Qorxmaz Əlili harası ilə düşünür?

31-10-2015, 15:21           

Qorxmaz Əlilini uşaqlıqdan tanıyıram. Azərbaycanda ilk meyxana festivalını təşkil elədi, sonra uzun müddət lotereya verilişlərinin aparıcısı oldu. Axır vaxtlar da bildiyimə görə, elmi fəaliyyətlə məşğuldur, Milli Elmlər Akademiyasının əməkdaşıdır.

Bütün bunları xatırlatmağım səbəbsiz deyil. Deməli, bu adam bir müddət öncə şair Rüstəm Behrudinin Bakı haqqında bir şeirinə görə geniş müsahibə vermişdi. Müsahibədə 2-3 cümlədən bir deyirdi ki, xoşuna gələr mən sənin kəndinə fahişə deyim? Axırda da bildirmişdi ki, əgər Bakı Rüstəm Behrudinin xoşuna gəlmirsə, çıxıb getsin.

Söhbətin bu yerində xatırladım ki, Qorxmaz Əlili Bakının Maştağa kəndindəndir. Zaman-zaman bu adam sosial şəbəkədəki statuslarında bölgə insanlarını açıq-aşkar aşağılayır, təhqir edir, bəyənmədiyini bildirir. Dünən isə növbəti bir statusunda elə bakılıların özləri demişkən, gül vurub. Azərbaycanın ən qocaman jurnalistlərindən olan Şirməmməd Hüseynovun televiziyadakı çıxışına Qorxmaz Əlilinin reaksiyasına baxın:

"Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. İyirmi faiz əsil qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər".

Qorxmaz Əlilinin 57 yaşı var və hələ də dərk edə bilmir ki, insanlar qaçqınlıq, məcburi köçkünlük həyatını istəyərək seçmirlər. Bu gün bütün dünya suriyalı qaçqınlara qucaq açır, maddi-mənəvi yardım göstərməyə çalışır. Elə təkcə Türkiyədə iki milyona yaxın Suriya qaçqını məskunlaşıb. Əgər belədirsə, bir ağdamlının Bakıya pənah gətirməsi niyə ayıb sayılsın ki? Ayıb məcburi köçkünə həsəd aparmaq, bu yaşda özünü insanlara güldürməkdir.

Bayaq sosial şəbəkədə inboksuma yazır ki, məni niyə biabır elədin? Başa düşmür ki, bu statusla özü-özünü biabır eləyib, mən yox. Üç-dörd dəfə təkid etdim ki, əgər üzrxahlıq müraciətiniz olsa, yaya bilərik, səsi çıxmadı.

Məcburi köçkünə, qaçqına həsəd aparmaq üçün bir insan harası ilə düşünməlidir, görəsən? Bu insanlar 25 ildir məcburi köçkün həyatı yaşayırlar. İndi məcburi köçkün bu 25 ildə yenə də səfalət içində yaşamalı idimi? Yaxşı yaşamaq ağıl və zəhmət məsələsidir. Məcburi köçkün nə etsin ki. Qorxmaz Əlili 57 il Bakıda yaşayıb, hələ də ictimai nəqliyyatdan istifadə edir. Deməli, həyatını düzgün qura bilməyib, gah lotonun dalınca qaçıb, gah meyxananın, gah elmin. Ona görə hamısından məhrum olub. İndi də Bakışünasdır.

Qorxmaz Əlili anlamır ki, sosial şəbəkədə yazdığı bu statusla insanları bir-birinə qarşı qoyur. 57 yaş ağsaqqallıq yaşıdır, başa "kraska" qoyub gəzmək, məcburi köçkünü təhqir etmək yox. Məncə, üzr istəmək üçün gec deyil.

Ölkə.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.