Dolların məzənnəsi "şişirdilib": Real məzənnə 86 qəpik olmalıdır

10-12-2017, 09:50           
Dolların məzənnəsi "şişirdilib": Real məzənnə 86 qəpik olmalıdır
Manatın dollar qarşısındakı real dəyəri hazırkı mübadilə məzənnəsindən daha yüksəkdir. Mütəxəsislərimizin məşhur "Biq Mak" indeksinə əsasən apardığı hesablama göstərir ki, dolların real məzənnəsi 86 qəpik səviyyəsində olmalıdır.
Qeyd edək ki, "Biq Maq" indeksi Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən 1986-cı ildən tərtib edilir. İndeks ABŞ-ın "McDonalds" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur "Biq Mak" adlı hamburgerinin qiyməti əsasında hazırlanır.
"The Economist" jurnalının rəhbərliyi bu qənaətdədir ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan "Biq Mak"ın qiyməti götürülür. Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə şişirdilib. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər ölkədəki "Biq Mak" ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən "McDonalds" restoranlarında satılan "Biq Mak" hamburgerinin qiyməti 4 manat 50 qəpiyə bərabərdir. Mövcud məzənnə ilə hesabladığımız zaman deməli "Biq Mak" hamburgeri 2,64 dollara satılır. "The Economist" jurnalının açıqladığı sonuncu "Biq Mak" indeksinə görə ABŞ-da hamburgerin qiyməti 5,3 dollardır. Buradan belə görünür ki, Azərbaycanda hamburger ABŞ-la müqayisədə 49,8% ucuzdur. Bu həm də o deməkdir ki, dolların manat qarşısındakı mövcud məzənnəsi (1,7AZN/$) 49,8% "şişirdilib". "Biq Maq" indeksinə əsasən hesablama aparsaq o zaman, dolların real məzənnəsi 86 qəpik olmalıdır.
Onu da bildirək ki, "The Economist" jurnalının açıqladığı sonuncu "Biq Mak" indeksində dolların real dəyərinin yalnız 3 ölkənin milli valyutası ilə müqayisədə yüksək olduğu görünür. İsveçra, Norveç və İsveçin milli valyutalarının real dəyəri dollara nisbətən aşağı olsada süni şəkildə yüksək göstərilib.
"Biq Mak" indeksinə daxil edilən digər ölkələrdə isə dolların məzənnəsi real dəyərindən yüksək göstərilib. Region ölkələrindən yalnız 3-ü - Türkiyə, Rusiya və Ukrayna siyahıya daxil edilib. Türkiyədə hamburgerin qiymətinin 3 dollar, Rusiyada 2,28 dollar, Ukraynada isə 1,7 dollar olduğu bildirilir. Bu isə o deməkdir ki, Türkiyənin milli valyutası - lirənin dollar qarşısındakı real dəyəri 43,4%, Rusiyanın milli valyutası - rublun dollar qarşısındakı real dəyəri 57%, Ukraynanın milli valyutası - qrivnanın dollar qarşısındakı real dəyəri isə 67,9% yüksəkdir.Yeniavaz.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.