım işğal olunub, niyə görə düşmənə siyasi iradə nümayiş etdirməliyəm? Bundan artıq hansı güzəştə getməliyik? Gəlib, 5-6 rayonumuzu da alsınlar?

Həmsədrlər nə vaxt ədalətli mövqe ortaya qoyacaqlarsa, məsələnin həllində irəliləyiş olacaq. Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa sövq etməlidirlər”.

Qeyd edək ki, R.Tillerso ABŞ-ın ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəklədiyini bildirib.

"Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik”.

G. Tsereteli isə ATƏT məkanında baş verən bütün münaqişələrdən narahatlığını ifadə edib. O bildirib ki, Dağlıq Qarabağda döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.