“İslam koalisiyası” ilə bağlı sensasion iddia: “İsrailə qarşı...”

28-03-2018, 11:16           
“İslam koalisiyası” ilə bağlı sensasion iddia: “İsrailə qarşı...”
“The Express" qəzetindəki məqalədəki interaktiv xəritədə vahid müsəlman ordusunun İsrail üzərinə hücumu təsvir edilib
Türkiyənin regionda aktiv hərbi güc kimi çıxış etməsi Qərbdə narahatlıqla qarşılanır. Son aylarda dərc olunan məqalələrdə məhz Türkiyənin son zamanlar aktiv hərbi gücdən istifadəsi və bunun genişlənməsi təhlükəsinə diqqət çəkilir.

BBC isə son olaraq “The Express” qəzetində çıxan və Türkiyənin aktiv hərbi əməliyyatları və qonşu ölkələrə qarşı sərt addımlarına toxunur. Yazıda ən çox diqqət çəkən məqam isə Türkiyədə hakimiyyətə yaxın “Yeni Şafak” qəzetində dərc olunan “İslam Ordusu” haqda məqalə barədə yazılanlardır. Maraqlıdır ki, “Yeni Şafak” məlum yazısında “İslam Ordusu”nun İsrail əleyhinə olacağını qeyd edib.

Məqalədə İslam Əməkdaşlığı Təşkilatının 57 üzvünə vahid ordu yaratmaq və İsrailə bütün tərəflərdən, eyni vaxtda hücum etmək çağırışı edilib. Sitat: “İƏT-in üzv ölkələri hərbi ittifaq yarada bilsələr, bu, dünyanın ən böyük və ən güclü ordusunun yaradılması ilə nəticələnər. Bu ordudakı fəal hərbçilərin sayı 5 milyon 206 min 100 nəfərə çata bilər. Belə bir ordunun saxlanması 175 milyard dollarlıq büdcə tələb edərdi”.

Hətta məqalənin içində çap olunmuş interaktiv xəritədə vahid müsəlman ordusunun İsrail üzərinə hücumu da təsvir edilib. Məqalədə belə bir hücumun təfərrüatları açıqlanır. Qeyd edilir ki, ilk hücumda 250 min əsgərin iştirak edəcəyi gözlənilir: “Regionların kritik məkanlarında yerləşən yer, hava və dəniz bazalarından istifadə olunacaq. Vahid bazalar qısa müddət ərzində tikiləcək. 500 tankı, 100 təyyarəni, 500 hücum helikopterini səfərbər etmək üçün çox vaxt tələb olunmayacaq”.


“Express” yazır ki, Ərdoğan bu məqaləyə konkret münasibət bildirməsə də, o öz çıxışlarında Osmanlı imperiyasının yenidən dirçəldilməsinə dair fikirlər səsləndirib. Ərdoğanı “tiran” adlandıran qəzet yazıb ki, o, indiyədək Qətər və Somalidə hərbi bazalar yaradıb və bu yaxınlarda Sudanla bu ölkənin Qırmızı dənizdəki adalarından birindən hərbi baza kimi istifadə edilməsinə dair saziş imzalayıb.

Məsələ ondadır ki, hər nə qədər Türkiyənin adına bağlanmağa çalışsa da, Ankaranın da quruluşunda aktiv iştirak etdiyi “İslam Ordusu” layihəsi artıq 3 ilə yaxındır mövcuddur. İlk dəfə 2015-ci ildə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 ölkənin qatıldığı terrorizmə qarşı İslam koalisiyasının yaradıldığı elan edilib. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.


Hətta bir neçə dəfə Azərbaycanın da bu koalisiyaya qoşulacağı ilə bağlı xəbərlər yayılsa da, Bakı bu xəbərləri nə təsdiq, nə də təkzib edib. Ancaq Azərbaycanın müdafiə naziri Ər-Riyada səfər edərək Səudiyyə rəsmiləri ilə görüşüb danışıqlar aparıb. Azərbaycanın “İslam koalisiyası”na qoşulması barəsində məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyir arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə APA-ya deyib ki, məsələ ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir.

Ancaq məsələ ondadır ki, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyada bir nömrəli müsəlman dövlətlərinin birliyinin yaranma səbəbi İsrail-Fələstin münaqişəsi olsa da, “İslam koalisiyası” və ya “İslam Ordusu” adlı qurumun hədəfləri sırasında İsrailin adı keçməyib. Hətta yarandığı zaman elan edilib ki, müsəlman ölkələrinin hərbi ittifaqı üzv ölkələrdə, o cümlədən müsəlman dünyasında terrorizmə qarşı mübarizə aparacaq. Bu sırada əsas hədəf kimi İŞİD göstərilib. Ancaq eyni zamanda digər terror təşkilatlarının da hədəflər arasında olduğu qeyd edilib. Bu barədə “İslam Ordusu”nun əsas təşəbbüskarı olan Səudiyyə Ərəbistanının müdafiə naziri və vəliəhd-şahzadəsi Məhəmməd bin Salman açıqlama verib. İslam Koalisiyasının birləşmiş ordusunun komandanı isə Pakistan ordusunun istefada olan generalı Rahil Şərif təyin olunub.

İran, Əfqanıstan, İraq və Suriya kimi bir sıra ölkələr “İslam koalisiyası”na qoşulmayıb. Səudiyyə Ərəbistanı rəsmiləri hələ 2015-ci ildə təşkilatın rəsmi elanı zamanı bildiriblər ki, koalisiyanın mübarizəsi yalnız İŞİD-lə məhdudlaşmayacaq. Yeni ittifaq Suriya, Liviya, Misir və Əfqanıstanda ekstremizmə qarşı yönələn səyləri koordinasiya edəcək.

Ancaq quruluşundan sonra Ər-Riyadda hərbi keçid təşkil edən “İslam Koalisiyası” hər hansı praktik fəaliyyət göstərməyib. Ötən 3 il ərzində Yəməndə 10 dövlətdən ibarət koalisiya ilə müharibə aparan Səudiyyə Ərəbistanı yeni ittifaqı bu ölkəyə yönəldə bilməyib. Bundan başqa, Suriya və Liviyada da terrorizmə qarşı müharibə aparılsa da, “İslam Koalisiyası” bu ölkələrdə terrora qarşı mübarizə və asayişin bərpa olunması üçün hərbi qüvvə göndərə bilməyib. Bunun bir səbəbi koalisiyanın hüquqi, texniki tərəflərinin təşkil olunmamasıdır. Digər tərəfdən, siyasi olaraq bu ölkələrin vahid qərar mexanizmi və birlik nümayiş etdirməsi də təmin olunmayıb. Səudiyyə Ərəbistanının bu koalisiyada lider kimi çıxış etməsi heç də bütün üzv ölkələrin marağında deyil, baxmayaraq ki, siyasi və hərbi məsələlərdə bir yerdədirlər.

Bütün bunlar onu göstərir ki, “İslam koalisiyası”nın formalaşıb fəal hərbi bloka çevrilməsi uzun zaman ala bilər, ya da, ümumiyyətlə, baş tutmaya bilər. Faktiki olaraq mövcud olmayan bir blok isə zaman-zaman Türkiyə də daxil olmaqla, üzv ölkələrin mediasına fantastik nəzəriyyələrə mövzu olub. Onlardan biri də İsrailə hücumdur. Halbuki hər kəsə aydındır ki, Vaşinqtonun xeyir-duası ilə yaradılan “İslam koalisiyası”nın İsrailə hücum etməsini gözləmək Amerikanın İsrailə müharibə elan etməsi ehtimalına bərabərdir. Belə olan halda Qərb mediasının faktiki olaraq mövcud olmayan bir qurum üzərindən Ərdoğana yüklənməsi də əslində “qara kampaniyanın” bir formasından başqa bir şey deyil. Yaxud da Türkiyənin son illərdə aktiv müdaxiləçi xarici siyasətindən doğan narahatlığın bir başqa formada təzahürü hesab etmək olar.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.