Mayda məşhur məhbuslar azadlığa çıxa bilər

25-04-2018, 09:35           
Mayda məşhur məhbuslar azadlığa çıxa bilər
Əliməmməd Nuriyev: “Əfv Komissiyasının katibliyi hal-hazırda da iş başındadır”
Bu il Novruz bayramı ərəfəsində, mart ayında yeni əfv olacağı ilə bağlı bəyanatlar səslənsə də, əfv sərəncamı imzalanmadı. Bəzi hüquq müdafiəçiləri bildirdi ki, əfv sərəncamının imzalanmamasına səbəb növbədənkənar prezident seçkisinin salınması oldu. Artıq Azərbaycanda prezident seçkisi başa çatıb, yeni hökumətin tərkibi təsdiqlənib. Gözlənilən budur ki, yaxın günlərdə prezident tərəfindən əfv sərəncamı imzalana və yüzlərlə məhbus azadlığa çıxa bilər.

Mətbuatda yayılan məlumatlara görə, may ayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 və Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı həm amnistiya aktının qəbulu, həm də əfv sərəncamının imzalanacağı gözlənilir. Yəni təxminən bir ay sonra çoxsaylı məhbus barmaqlıqlar arasında, xilas ola bilər.

Hazırda siyasi cameədən də həbsdə olan şəxslər var. Ehtimal olunur ki, bu dəfə imzalanan əfv sərəncamı ilə siyasilər də azadlığa buraxılacaq.

Dustaq ailələri də buna ümidlidir. Siyasilərdən REAL sədri İlqar Məmmədov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi şəxslərin adlarını qeyd edə bilərik. Bu şəxslərlə yanaşı sabiq səhiyyə naziri Əli İnsanovun da azad edilməsi gözlənilir.

“Yeni Müsavat”a danışan Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, komissiyanın iclasları keçirilir: “Aprel ayında iclaslar baş tutub. Hal-hazırda Əfv Komissiyasının katibliyi işləyir. Sənədlərin emalı gedir, arayışlar hazırlanır. Yəqin ki, yaxın günlərdə də komissiyanın növbəti iclasları baş tutacaq. Mən də ümid edirəm ki, may ayında əfv sərəncamı imzalancaq”.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu dəfə imzalanacaq əfv sərəncamı ilə İlqar Məmmədov da azadlığa çıxa bilər. Hüquq müdafiəçiləri, ekspertlər hesab edirlər ki, İlqar Məmmədovun növbəti əfv sərəncamı ilə azadlığa buraxılmasına ümidlər böyükdür. Elə ailəsi də bu ümidlə gözləyir.

İ. Məmmədovun xanımı Vəfa Məmmədova “Yeni Müsavat”a bildirib ki, onunla ötən həftə görüşüb:

“Onunla keçən həftənin şənbə günü görüşmüşəm. Səhhətində hər hansı bir problem yoxdur. Ehtimal və ümidlər var ki, İlqar Məmmədov əfv sərəncamı ilə azadlığa çıxacaq. Ancaq yenə də dəqiq heç nə deyə bilmərik. Çünki neçə illərdir ki, İlqar Məmmədovun adı əfv sərəncamı ilə azadlığa çıxanların siyahısına daxil edilmir. Bu dəfə də yüksək ümidimiz yoxdur. Özünün hələ ki, cəmiyyətə, ictimaiyyətə çatdırmaq üçün hər hansı bir mesajı yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.