Putin 13-cü mətbuat konfransında nələr danışdı?

15-12-2017, 09:27           
Putin 13-cü mətbuat konfransında nələr danışdı?
Rusiya prezidenti Saakaşvili haqda: “Bu mənzərəyə baxmaq təəssüf yaradır, ürəyim qana dönür”

Dekabrın 14-də Rusiya prezidenti Vladimir Putin Moskvada 13-cü illik mətbuat konfransı keçirib. 1700-dən çox mətbuat nümayəndəsinin iştirak etdiyi, dünyanın diqqətlə izlədiyi konfransda Kreml rəhbəri ölkəsi və şəxsi barəsində gedən müzakirələrin hər birinə ayrı-ayrılıqda münasibət bildirib.

Putinin son bir ildə Amerika prezidenti Donald Trampın necə bir dövlət başçısı kimi fəaliyyətinə cavabı diqqətdən yayınmayıb: “Prezident Trampın işini mən qiymətləndirməli deyiləm, bunu Amerika xalqı etməlidir. Prezident kimi onun ciddi nailiyyətlərini görürük. Bazarlara baxın, onlar necə yüksəlib. Bu, investorların ABŞ iqtisadiyyatına etimadını göstərir”.

Kreml sahibi Trampla olan əlaqələri və Rusiya-ABŞ arasındakı gərgin münasibətlər barədə jurnalistin sualına belə cavab verib: “Hələ ondan soruşmaq lazımdır ki, münasibətləri normallaşdırmaq kimi bir niyyəti varmı. Necə olmalıdır? Bütün təmaslar qadağan edilməlidir? Bizim səfiri ittiham etdilər ki, kiminləsə görüşüb. Axı bu bütün dünyada tətbiq olunan təcrübədir. Burada təəccüblü nə görüblər və niyə bütün bunlar casusluq kimi xarakterizə olunmalıdır?”

ABŞ KİV-ində Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə təsiri məsələsini toxunan V.Putin deyib: “Bütün bunları Trampa münasibətdə müxalif olan qüvvələr fikirləşib. Onlar Trampın seçilməsinə qanunsuz xarakter vermək istəyirlər. Bunu edənlər dövlət başçısına ziyan vurur, onu üzürlər, seçicilərə hörmət etmirlər”.

“ABŞ hökuməti Rusiya, KXDR və İranı bir sıraya qoyub, eyni zamanda Moskvadan Pxenyan və Tehran ilə bağlı problemləri həll etməyi tələb edirlər”. V.Putin Rusiyanın Şimali Koreyanı nüvə nəhəngi kimi tanımadığını xatırladıb. Onun sözlərinə görə, Qərb Pxenyanı silah sazişindən çıxmağa doğru təxribata çəkib.

Rusiya prezidentinin fikrincə, Liviya və İraq ilə bağlı vəziyyətlərdən sonra KXDR başqa çıxış yolu görmür və müdafiə olunur.

Rusiya rəhbərinin əbədi düşməni, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə bağlı verilən suala cavabı daha maraqlı olub: “O, Gürcüstanın prezidenti olub. İndi isə özünü ukraynalı kimi aparır. Məgər sizdə normal bir ukraynalı yoxdur? Bu mənzərəyə baxmaq təəssüf yaradır, ürəyim qana dönür”.

Mətbuat konfransında gərgin anlar da yaşanıb. Özü də maraqlıdır ki, gərginlik martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərində Putinə rəqib olmağı planlaşdıran tanınmış teleaparıcı Kseniya Sobçakla Putin arasında olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Sobçak Kreml rəhbərinə sual ünvanlayıb.

Sobçak Putindən ölkədə müxalifətin niyə sıxışdırıldığı və Aleksey Navalnının seçkidə iştirakının niyə əngəlləndiyini soruşub.

“Siz burada jurnalist kimi iştirak edirsiz? Yoxsa sizdən əvvəlki natiq (sual verən-red:) kimi yalan danışırsız və bura namizəd kimi gəlmisiz?” deyə, Putin Sobçakın sualına sualla qarşılıq verib.

Sobçak jurnalist olduğunu və “Dojd” telekanalını təmsil etdiyini deyib.

Bunun ardınca Navalınını Mixail Saakaşvili ilə müqayisə edən Putin bildirib ki, müxalifət müsbət fəaliyyətlərin əks olunduğu aydın və başadüşülən proqramla çıxış etməlidir: “Biz Rusiyada ikinci Ukraynanın olmasını istəmirik və buna imkan verməyəcəyik! Hakimiyyətə proqramı olmayan müxalifət nümayəndəsinin gəlməsi Rusiyada ”Maydan"ın baş verməsi və küçələrdə “saakaşvililərin” qaçması deməkdir. Rusiya xalqı radikalizmi istəmir. Lakin bununla belə, ölkədə siyasi rəqabət olmalıdır".

Putin nə üçün Rusiyada ona rəqib olacaq müxalifətin olmamasına belə cavab verib: “Özüm özümə rəqib yetişdirəsi deyiləm. Müxalifət haqqında danışan zaman yalnız meydanlarda səs-küy salmaq yox, həm də nəsə təklif etmək vacibdir. Səs-küylü yox, real gündəmlər təklif etmək lazımdır”.

O, həmçinin vurğulayıb ki, ölkədə onun fikirlərini dəstəkləyən siyasi qüvvələrin, eləcə də vətəndaşların geniş dəstəyinə ümid edir.

ABŞ senatorlarının və konqresmenlərinin Rusiyanı Şimali Koreya və İranla tərəzinin eyni gözünə qoymasını Putin sərt ifadələrlə tənqid edib.

Virtualaz.org xəbər verir ki, Putin bu barədə jurnalistlərdən birinin Rusiyanın Şimali Koreya ilə ABŞ arasında az qala nüvə müharibəsinə gətirib çıxaracaq qarşıdurmada mümkün vasitəçiliyi ilə bağlı sualına cavab olaraq danışıb.

“Siz fikir verməmisiniz ki, senatorlarınız və konqresmenləriniz, hansı ki, onlar kostyum geyinəndə yaraşıqlı görünürlər və guya ağıllı adamlardır, bizi Şimali Koreya və İranla bir cərgəyə qoyurlar, üstəlik, bizdən Şimali Koreya probleminin və İranın nüvə proqramı probleminin həlli məsələsində kömək xahiş edirlər. Siz, ümumiyyətlə, normal adamsınız?” - Putin amerikalılara xitabən bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.