Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı xüsusi prosedura start verdi

16-12-2017, 09:32           
Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı xüsusi prosedura start verdi
“AŞ da anlayır ki, Azərbaycanı itirməklə, bu ölkəni qurumdan kənarda qoymaqla ciddi bir nailiyyət əldə edilməyəcək”

Həbsdə olan REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Azərbaycan hökumətinə növbəti dəfə çağırış edib. Ekspertlər bunu son şans kimi də qiymətləndirir. Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) mətbuat üçün açıqlamasında deyilir ki, qurum Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başlayıb.

Bu prosedurada məqsəd Azərbaycanın hazırda həbsxanada olan İlqar Məmmədov barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyinin bir daha müəyyənləşdirilməsidir.

Bu da qeyd olunur ki, Avropa İnsan Haqları Konvensiyasına 2010-cu ildə daxil edilmiş bu prosedur Avropa Şurası Nazirlər Kabinetinə üzv ölkənin məhkəmə qərarını yerinə yetirməməsi barədə AİHM-ə müraciət səlahiyyəti verir.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair AİHM hökmünü icra etməkdən inadkarlıqla imtina etməsi ilə bağlı dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlamaq qərarına gəlib. Avropa Məhkəməsi Komitənin bu barədə müraciətini dekabrın 11-də aldığını bildirir.

Bu prosedur AİHM-in Böyük Palatası tərəfindən keçirilir.

Dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsinin ölkəmizə qarşı başladığı prosedurdan sonra xüsusi bir proseduranın başladılması bir sıra müəmmalara yol açır. Son addımın əvvəlkindən nə ilə fərqləndiyi barədə suallar yaranıb.

İ.Məmmədovun vəkili Fuad Ağayev heç bir müəmmanın olmadığını söylədi: “Bu barədə hər kəs öz fikrini bildirib, həmçinin biz də. Bu məhz həmin dekabrın 5-də başladılan proseduradır ki, Avropa Şurası Nazirlər Komitəsi bunun əsasında Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan tərəfin üzərinə götürdüyü beynəlxalq hüquq normalarını pozub-pozmamaqla bağlı sorğu ilə müraciət edib. Avropa Məhkəməsi də həmin sorğuya baxmalıdır. İndi hansı şəkildə edir, hansı şəkildə aparılacaq, bu nə qədər vaxt alacaq, onu deyə bilmərəm. Çünki Avropa Məhkəməsinin indiyə qədər belə bir praktikası olmayıb, ilk belə haldır”.

REAL-ın icraçı katibi Natiq Cəfərli Avropa Şurasında ilk dəfədir ki, belə bir ciddi proseduranın başlandığını bildirdi: “Son müraciət ona dəlalət edir ki, nə Avropa Şurası Azərbaycanı itirmək istəmir, nə də Azərbaycan bu qurumu. Azərbaycan rəhbərliyinin mövqeyi odur ki, istənilən halda danışıqları kəsməsin, davamlı şəkildə aparsın, müəyyən ortaq məxrəcə gəlib bu problem həll olunsun. Məsələnin həm də görünən tərəfi budur. Avropa Şurası da yaxşı anlayır ki, Azərbaycanı itirməklə, bu ölkəni qurumdan kənarda qoymaqla ciddi bir nailiyyət əldə etməyəcək. Amma bu problemin yeganə həlli yolu da İlqar Məmmədovun azadlığa buraxılmasından keçir. O həbsdən azad olunan kimi proseduralara son qoyulacaq. Nəticədə Avropa Şurası ilə Azərbaycan arasında yaranmış gərginlik aradan qalxmış olacaq. Bu nöqteyi-nəzərdən Azərbaycan hökumətinə bu bir mesajdır ki, məsələni tezliklə həll edin. Xüsusi prosedur qaydalarının həyata keçirilməsi üçün də müəyyən zaman tələb olunacaq, bir neçə ay çəkəcək. Sanki Avropa Şurası mesaj verir ki, üzümüzə gələn bir neçə yaxın ay ərzində İlqar Məmmədovla bağlı problemi həll edin. Bu problem aradan qalxan kimi də, prosedur qaydalar ortadan qalxacaq. Son xüsusi proseduranın başladılması da qaydalardan biridir. Mediada gedən hər hansı bir açıqlama rəsmi mövqe sayılmır. Bu baxımdan prezidentin Xarici məsələlər üzrə köməkçisi Novruz Məmmədovun İlqar Məmmədovla bağlı bir neçə gün öncə verdiyi açıqlama hakimiyyətin mövqeyi sayılmır. Avropa Şurası Nazirlər Komitəsi ilə Avropa Məhkəməsinin öz daxili prosedura, intizam qaydaları var. Bu qaydalara uyğun olaraq, rəsmi cavab istəyir. Əslində Nazirlər Komitəsi Avropa Məhkəməsindən bunun hüquqi qiymətləndirilməsini istəyir. Bu qiymətləndirmədən sonra Nazirlər Komitəsi növbəti dəfə toplanacaq və bu qərara qiymət verəcək. Bildiyiniz kimi, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı iki qərarı var. 2014-cü ildə verilmiş birinci qərarla bağlı ilk hissə yerinə yetirilib. Yəni Azərbaycan hökuməti maddi təzminat məsələsini həll edib, amma ikinci dərhal azadlığa buraxılma, qeyri-qanuni həbs olunma ilə bağlı hissəsini yerinə yetirmir. Buna Avropa Məhkəməsi rəsmi cavab verməlidir. Bunun üçün də Azərbaycan tərəfə müraciət olunmalıdır ki, rəsmi şəkildə öz mövqeyini, yanaşmasını bildirsin. Mətbuatda gedən açıqlamalarla rəsmi mövqe arasında fərq ola bilər. Prosedura qaydalarına görə, rəsmi Bakı Avropa Məhkəməsinə yazılı qayda ilə rəsmi şəkildə cavab verməlidir. Böyük ehtimalla sonuncu müraciət bunun üçün edilib. Çox güman ki, yaxın aylarda Azərbaycan tərəfi öz rəsmi mövqeyini Avropa Məhkəməsinə bildirəcək. Bundan sonra məhkəmə rəy verəcək. Rəydən sonra Nazirlər Komitəsi toplanıb, bu rəyi dəyərləndirəcək”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.