Mir Cəlalın “Əmzik” hekayəsi, I Avropa oyunları, Hadı Rəcəbli və... Veravulun yolları
9-04-2015, 10:22

Görkəmli yazıçı Mir Cəlalın bir hekayəsi var: “Əmzik”. Müəssisə rəhbəri 20-ci əsrin kosmos əsri olmasından danışır, uğurlu daxlili və xarici siyasətdən bəhs edir, işçilərdən biri qayıdır ki, mənə kosmos lazım deyil e, budey, yerdən yerə əmzik lazımdı uşaq üçün, bu boyda şəhərdə tapa bilmirəm heç hardan.
İndi I Avropa oyunlarına hazırlaşarkən, - day Lissabon sammiti, “Əsrin müqaviləsi” kimi cahanşümul qələbələrlə şellənməyin vaxtı keçib, - Lənkəran rayonunun Veravul kəndinin yolları adama əməlli-başlı qaxınc olub. Lap elə keçən əsrin 60-cı illərində uşağa əmzik tapmaq kimi bir başağrısına çevrilib. Özü də o ölkədə ki, o ölkənin qurucusu, memarı deyib ki, “yol mədəniyyətdir!” Özü də ən çox yatırım yatırılan da elə yollardır. Özü də o ölkədə ki, o ölkənin MM-nin sosial siyasət komissiyasının 20 ildən çox sədri və Milli Məclisin 20 ildən də çox deputatı Hadı müəllim Rəcəbli məhz həmin kənddəndir. Özü də hamıyla – yazılı və elektron medianın iqtidarlı-müxalifətli qollarınının bütün yazarlarıyla xoş münasibəti var, içi mən də daxil olmaqla, hər birini yaxşı tanıyır, xalqın bütün problemlərini uğurla həll edir, çörəkpulu tapmayan arvadlara restoranda, müəllimlərə işdən sonra tikintidə işləməyi məsləhət görür, yaşamaq fəlsəfəsini gözəl bilir, bircə bilmədiyi şey doğulduğu Veravul kəndinin yollarının vəziyyətidir.
Halbuki bu əziyyətli yollarda bu gün də Lənkəran təhsilində sevilərək xatırlanan müəllimə anası yaşayıb, dərs deyib, şagirdləri var.
İndi mən Hadı müəllim qədər yaşam fəlsəfəsini bilmirəm deyə, deyə bilmənəm ki, mənim əziz həmyerlim hansı yaşam fəlsəfəsi ilə, hansı prinsiplərlə və necə həyat düzəni qurur, ancaq oracan ağlım kəsir ki, yol çəkdirmək, yola qayğı göstərmək xalqdan əbədi rəhmət qazanmaqdır ölənlərinin ərvahına, əgər özün sağsansa! Üstəlik də özün öləndən və yaxud da deputatlıqdan gedəndən sonra da sənin özünə rəhmət və rəğbət deməkdir.
Ola bilər, Hadı müəllim rəhməti və rəğbəti alayı işlərdən o qədər qazanmış sayır ki, Veravulun yollarını abıra salması səbəbindən gələcək rəhmətə və rəğbətə ehtiyacı yoxdu. Bəlkə də “Titanik”ə gedən yolları ildə iki dəfə asfaltlamaq daha rəhmətli və rəğbətlidi, nəinki Veravulun kəndarası yollarını.
Üstəlik də, Hadı müəllim əvvəllər icra başçısı olub deyə bilir ki, məsələn, onun Lənkəranın icra başçısı Taleh Qaraşova Veravulun yollarını abıra salmağın vacibliyini və lazımlılığını məsləhət bilməsi məsləhətli deyil! O da ola bilər ki, Hadi müəllim ölkədə ağıllı adamlardan biri olaraq xalqa ağıl verməyi daha yaxşı bacarır, nəinki Veravul bələdiyyəsinin sədrinə mükəlləfiyyətlərini xatırlatmağı!
O da ola bilər...
Əslində çox şey ola bilər, amma olmaması üçün bu kəndarası yolları çəkmək lazımdı, qum, çınqıl, nə bilim, “xırış” tökmək də olar... Fəqət, Hadı müəllim bunu demir, eləmir, elətdirmir, vecinə almır və s. və ilaxır.
Özü bilər!
Ancaq bir orası da var ki, bu kənddə Hadı müəllimdən də əvvəl böyük kişilər, böyük müəllimlər olub, var, yenə də olacaq. Amma bu deputatlıq monopoliyası Hadı müəllimin əlinə keçdiyindəndir ki, o kəndin heç bir oğlunun sözünü, təəssübünü heç bir cavabdeh – nə bələdiyyə sədri, nə icra nümayəndəsi, nə rayonun yol idarəsi, nə icra başçısı hərləmir. Ağsaqqal bir dənə olar və yaxud da təyin olunar!
İndi bu kəndin zülmü budu. Özü də I Avropa Oyunları kimi möhtəşəm bir layihə həyata keçirilən dönəmdə. Məsələn, telekanalların bölgə müxbirləri Lənkərandakı uğurlardan nə qədər yazsalar da, yaysalar da, Veravul kəndi Mir Cəlalın “Əmzik” hekayəsini xatırlatmaqdan başqa reaksiya vermirlər!
Heç mən də reaksiya verməzdim. Düz bir ildi Patris Lümumba adına Rusiya Dövlət Xalqlar Dostluğu Universitetinin veravullu müəllimi Tosif Babayev əl-ayağa düşüb, ANS-in müxbirinə ağız açıb, mənə də görüşəndə - fb-də, toyda-yasda, harda gəldi - deyir ki, yaz. İzah edə bilmədim ki, Hadı müəllim özü müxbir olub, o müxbir-zad hərləmir, ANS-i v tom çisle. Lap mən yazım, ANS çəksin, Lider.TV versin, Hadı müəllim durub Veravulun kəndarası yolları kimi yerli əhəmiyyətli yolun çəkilməsinə vaxt, enerji sərf edəcək?
Çünki Hadı müəllim daha möhtəşəm ünvanlara və isimlərə, özü də beynəlxalq miqyaslı yollar çəkməklə məşğuldu.
İnanmırdın yazmaqnan bir şey olmayacaq, bu da yazı!
Di indi yenə o əyri-üyrü, çalasında “KamAZ” itən yollardan bu yay da keçəndə, sənə deyərəm.
Jurnalistləri qınama!
Sənin də, mənim də, cəmi Lənkəranın da xilas yolu Hadı müəllimin mərhəmətindən keçir.
Mən namaz qılanda, sən də viski vuranda Allaha yalvaraq...
Mən sizə qonaq gəlməyə bundan rahat yol tanımıram!
Bilirsənsə, de!
SON SÖZ ƏVƏZİ: Hadi müəllimə hörmətlə, inamla, sevgiylə, Mən – Aydın Canıyev
