Nebenzya: “Britaniya "Skripalın işi" üzrə dəlilləri məhv edir"

19-04-2018, 08:55           

Böyük Britaniya hökuməti Sergey və Yuliya Skripalların zəhərlənməsi işi üzrə dəlilləri planlı şəkildə məhv edir.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya TŞ-da “Skripalın işi” üzrə keçirilən iclasda bəyan edib.



“Britaniya hökuməti planlı şəkildə bütün dəlillərin məhvi ilə məşğuldur. Skripalin evindəki heyvanlar məhv edilib. Skripal və qızının olduğu bütün yerlər təmizlənir - restoran, skamya və sairə. Bununla belə sıravi vətəndaşlar Solsberidə heç bir şey olmadığı kimi yaşamağa davam edərlər. Skripalın işi üzrə Britaniya tərəfinə 47 sualla müraciət etmişik, indiyədək cəmi iki natamam cavab almışıq”, deyə V.Nebenzya qeyd edib.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Aprelin 10-da Yuliya Skripal xəstəxanadan buraxılıb.



Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib. Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.