Qüdsün Fələstinin paytaxtı elan edilməsi uğursuzdur

13-12-2017, 17:52           
Qüdsün Fələstinin paytaxtı elan edilməsi uğursuzdur
Şərqi Qüdsün Fələstinə aid olmasını qəbul etmək, Qərbi Qüdsün avtomatik İsrailə aid olmasını qəbul etmək deməkdir. Bu şəhər heç bir dövlətə aid olmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, politoloq Fərhad Mehdiyev deyib. O bildirib ki, Fələstin dövlətinin Şərqi Qüdsün onun paytaxtı olması fikrini irəli sürməsi mövcud şəraitdə düzgün addım deyil:

“Çünki Qüds hazırda İsrailin əlindədir. Yəni bu, dolayısı ilə Qüdsün yarısının İsrailin paytaxtı kimi tanımağa imkan verən mövqedir. Bu, BMT-nin qəbul etdiyi qətnaməyə zidd olmaqla yanaşı, Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qədər absurd qərardır”.

F.Mehdiyev qeyd edib ki, 1947-ci ildə BMT Ümumi Assembleyası Qüdsün beynəlxalq şəhər olması ilə bağlı qərar verib və bu qərar da 33 dövlətin səsi ilə qəbul edilib:

“Bu qərarın da mahiyyəti ondan ibarətdir ki, Qüds heç bir dövlətin paytaxtı olmasın. Buna isə yalnız 13 dövlət - müsəlman ölkələri bütövlükdə Qüdsün Fələstinin paytaxtı olmasını iddia etmişdi və onun beynəlxalq statusa malik şəhər olmasına qarşı çıxmışdılar. Nəzərə almalıyıq ki, 1947-ci ildə Şərqi Qüds hələ də Fələstinin əlində idi və İsrail tərəfindən işğal edilməmişdi. Amma görün hadisələr indi hansı nöqtəyə gəlib çıxıb? Bütövlükdə Qüds İsrail tərəfindən işğal edilib. ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb. Əslində o vaxt bu qərarı müsəlman ölkələri də qəbul etsəydi, indi Qüds beynəlxaq statusa malik şəhər olacaqdı”.

F.Mehdiyev vurğulayıb ki, ona görə də yəhudilərin iddiasına bu cür iddia ilə cavab vermək uğursuz bir addımdır:

“Çünki ilk növbədə iki paytaxtın qonşuluqda yerləşməsi fikri son dərəcə absurddur. Bu paytaxtların yerləşmə texnikasına uyğun gəlmir. Qüdsün bu status qarşılığında ən yaxşı həll yolu elə onun beynəlxalq statuslu şəhər olaraq saxlanılması barədə BMT qərarına əməl edilməsidir. Çünki İƏT-də Şərqi Qüds Fələstinin paytaxtı kimi tanındığı anons edilsə, bu o deməkdir ki, Qərbi Qüds də İsrailin paytaxtı kimi tanınacaq. O zaman İsrail də Qüdsün öz əlində olmasını əsas gətirərək, bütövlükdə Qüdsün paytaxtı olması ilə bağlı iddia qaldıracaq və daha ciddi problemlər başlayacaq”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin tanınması üçün dünyaya çağırış edilə biləcəyi anonsunu verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.