Vaqif Hacıbəyli Mətləb Mütəllimova cavab verdi
12-06-2018, 12:12
Hörmətli Mətləb bəy,Elçibəylə bağlı sağlam mövqeyinizə görə Sizə təşəkkürlərimi bildirmək istəyirəm. Sizi vəzifənizdən azad etmiş keçmiş baş prokuror İxtiyar Şirinovun rüşvətxor olduğu barədə dedikləriniz isə müəyyən suallar doğurur. Siz bunu bilirdinizsə, 25 il bu barədə niyə susmuşdunuz? Bilirsiniz ki,İxtiyar Şirinovla bizim düşərgənin siyasi yolları çoxdan ayrılıb. Buna baxmayaraq Sizdən soruşmaq istəyirəm, İxtiyar bəyin prokurorlara haqq qoyduğu barədə dediklərinizi məhkəmədə sübut edə bilərsinizmi? Əgər bilməzsinizsə, onda bu cür ağır ittihamı necə səsləndirə bilirsiniz,Mətləb bəy? Prokurorluq orqanında ən yüksək vəzifələrdən birini tutmuş şəxs olaraq Sizin hüquq düşüncəniz bura qədərdimi? Keçmiş daxili işlər naziri barəsində yazmısınız ki, o özünü apara bilmirdi. Bəs Rəhim Qazıyev? O özünü apara bilirdimi? Bu gün Rəhim Qazıyevi, Nemət Pənahlını siyasi reabilitasiya etmək məqsədi ilə onların Milli Şurada təmsil olunması məsələsini qaldırmısınız. Məsəl var deyərlər dostunu göstər, deyim sən kimsən? AXC iqtidarının devrilməsində həlledici rol oynayan bu adamlara himayədarlıq etməkdə məqsədiniz nədir, Mətləb bəy? Mən bunları yazmazdım. Amma 25 il ərzində hətta istiqlalçı deputatların tədbirlərində belə gözə dəyməyən, belə deyək, bizlərdən daim "uzaq gəzən" Mətləb Mütəllimli bu gün Nemət Pənahlı və Rəhim Qazıyevə bir növ "siyasi yengəlik" edir, onların siyasi reabilitasiyası üçün çalışır. Niyə? 4 iyun qiyamının fəal iştirakçıları ilə Sizi birləşdirən hansı meyarlardı? Siz 4 iyun qiyamı ilə bağlı yaradılan komissiyaya rəhbər təyin edilmişdiniz. Deputat istintaq komissiyasının əksər üzvləri tarix qarşısındakı məsuliyyətlərini başa düşməyərək artıq AXC iqtidarının keçmişdə qaldığını görərək maksimum yeni hakimiyyətə yarınmağa çalışdılar.Siz və Mirmahnud bəy ləyaqətli mövqe tutaraq sifətinizi qoruya bildiniz,böyük yalanın iştirakçısı olmadınız. Lakin Siz həqiqətləri də axıradək deyə bilmədiniz,Mətləb bəy.O həqiqətlər artıq həmin anda tam məlum idi.
Mən bir epizodu Sizə xatırlatmaq istəyirəm. Milli Məclisdə həmin komissiyanın rəyi müzakirə olunacaq iclasdan əvvəl Siz, Mirmahmud bəy, bir də o proseslərdə çox fədəkarcasına çıxışlar edən,lakin sonralar birdəfəlik siyasi arenadan çəkilən Hicran Kərimli iclas salonunun ortasında dayanıb birlikdə söhbət edirdiniz. Sizə yaxınlaşıb komissiyada vəziyyətin mürəkkəb olduğunu bildiyimi, buna görə Mirmahmud bəylə ikinizin alternativ rəy təqdim etməsi variantına münasibətinizi soruşdum. Konkret bir cavab almadıqda bununla bağlı əvvəlcədən hazırladığım bəyanat layihəsini Sizə uzatdım. Amma Siz həmin sənədi heç götürmədiniz. Hazırladığım bəyanat layihəsində yazdıqlarım isə ondan ibarət idi ki,69 əsgərin gecə yatdığı yerdə kazarmada məhv edilməsi ilə bağlı əvvəlki komissiyanın parlamentdə iclasında bütün ölkəyə yaydığı məlumat məqsədli şəkildə uydurulmuş təxribatdı və bu yalanı yayan deputatlar qanun qarşısında məsuliyyət daşıyırlar.Mən bəyanat layihəsində bunların yazıldığını Sizə deyəndə mənə yox, kənara baxırdınız.Bu gün Rəhim Qazıyevlə, Nemət Pənahlı ilə bir yerdəsizsə,o vaxt da ürəyiniz onların yanındaydımı? Axı 69 nəfərin gecə yatdığı yerdə tankların altında qalıb həlak olduğu barədə yalanları elə onlar uydurmuşdular.
Aslan