Bakıdan rəsmi Tehrana sərt etirazlar

21-12-2016, 09:36           
Bakıdan rəsmi Tehrana sərt etirazlar
Ruhaninin İrəvan səfəri, müsəlman qonşumuzun işğalçı Ermənistana qucaq açması Azərbaycanda böyük etirazlar doğurdu; Fazil Mustafa: “İran Ermənistanı ən çox dəstəkləyən ölkədir, bunun nəyi müsəlmançılıqdır?!”

“Azərbaycan dövləti əslində İran prezidenti Ruhaninin Ermənistana səfərinə qarışa bilməz. O baxımdan ki, bu, İranın bir seçimidir. Ermənipərəst siyasət İran üçün prioritet məsələdir. Çünki həddən artıq mənəvi yaxınlıq var. Həm siyasi, həm etnik baxımdan ermənilərlə çox yaxındırlar. Ona görə biz buna qarışa bilmərik ki, niyə ermənilərlə əlaqə qurursunuz”.

Deputat, Milli Məclisdəki Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa bunu İran prezidenti Həsən Ruhaninin 21 dekabrda Ermənistana edəcəyi səfərə münasibət bildirərkən söylədi. “Yeni Müsavat”a açıqlamasında F.Mustafa bildirdi ki, İranın siyasətini müdafiə və təbliğ edənlərin ortaya mövqe qoymasını gözləyir: “Sadəcə, Azərbaycanda İranın davranışlarını sevinclə qarşılayan, ona simpatiya bəsləyən insanların qınanmasına ehtiyac var ki, buyurun, bu da sizin Azərbaycan xalqına təbliğ etdiyiniz dəyərlər! Yəni guya özünüz erməniyə qarşı çıxırsınız, amma erməni ilə dost olanlara ən yaxın münasibət bəsləyən insanlarsınız. Artıq buna həmin cinahdan münasibət bildirilməsi vacibdir. Çünki bu adamlar üçün İran hansısa şəkildə guya müsəlmanların hamisi, himayəçisi, müəyyən dərəcədə müsəlman dünyası üçün örnək bir dövlət kimi qəbul olunur. Həmin dövlətin də müsəlmanları qətl edən, Xocalı soyqırımını törədən bir zehniyyət sahibləri ilə bu qədər yaxın qardaşlığı ortadadır”.

F.Mustafa qeyd etdi ki, söhbət İran prezidentinin Ermənistana adi qaydada səfər etməsindən getmir: “Səfər ola bilər. Müxtəlif ölkələrin prezidentləri Ermənistan rəhbərliyi ilə görüşür. Söhbət ən yaxın olmaqdan, dəstək verməkdən gedir. İran bu gün Ermənistanı ən çox dəstəkləyən ölkədir. Bunun nəyi müsəlmançılıqdır? Bunun harası insanlıq dəyərlərinə sığır? Bunun cavabı verilməlidir. Bu sorğular müxtəlif mətbuat orqanlarında İranı təbliğ edən, bu ölkənin nüfuzunu qaldırmaq istəyən insanlara yönəlməlidir. Onlar münasibət bildirsinlər. Azərbaycanda bu zehniyyətdə olan qüvvələr mövcud olacaqsa, həmişə Ermənistanın Azərbaycan cəmiyyətində təsir gücü azalmayacaq, əksinə daha da güclənəcək”.


F.Mustafa Azərbaycandakı bəzi dini dairələrin İranın atdığı yanlış addımlara, o cümlədən Şuşa məscidinin iranlı mütəxəssislər tərəfindən təmirinə etiraz etməməsini təəccüblü saymır: “Buna kim etiraz edəcək ki? Əslində təklif etmək lazımdır ki, İran bütün dünyadakı erməni kilsələrini təmir eləsin. Getsinlər erməni kilsələrində ibadət etsinlər. Artıq bunların müsəlmana aid olan bir yanaşması yoxdur ki. Ermənistanla əlaqə qurmağı anladıq. Amma Ermənistanla əlaqə quranda bir dənə də bəyanat versinlər. Desinlər ki, siz torpaqları işğal etmişiniz. Biz sizinlə o vaxt iqtisadi əməkdaşlığa gedərik ki, Azərbaycanın, müsəlman qardaşlarımızın torpağını azad edəsiniz. Yoxsa indiki halda İrana simpatiya göstərməyin, İranı Azərbaycanda təbliğ etməyin başqa adı olacaqsa, bunun Vətənə, millətə qarşı xəyanət mövqeyi tutmaqdan başqa bir adı yoxdur. Ona görə də bu məsələlərdə, məncə, tələblərimiz daha sərt olmalıdır. Xüsusilə də bu insanlara qarşı ki, nəyi, hansı dəyərləri təbliğ edirsiniz, bu ölkəyə sırımaq istəyirsiniz? Başımızı yarmağı, din yolunda şəhid olmağı... Din yolunda şəhid olmağınız başınıza dəysin, gedin heç olmasa, İranı bu qədər insanımızı qətlə yetirən ermənilərlə əməkdaşlıqdan yayındırın. Elə budur müsəlmanlıq vəzifəniz. Bunu edin, görək, cüzi bir etiraz bildirə bilirsinizmi? Etirazınızı bildirin, erməni ilə dostluq edəndən siz də üz döndərin! Türkiyə haqqında niyə bu mövqeni ifadə edirik? Kiminsə qara gözünə aşiq deyilik ki. Bilirik ki, ermənilərin törətdiyi son qətliamlardan Azərbaycanı xilas edən türk əsgəri olub. Biz tarix yaddaşından, reallıqdan çıxış edirik. Siz nədən çıxış edirsiniz? Bu gün ölkədə müsəlmanı, türkməni qətlə yetirən İranın hərəkətinə sevinən yüzlərlə şərəfini itirmiş insan var. Nəyə sevinirsiniz?!”


Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı milli.az-a bildirib ki, İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfəri ənənəvi protokol xarakteri daşıyan addım olsa da, hər halda, bu səfər Ermənistana əlavə impuls verir ki, Azərbaycana qarşı öz işğalçılıq siyasətini davam etdirsin: “Belə səfərlər Ermənistanın ayaq üstə durmasına, indiki durumda problemlərini həll etməsinə müəyyən dərəcədə zəmin yaradır. Bu isə bizdə çox böyük təəssüf hissi doğurur. Son vaxtlar, xüsusən də Həsən Ruhaninin prezidentliyi dövründə İranla Azərbaycan arasında münasibətlər daha da istiləşib. İki ölkə arasında dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində əlaqələr sürətlə inkişaf edir. Amma biz doğrudan da bu gün gözləyirik ki, İran öz kəskin mövqeyi ilə Ermənistanı işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmağa məcbur etsin. İran bunu rəsmi bəyanatlarında ifadə edir, amma biz çox istərdik ki, bu, eyni zamanda əməli addımlarla da müşayiət olunsun”.

Sabiq təhlükəsizlik xidməti zabiti Arzu Nağıyev isə Tehranın növbəti dəfə Bakıya İsrailin baş nazirinin səfəri ilə bağlı etirazına reaksiya verdi: “Dövlətçilik tək dini inancla və ya hansısa dini konfessiyaların istəkləri ilə formalaşmır. Azərbaycanın öz dövlət siyasəti var və bütün qonşularla da dostluq, anlaşma şəraitində fəaliyyət göstərir. İsrailin baş naziri Benyamin Netanyahunun dekabrın 13-də Bakıya səfər etməsi də iki dövlət arasında münasibətlərin təzahürü kimi qiymətləndirilməlidir”.

Ekspert bir məqamı xatırlatdı: “Dekabrın 19-da İran XİN-in sözçüsü Bəhram Qasimi bu səfəri Azərbaycanın daxili məsələsi adlandırsa da, səfərin yaxşı niyyətli olmadığını bildirib. Bununla yanaşı, İran diplomatı işğal altındakı Dağlıq Qarabağda İran tərəfindən məscidin bərpası haqqında suala cavab verməyib”. A.Nağıyev rəsmi Bakının Ruhaninin İrəvan səfərinə etiraz bildirməməsini məntiqli sayır: “Ruhani Ermənistana səfər edirsə, bu da İranın daxili işidir. Səfər ərəfəsində ”İran Air" kompaniyası ABŞ-ın “Boinq” şirkəti ilə 80 təyyarə almaq üçün 16 milyardlıq müqavilə imzaladı, analoji müqavilə Fransanın “Aerobus” şirkəti ilə də nəzərdə tutulmuşdu. Yəni bunları sadalamaqda məqsədim odur ki, hər bir dövlətin öz xarici və daxili siyasəti var. Qeyd etmək lazımdır ki, İsrail baş nazirinin Bakıya səfərinə etiraz edənlər ilk növbədə İranın bir neçə din xadimləri olub və bir neçə şəxs də, o cümlədən İran parlamenti sədrinin köməkçisi Hüseyn Əmir Abdullahiyan və İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də bəyanatla çıxış ediblər. Düşünürəm ki, rəsmi səviyyədə bu etirazlara cavab vermək heç lazım da deyil. Azərbaycanın din xadimləri məsələyə münasibət bildirsə, daha məqsədəuyğun olar".

Qeyd edək ki, İran prezidentinin İrəvan səfəri zamanı iki ölkə arasında bir sıra sazişlərin imzalanması gözlənilir ki, bu da işğalçı ölkənin ağır durumdan xilası üçün vacib hesab edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.