Əli Əhmədov müxalifətin aqressiv hissəsinin seçkidə iştirak etməməsinin səbəbini açıqlayıb
16-09-2015, 20:47
"Siyasi rəqiblərimiz, opponentlərimiz bu günə qədər aydın hədəflərini müəyyənləşdirə bilməyiblər.
Siyasi fəaliyyətlərinin yeganə məqsədini şər və böhtanda görürlər, milli maraqlara zərbə vurmaqdan belə çəkinmirlər. Cəmiyyətə pozitiv heç nə vəd edə bilmirlər, mahiyyət etibarilə neqativ enerji daşıyıcılarına çevriliblər".
APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində baş nazirin müavini, partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Nəticənin tamamilə gözlənilən və anlaşılan olduğunu qeyd edən Ə. Əhmədov bildirib ki, müxalifət sarsılıb, dağılıb, parçalanıb: "Azərbaycanın siyasi həyatında müxalifətin rolu demək olar ki, görünmür. İndi müxalifət, xüsusilə də onun aqressiv hissəsi siyasi mübarizəni və siyasi fəallığı Azərbaycandan kənarda olan müxtəlif qruplarla işbirliyində görür. Ən acınacaqlısı da odur ki, həmin qruplar bir qayda olaraq anti-Azərbaycan mövqeyini heç zaman gizlətmir. Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə anti-Azərbaycan elementinə çevrilir. Bunun bir adı da «5-ci kolon»dur. Tamamilə aydındır ki, öz qrup maraqlarını xalqın maraqlarına qarşı qoyanlar xalqın dəstəyinə ümid edə bilməz. Müxalifətin bəzi dairələrinin seçkilərdə iştirak etməməsinin səbəbini bunda axtarmaq lazımdır.
Biz xalqa inanırıq, onlar isə xalqdan uzaq düşüb. Deməli qüvvələr qeyri-bərabərdir, çünki seçkinin yeganə hakimi seçicidir, başqa sözlə, xalqdır".