Trampın baş naziri təhqiri: müqayisə gülüş doğurdu
12-06-2018, 09:35
Prosesin indiki qaydada və aqressiv ritmlə davam edə biləcəyi inandırıcı görünmür. Tramp hansısa mərhələdə dayanmalı və müttəfiqlərinin mövqeyi ilə hesablaşmalı olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Böyük Yeddiliyə üzv olan ölkələrin zirvə toplantısında ciddi fikir ayrılıqlarının yaranmasına səbəb ABŞ-ın sanksiyaları, eləcə də Ağ Evin yeni vergi və gömrük siyasəti ilə bağlıdır:
“Sanksiyalar, həmçinin bu ayın əvvəlindən ABŞ-da polad və alüminumun idxalına müvafiq qaydada tətbiq edilən 25 və 10%-lik əlavə rüsum region ölkələri, o cümlədən Kanada və Meksika üçün də ciddi problemlər yaradıb. Buna cavab olaraq, Meksika ABŞ-dan idxal olunan kənd təsərrüfatı məhsullarına əlavə rüsum tətbiq edib. Brüssel və Ottava da adekvat addımlar atmağa hazırlaşır.
Trampı qəzəbləndirən daha çox Kanadanın baş nazirinin ABŞ-dan idxal olunan kənd təsərrüfatı məhsullarına yüksək gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı mövqeyi olub. Tramp Kanada baş nazirinin açıqlamalarına təhqiramiz ifadələrlə cavab verib və onu yalan məlumatlar yaymaqda ittiham edib. Qeyd edim ki, Baş nazir Trudenin ABŞ-dan idxal olunan kənd təsərrüfatı məhsullarına yüksək gömrük rüsumunun tətbiqi barədə açıqlamasına Donald Trampın verdiyi qarşılıq da hazırda dünyanın nüfuzlu iqtisadçı ekspertlərinin gülüş predmetinə çevrilib. Tramp Kanadanın baş nazirinə cavab olaraq deyib ki, o, ABŞ bazarına “sel kimi axan” avtomobillərə əlavə rüsum tətbiq edilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verib. Qeyd edim ki, Kanadada avtomobil istehsal edən zavodlar əsasən ABŞ və Birləşmiş Ştatların yaxın müttəfiqi olan ölkələrin şirkətlərinə məxsusdur. Əgər Kanadadan idxal olunan avtomobillərə əlavə rüsum tətbiq edilərsə, o zaman şübhəsiz ki, daha çox ziyan ABŞ, Cənubi Koreya və Yaponiya şirkətlərinə dəyəcək”.
Analitik vurğulayıb ki, Tramp ABŞ-ın ənənəvi müttəfiqlərinin iqtisadi maraqlarını nəzərə almır və inhisara can atan biznesmen kimi davranır:
“ABŞ prezidentinin atdığı addımlar isə son nəticədə həm G7 ölkələrinin, həm də Birləşmiş Ştatların ənənəvi müttəfiqlərinin maraqlarına ciddi ziyan vurur. Almaniya kanslerinin mövqeyi də şübhəsiz ki, ölkəsinin iqtisadi maraqları ilə bağlıdır. Tramp bütün dünyaya iqtisadi savaş elan edib. Məsələ burasındadır ki, ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi sanksiyalar Almaniya və digər Qərbi Avropa dövlətlərinin sənaye müəssisələrini çıxılmaz vəziyyətə salıb. Əgər onlar bu sanksiyalara əməl etsələr, o zaman daha keyfiyyətli və ucuz xammal əldə edə bilməyəcəklər. Bu isə sənaye müəssisələrinin çöküşünə, işsizliyin artmasına gətirib çıxara bilər. Bütün bunların qarşılığında Tramp ABŞ-ın müttəfiqlərinə sanksiyalar nəticəsində dəyən ziyanı da kompensasiya etmək istəmir. Əksinə, daxili bazarı qorumaq üçün gömrük və vergi rüsumlarını artırır. Təbii ki, bu qanqster davranışı Avropa ölkələrini qane edə bilməz”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Kanadada keçirilən G7-nin birgə bəyanatına imza atmaqdan imtina edib. Buna dərhal reaksiya verən Almaniya kansleri Angela Merkel Trampın bu addımından təəssüfləndiyini bildirib.
Merkel bundan sonra Avropanın ABŞ-a etibar edə bilməyəcəyini də vurğulayıb.