MERKELİ KÜNCƏ SIXIBLAR- Alman kanslerin cəmi 2 həftə vaxtı var: separat danışıqlara gedən olacaqmı?

20-06-2018, 22:12           

Almaniya kansleri Angela Merkelin təxminən iki həftə vaxtı var. Kansler bu vaxt ərzində Almaniyaya qaçqın axınının qarşısını almağa hesablanan məhdudlaşdırıcı tədbirləri Avropa Birliyi ilə razılaşdırmalıdır.

Almaniya daxili işlər naziri Horst Sehofer iyunun 18-də Merkelə qəti ultimatum göndərib. Nazir bildirib ki, kansler onun qoyduğu şərtlə razılaşmasa, iyulun ilk həftəsindən etibarən məhdudlaşdırıcı tədbirləri işə salacaq.

Bu zaman da sənədi olmayan, həmçinin Avropa Birliyinin hər hansı başqa ölkəsində qeydiyyatdan keçən qaçqınlar Almaniya ərazisinə buraxılmayacaq. Merkel özü bu tədbirlərə qəti şəkildə qarşı çıxır. O, Avropa Birliyinin iyunun 28-29-da keçirilən sammitində bütün avropalı tərəfdaşlarını razı salan qərarın qəbuluna nail olmağa çalışır.

Almaniya kansleri artıq bu mövzunu İtaliyanın yeni baş naziri Cuzeppe Konte, Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə müzakirə edib.



Məlum olub ki, Avropa Komissiyası AB-yə üzv dövlətlərlə hər hansı separat danışıqların əleyhinədir və miqrant böhranı ilə bağlı özünün əhatəli planı var.

Plana Avropa Birliyinin daxili sərhədlərinin möhkəmləndirilməsi, miqrantların gəldiyi ölkələrlə əməkdaşlığın gücləndirilməsi, münaqişəli bölgələrdən qaçqınların evakuasiyası, yeni qanunların (sığınacaq verilməsinə dair kriteriyaların sərtləşdirilməsi ilə bağlı) qəbulu, AB ölkələrində qaçqınların saxlanılması qaydaları və s. daxildir.

Birlik ölkələrinin hamısı bu bəndlərin əksəriyyəti ilə razıdı. Qaçqınların Avropa ölkələri arasında yenidən bölüşdürülməsi ilə bağlı bənd isə əsas mübahisə mövzusudur.

Bəzi Avropa ölkələri qaçqınlarla bağlı kvotanın tərəfdarıdır. Polşa, Macarıstan, Çexiya və Slovakiya isə kvota şərtini eşitmək belə, istəmir. Prinsipcə, Almaniya bundan sonra da qaçqınları qəbul etməyə razıdır. Lakin axının həddən artıq böyüməsini istəmir.

Avropa Birliyində miqrasiya mövzusuna dair mübahisələr artıq üç ildir davam edir. Və yaxın iki həftə ərzində bu istiqamətdə razılığa gəlinəcəyi real görünmür. Belə olan halda yeganə ümid Avstriya, İtaliya, Yunanıstan və Fransayla ikitərəfli razılaşmalara qalır.

Avstriya

Almaniya sərhədlərinin bağlanması ilk növbədə Avstriyaya zərbə olar. Çünki qaçqınların böyük hissəsi məhz bu ölkədən tranzitlə (Aralıq dənizindən Avropaya gedənlər) Almaniyaya gedir. Merkelin Avstriya kansleri Sebastyan Kurtsla münasibətləri o qədər də yaxşı deyil.

Kurts lap əvvəldən Merkelin miqrant siyasətini sərt tənqid edib. Amma ortada bir ümidverici məqam var. İyulun 1-dən Avropa Birliyində sədrlik Avstriyaya keçir. Qaçqınlar məsələsi ilə bağlı Kurtsun iddialı islahatlar planı var və onların gerçəkləşməsi üçün Avstriya Berlinin dəstəyinə ehtiyac duyacaq.

Bundan başqa, Avstriya heç hübhəsiz ki, öz sərhədində qaçqınların toplaşmasına imkan verməyəcək və bunu önləmək üçün tədbirlər görəcək. Ona görə də Almaniyanın Vyana ilə razılığa gələcəyi real görünür.

İtaliya

C.Konte ilə danışıqlardan sonra Merkel bəyan etdi ki, Almaniya və İtaliya miqrasiya böhranı ilə bağlı sıx əməkdaşlıq etmək niyyətindədir.

İtaliya miqrantların bölüşdürülməsi ilə bağlı Avropa Birliyindəki müttəfiqlərindən daha çox həmrəylik tələb edir. Və Berlinin bu istiqamətdəki səylərini yüksək qiymətləndirir.

Yunanıstan

Yunanıstanın borcu ilə bağlı tutduğu sərt mövqeyə görə Angela Merkelin Afinadakı reytinqi yüksək deyil. Lakin baş nazir Aleksis Tsipras Merkelin miqrantlarla bağlı siyasətini həmişə təqdir edib.

Yunanıstanı Almaniya ilə bir masa arxasına əyləşərək qaçqınlarla bağlı separat danışıqlara sövq edə biləcək bir məqam var. Bu da Afinanın Avropa ölkələrindən aldığı maliyyə yardımları ilə bağlı yaranmış borcdur.

Bu ilin avqustunda belə borclardan birini vaxtı bitir. Yunanıstan hökuməti AB ölkələrinin maliyyə nazirlərindən bu borclarla bağlı ya möhlət almaq və ya onların silinməsinə nail olmaq istəyir. Bu məsələdə də alman hökumətinin mövqeyi az rol oynamayacaq.

Fransa

Merkelin Avropa Birliyindəki ən etibarlı müttəfiqi Fransa prezidenti Emmanuel Makrondur. Avropa Birliyi çərçivəsindəki əksər məsələlərdə bu iki liderin mövqeyi üst-üstə düşür. Düzdür, miqrant məsələsində bu ikilinin separat danışıqlara getməsi heç nəyi dəyişməyəcək. Çünki Fransadan Almaniyaya miqrant axını yoxdur. Lakin hər bir halda Makron bu məsələdə Merkelə dəstək verə bilər. Çünki Fransa prezidenti Merkelin Almaniyadakı mövqeyinin zəifləməsində qətiyyən maraqlı deyil.

Ekspertlər hesab edir ki, Merkel bu günlər ərzində bir neçə ölkə ilə ayrılıqda razılığa gələ bilər. Bu, problemin həllinə böyük təsir göstərməsə belə, alman nazirin bununla qane olacağı ehtimal edilir. Belə ki, məlum ultimatumun müəllifi olan nazir Horst Sehofer hakim koalisiyanın zərbə almasında maraqlı deyil. Və son təzyiqlərdən sonra miqrasiya böhranının ölü nöqtədən çıxması belə, ona kifayət edəcək.

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.