“Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu” - ELXAN ŞAHİNOĞLU

12-10-2018, 14:58           
“Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu” - ELXAN ŞAHİNOĞLU
“Bəlkə Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər”

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, Con Bolton Rusiyaya və Cənubi Qafqaz respublikalarına səfərinin tarxini açıqlayıb.

“Oktyabrın 20-də mən öz həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə təhlükəsizlik sferasında Amerika maraqlarının irəli aparılması məqsədi ilə görüşlər keçirmək üçün Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcəyəm”-Con Bolton özünün “tvitter” səhifəsində yazıb.

Maraqlıdır ki, bu səfər barədə ilk dəfə bir neçə gün əvvəl erməni politoloq Suren Sarkisyan məlumat yayıb. Onun sözlərinə görə, səfər müşavirin öz təşəbbüsü ilə baş tutacaq: “Vaşinqtonun ən nüfuzlu şəxslərindən biri iki həftə sonra Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Ermənistan üçün ikitərəfli münasibətlər baxımından unikal imkandır”. Sarkisyan əminliklə deyib ki, erməni tərəfi “ciddi məsələləri” Bolton vasitəsilə həll edə bilər. Hətta O, bunu “öz ayağı ilə gələn nadir şans” kimi dəyərləndirib.

Burada diqqəti çəkən məqam odur ki, Con Bolton Rusiyaya və Cənubi Qafqaz respublikalarına səfərinin tarxini açıqlamazdan öncə, erməni politoloq bu məlumatı necə əldə edib?! Adi bir politoloqun ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin regiona səfəri barədə məlumatlı olması özü də düşündürücüdür. Görünür ki, erməni politoloqun Ağ Evdə məlumatlı mənbələri var. Vaşinqtonun ən nüfuzlu şəxslərindən birinin gəlişi barədə məlumatlı bir şəxsin Con Boltonu “öz ayağı ilə gələn nadir şans” kimi dəyərləndirməsi də əsassız olmaya bilər. O baxımdan, ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin regiona səfəri mühüm əhəmiyyət daşıyır. Çünki C. Boltonun regiona səfəri Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqəli ola bilər. Çox güman ki, Sarkisyan erməni tərəfi “ciddi məsələləri” Bolton vasitəsilə həll edə bilər” deyəndə Dağlıq Qarabağ məsələsini nəzərdə tutur və Boltonun gəlişinə sevinir. Ancaq analitiklər hesab edir ki, Con Boltonun səfərinin əsas məqsədi İrana qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsinə dair region ölkələri ilə danışıqlar aparmaqdır.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, Con Boltonun regiona səfərini ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kentin oktyabrın 9-10-da Azərbaycanda səfərdə olması ilə izah edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Hurriyyet.org-a dedİ ki, əvvəlcə amerikalı diplomat prezident İlham Əliyevlə görüşdü: “Bundan sonra Corc Kent Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəldi. Kent səfərinin sonunda mətbuat konfransı keçirdi. Corc Kent Bakıda Amerikanı maraqlandıran 4 mövzudan danışdı. Birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir. “Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək”. Bu, Kentin Bakıda səsləndirdiyi əsas cümlələrdən biridir. Vaşinqtonun bu dəstəyini prezident İlham Əliyev də yüksək qiymətləndirir. İlham Əliyev Bakının bu dəstəyə görə Vaşinqtona minnətdar olduğunu Corc Kentə də bildirdi.

“Vaşinqton Rusiya və İranın imzaldığı Konvensiyaya şübhəylə yanaşır”

“İkinci mövzu təhlükəsizliklə bağlı idi. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir. Bu fikri amerikalı diplomatlar hər zaman Bakıda qeyd edirlər. ABŞ prezidenti Donald Tramp da İlham Əliyevə göndərdiyi məktublarda Əfqanıstan mövzusunu hər zaman xatırladır və buna görə Azərbaycana minnətdarlığını bildirir. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Azərbaycanla ABŞ arasındakı münasibətləri daha da yaxınlaşdırır. Corc Kent Bakıda regional təhlükəsizlikdən danışarkən Rusiya və İran mövzularına da toxundu. Görünür, Vaşinqton hesab edir ki, bu iki dövlətdən Azərbaycana təhlükə var. Halbuki, keçmiş illərdən fərqli olaraq Azərbaycan Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirib, 3 dövlət birgə regional layihələr icra edirlər. Kent Xəzərin status ilə bağlı imzalanan sazişə münasibət bildirmədi. O, mətbuat konfransında sadəcə dedi ki, bu məsələyə Azərbaycan rəsmilərinin münasibət bildirməsi doğrudur. Bu, o deməkdir ki, Vaşinqton Rusiya və İranın imzaldığı Konvensiyaya şübhəylə yanaşır. Əks halda Kent deməliydi ki, Vaşinqton Xəzərin statusunun müəyyənləşməsini dəstəkləyir. Sadəcə, işin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz. Rəsmi Bakı isə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı müsbət qiymətləndirir. Bunu İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bildirdi”,-deyə politoloq diqqətə çatdırdı.

“ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır”

E. Şahinoğlu qeyd etdi ki, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə üçüncü mövzu Dağlıq Qarabağa həsr edildi: “Vaşinqton bölgədə müharibə olmasını istəmir. Corc Kentin sözlərindən məlum oldu ki, Vaşinqton Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə Düşənbədəki görüşünü müsbət qiymətləndirib. Buna baxmayaraq, ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır. Kent də münaqişənin həlli ilə bağlı yenə heç nə demədi. Halbuki, Donald Tramp Azərbaycan prezidentinə, bir neçə ay sonra isə Ermənistanın baş nazirinə göndərdiyi məktublarda Vaşinqtonun münaqişənin həllində fəallaşacağına işarə vurmuşdu. Kent bu məsələyə aydınlıq gətirmədi”.

“Corc Kentlə görüşdə dördüncü mövzu insan haqları və demokratiyaya həsr olundu. Kent dedi ki, Vaşinqton Azərbaycanda “Azadlıq” radiosunun bərpasını istəyir. Kent hətta belə bir ifadə də işlətdi ki, gələn dəfə Bakıya gələndə “Azadlıq” radiosunu dinləmək istəyir. Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun Bakıdakı ofisini 2014-cü ildə bağlayıb. “Azadlıq” radiosu Azərbaycan hakimiyyətinin siyasətini sərt tənqid edirdi. Digər tərəfdən bu radionu dinləyənlərin sayı çox idi. Bu hakimiyyəti narahat etməyə bilməzdi. Başqa ölkənin radiosunun Bakıdan Azərbaycan hakimiyyətini tənqid etməsinə qarşı tədbirlər görüldü. Hakimiyyətin “Azadlıq” radiosunun fəaliyyətinə icazə verəcəyi ehtimalı yüksək deyil. Rəsmi Bakı bu məsələdə Vaşinqtonun xahişini yerinə yetirməyəcək. Vaşinqton isə buna görə Bakıya problem yaratmayacaq. ABŞ-ın prezidenti Respublika Partiyasının nümayəndəsidir. Rəsmi Bakı adətən enerji və təhlükəsizlik məsələlərində respublikaçı prezidentlərlə sıx əməkdaşlıq edir və bu zaman demokratiya mövzuları arxa plana keçir”,-deyə politoloq əlavə etdi.

Şahinoğlu onu da nəzərə çatdırdı ki, Azərbaycana Corc Kentdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələcək: “Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Bəlkə Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.