Yalnız Türkiyə ABŞ-ın zərbədəki məqsədini fərqli anladı
15-04-2018, 00:26
ABŞ, Böyük Briyaniya və Fransanın Suriyaya zərbəsi kimyəvi hücuma qarşı Əsədi cəzalandırma həmləsi kimi görünsə də, əslində bu, ABŞ-ın Suriyanın gələcəyində söz sahibi olmaq üçün daxildə Əsədə, xaricdə isə Rusiya-İran-Türkiyəyə verdiyi bir mesaj idi.
Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O bildirib ki, bu, həm də ABŞ-ın Suriyadakı tarazlıq oyununda zəifləyən müttəfiqi PYD-nin yanına öz raketlərini yerləşdirmə cəhdidir:
“Türkiyədən başqa bütün dövlətlər ABŞ-ın Suriya zərbəsinin əsl məqsədini belə qəbul etdilər. Bu prosesi təkcə Türkiyə fərqli bir şəkildə dəyərləndirdi. Türkiyənin Suriyadakı mövqeyi maraqlıdır. Çünki rəsmi Ankaranın Əsədlə bağlı Qərb ilə, PYD və Suriyanın ərazi bütövlüyü məsələsində isə Rusiya və İranla maraqları üst-üstə düşür. Rəsmi Ankara iki fərqli tərəf arasında tarzlıq oyunu oynayaraq, öz maraqlarını maksimum həyata keçirməyə çalışır. Ancaq Türkiyə unutmamalıdır ki, bu oyunun hər iki tərəfdən tərs refleks riski də var”.
Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın ötən gecə Suriyaya zərbə endirməsini Türkiyə məmnunluqla qarşıladığını açıqlayıb.