Tramp İranla “dostluq müqaviləsi"ni ləğv etdi - müharibə hazırlığı, yoxsa...
5-10-2018, 08:55
1955-ci ildə imzalanmış anlaşma Vaşinqtonun üzərinə hansı öhdəliklər qoyurdu, indən sonra nə ola bilər?
Xəbər verdiyimiz kimi, iki gün əvvəl Beynəlxalq Ədalət Məhkəməsi İranın ABŞ-a qarşı iddiasını təmin edib. Haaqa Məhkəməsi Vaşinqtonun dərman, qida, humanitar və aviasiya sektorunda tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə qərar verib.
Qərara əsasən, İran və ABŞ arasında 1955-ci ildə imzalanan dostluq müqaviləsi çərçivəsində baxmağa səlahiyyətinin olduğunu bəyan edib, həmçinin qərarda qeyd olunub ki, 1955-ci il anlaşmasına əsasən Amerikanın sanksiyaları İranın ticarət hüquqlarının qarşısını alır. Buna əsasən də məhkəmə Amerikadan İrana qarşı sanksiyaları dayandırmağı tələb edib.
Qərarda qeyd olunur ki, “İran dərman preparatlarının idxalından, humanitar yardımlardan, əkinçilik və təsərrüfat sahəsinə aid məhsullardan, qida məhsullarından, mülki təyyarələrin təchizatlarının idxalından bəhrələnə bilər və buna görə Amerika bu hüquqların qarşısında olan maneələri qaldırmalıdır”.
Bu qərardan az keçməmiş ABŞ hökuməti İranla 1955-ci ildə imzalanmış və Vaşinqton üzərinə İran qarşısında məsuliyyət qoyan dostluq müqaviləsinə xitam verib. ABŞ-ın dövlət katibi Mayk Pompeo BMT məhkəməsinin ABŞ-ın sözügedən müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırılması ilə bağlı qərarını əsassız sayıb. M.Pompeo qeyd edib ki, İran BMT məhkəməsini siyasi və təbliğat məqsədləri üçün istifadə edir.
Qeyd edək ki, sözügedən anlaşma 1955-ci ildə Şah hökuməti ilə Vaşinqton arasında imzalanıb. “Dostluq, İqtisadi Münasibətlər və Konsulluq Hüququ” adlanan saziş Vaşinqtonun İran qarşısında sonuncu öhdəlikləri hesab oluna bilər. Tehran məhz bu anlaşmaya istinad edərək beynəlxalq məhkəməyə müraciət edərək Vaşinqtonun Tehrana qarşı sanksiyalarının hüquqi əsasının olmadığını, daha dəqiqi, Trampın imzaladığı sanksiya qərarlarının bir çoxunun 1955-ci il anlaşmasına zidd olduğunu bildirib. BMT məhkəməsi beynəlxalq hüquqa əsasən bu iddianı təmin edib. Ancaq bundan sonra Vaşinqton sözügedən müqaviləni birtərəfli qaydada ləğv edib. Yəni Tehran qarşısında hüquqi öhdəliyini ləğv edib. Bununla da Vaşinqtonun noyabrdan etibarən Tehrana qarşı tətbiq edəcəyi sanksiyalar qarşısında hər hansı hüquqi maneə qalmamış oldu.
Məlum olduğu kimi, ABŞ-İran münasibətləri 1979-cu il İran İslam İnqilabından sonra pozulub. Tehranda bir qrup inqilabçı tələbənin ABŞ-ın İrandakı səfirliyini ələ keçirməsi və işçiləri girov götürməsi, bundan sonra baş verən hadisələr iki ölkə münasibətlərinin pozulmasına səbəb olub. ABŞ bir sıra sahələrdə İrana qarşı embarqolar tətbiq edib. Ancaq 2015-ci ildə uzun sürən danışıqlardan sonra ABŞ-ın da daxil olduğu “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - K.R.) ilə İran arasında İranın nüvə proqramı ilə bağlı anlaşma imzalanıb. Ancaq bu ilin mayında ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada həmin anlaşmadan çıxıb. Bundan sonra Vaşinqton İrana qarşı bir sıra sanksiyalar qəbul edib. Noyabrın əvvəlindən etibarən isə yeni sanksiyalar, o cümlədən İranın neft satışına sanksiyalar qüvvəyə minəcək. Tehran isə 1955-ci il anlaşması üzərindən Vaşinqtona hüquqi həmlə edib. Ancaq Beynəlxalq Məhkəmənin qərarından həmən sonra 1955-ci il müqaviləsini ləğv etməklə Vaşinqton İran qarşısındakı hüquqi öhdəliklərdən imtina edib və eləcə də yeni, hərtərəfli sanksiyaların yolunu açmış olub.
Vaşinqton və Tehran arasında son günlər artan gərginliyin daha bir səbəbi isə İraqdır. Bəsrədə iki həftə əvvəl İran konsulluğuna hücumdan sonra şəhərdə vəziyyət gərgin olaraq qalır. Ötən həftə iraqlı qadın hüquq müdafiəçisini Bəsrədə naməlum şəxslər qətlə yetirib. Eyni zamanda İran mediası Bəsrədəki İran konsulluğuna hücumda ABŞ-ın Bəsrə konsulluğunun rolu haqda iddialar ortaya atıb. O cümlədən aksiyanın təşkilatçıları ilə ABŞ-ın Bəsrə konsulu ilə əlaqələri haqda məlumatlar və birgə fotoları yayılıb.
Bundan sonra isə ABŞ Bəsrədəki konsulluğunu bağlayıb. Rəsmi Vaşinqton bəyan edib ki, Bəsrədə ABŞ diplomatlarına qarşı təxribatlar olarsa, buna görə Tehran cavab verməli olacaq. Bu gərginliyi daha da artıran uzun müzakirələrdən sonra İraqda prezident və baş nazirin seçilməsidir. Ölkənin yeni baş naziri əvvəlki kabinetlərdə vitse-prezident və neft naziri postlarını tutmuş Adil Əbdülmehdi olub. Bəzi iddialara görə, Əbdülmehdinin İranla yaxın əlaqələrinin olması Vaşinqtonda narazılıqla qarşılanıb.
Vaşinqton isə noyabra hazırlaşır. Gələn ayın əvvəlində İrana qarşı köhnə sanksiyaların qüvvəyə minməsi və yenilərinin qəbul olunması, ən əsası isə neft satışını əngəlləyən embarqo qərarının qəbul olunacağı gözlənilir. Tehran isə indi cidd-cəhdlə ABŞ əleyhdarı olan ölkələrlə danışıqlar apararaq yeni neft alıcıları tapmaq və köhnə bazarları qoruyub saxlamağa çalışır.
Bu arada bir neçə gün əvvəl İran raket qüvvələri sentyabrın sonlarında Əhvaz şəhərində hərbi parada hücum edən terrorçulardan qisas almaq məqsədilə Suriya ərazisindəki terror nöqtələrini raketlərlə vurub. Zərbələr nəticəsində 40-a yaxın silahlı terrorçunun öldürüldüyü bildirilir. Ancaq bu zərbələrin daha böyük təsiri İran valyuta bazarında hiss olunmağa başlayıb. Raket zərbələrindən dərhal sonra İran qara bazarında dolların dəyəri ucuzlaşıb. Daha əvvəl 1 dollar 17 min tümənə təklif olunduğu halda, bir gün sonra 10 min tümən ətrafında dəyişməyə başlayıb. Burada dünya bazarında neftin qiymətlərinin artması faktorunun da rol oynadığı qeyd edilir. Dünya bazarında neftin qiymətləri sürətlə yüksəlməkdədir. Bu isə neft ölkələri üçün ümiddir.