Səməd Seyidov rektorluqdan imtina etdi - Deputat olacaq
16-09-2015, 15:27
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov dünəndən etibarən universitetdəki otağını boşaltmağa başlayıb.
Rektora məxsus avadanlıq və əşyalar artıq universistetdən çıxarılır. Məlumata görə, S.Seyidovun işdən ayrılması ilə bağlı ərizəsi də artıq alınıb və bununla bağlı rəsmi xəbər bir neçə gün sonra cəmiyyətə açıqlanacaq.
Səməd Seyidovun rektorluqdan uzaqlaşması yenidən Milli Məclisə keçiriləcək seçkilərdə namizəd olması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, YAP dünən rektor-deputatlarla bağlı sərt qərar qəbul etmişdi. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında həm rektor, həm də deputatlıq səlahiyyətləri daşıyan şəxslərin qarşısında seçim qoyulduğunu bildirmişdi: “Seçim qoyuldu: ya rektorluq, ya parlament. Qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.
S.Novruzovun bu açıqlamasından sonra YAP-ın deputatlığa namizədlərinin siyahısı açıqlandı və siyahıda rektor-deputatlardan Səməd Seyidovun da adı yer almışdı.
Rektorun 14 ildir ki, çalışdığı universitetdəki təhvil-təslim işləri də bundan sonra başlayıb.
Məlumat üçün bildirək ki, S.Seyidov bu ilki seçkilərdə də Milli Məclisə seçilsə, bu, onun 4-cü çağırış deputatlıq fəaliyyəti olacaq (aznews.az).