Fındıq bazarında rəqabət şiddətlənir

8-08-2019, 09:51           
Fındıq bazarında rəqabət şiddətlənir
Türkiyə, Azərbaycan və Gürcüstan anlaşması kimə daha çox sərf edir?
Türkiyə, Azərbaycan və Gürcüstanın kənd təsərrüfatı nazirlikləri fındıq sahəsində əməkdaşlıq barədə sənəd (“Fındık Alanında Stratejik İşbirliği Deklarasyonu”) imzalayıblar. Rəsmi açıqlamaya görə, əməkdaşlıqda məqsəd fındığın qiymətini yüksək saxlamaqdır.

Üç ölkə həmçinin fındığın məhsuldarlığının və keyfiyyətinin artırılması, xəstəliklərlə birgə mübarizənin təşkilində də əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq hansı zərurətdən irəli gəlir? Niyə fındığın ən böyük istehsal və ixracatçısı olan Türkiyə Azərbaycan və Gürcüstanın dəstəyinə ehtiyac duydu?

Türkiyə fındığına təhlükə haradan gəlir?

Bu suallara cavab tapmaq üçün dünya fındıq bazarındakı tendensiyalara diqqət yetirmək lazımdır. Məlumdur ki, fındıq dünyada tələbatı ildən-ilə artan məhsullardan biridir. Son illərdə dünya fındıq istehsalı 1 milyon ton civarında dəyişir. Bunun 80 faizi şokolad, 10-12 faizi tort-biskvit və digər qənnadı məmulatları sənayesində, 3-4 faizi çərəz olaraq, qalanı isə dondurma və yağ sənayesində istehlak olunur.

Qeyd edək ki, dünyada istehsal olunan fındığın 70-75 faizi Türkiyənin payına düşür. İkinci böyük fındıq istehsalçısı olan İtaliya həm də bu məhsulun dünya üzrə ən böyük alıcılarından biridir. İtaliya ildə 125 min ton fındıq istehsal edir. İtaliyanı təqribən 50 min tonla Gürcüstan, 40,5 min tonla Azərbaycan izləyir. Fındıq istehsalında ilk 10 sırada olan ölkələrin ümumi məhsuldarlığı Türkiyə qədər etmir.

Eyni zamanda Türkiyə dünyada ən keyfiyyətli fındığın istehsalçısıdır. Qara dəniz Fındıq və Məmulatları İxracatçılar Birliyinin məlumatına görə, Türkiyədən keçən il 115 ölkəyə 1 milyard 635 milyon dollarlıq fındıq ixrac edilib.

Türkiyədə 700 min hektarı keçən fındıq sahələrində 440 min nəfər çalışır. Belə böyük əməktutumlu bir sahə olduğuna görə Türkiyədə dövlət fındıq istehsalçılarına dəstək verir. Bu dəstək hər hansı səbəbdən satış qiymətləri maya dəyərindən aşağı düşdüyü şəraitdə dövlət tərəfindən bazara alış intervensiyasını nəzərdə tutur. Dövlət maya dəyərindən 1,5-2 dollara yaxın artıq qiymətə məhsulu istehsalçıdan almaqla onun zərərə düşməsinin qarşısını alır. Son illərdə dövlət tərəfindən belə intervensiyalar müntəzəm həyata keçirilməkdədir. Məsələn, bu il mövsüm ərəfəsində Türkiyədə fındığın qiyməti 12-13 lirəyə qədər ucuzlaşıb. İyulun 26-da prezident Rəcəb Təyyub Ərdoğanın iştirakı ilə Türkiyə Torpaq Məhsulları Ofisi(TMO) dövlət tərəfindən təyin olunan builki baza alış qiymətini 50 faizlik keyfiyyət göstəricisinə malik Girəsun fındığının hər kiloqramı üçün 17 lirə, daha aşağı keyfiyyətli fındıq üçünsə 16,5 lirə olaraq açıqlayıb. Bu, türk fındıq istehsalçıları tərəfindən böyük razılıqla qarşılanıb.

Mövsüm göstəricilərinə baxsaq, Türkiyədə fındıq ixracı xeyli azalıb. Belə ki, Qara dəniz Fındıq və Məmulatları İxracatçılar Birliyinin məlumatına görə, 2018-2019-cu il mövsümünün 11 ayında Türkiyə 262 min tona yaxın fındıq ixrac edib, bundan 1 milyard 544 milyon dollar gəlir əldə olunub. Əvvəlki mövsümün eyni dövründə ixracat 275 min 843 ton, əldə olunan gəlir isə 1 milyard 720 milyon 534,717 min dollar təşkil etmişdi.

Dünya fındıq bazarında son illərdə gedən proseslər bu məhsulun əsas ixracatçısı olan Türkiyə üçün müsbət qiymətləndirilə bilməz. Bu proseslərin bir qismi keyfiyyətə dair tələblərin sərtləşdirilməsi ilə bağlıdır. Belə ki, dünya fındıq istehlakının 80 faizdən çoxunu həyata keçirən Avropa Birliyi bu məhsulla bağlı tələblərini sərtləşdirir. Bu ildən etibarən Birlik sərhədlərini keçən Türkiyə fındığı 5 faiz daha dərin analiz olunacaq. Belə bir addım 2016-cı ildə də atılımışdı. Bu qərarlar türk ixracatçıların xərclərini artıran addımlar atması, fındıq emalında yeni texnologiyalar cəlb etməsi zərurətini yaradır ki, bu da qiymətləri yüksəldir.

Türkiyənin bazar payına təsir edəcək digər amil Çin, ABŞ və İtaliyada fındıq istehsalına ciddi sərmayələrin qoyulmasıdır. Belə ki, Çində 2017-ci ildən başlayaraq fındıq sahələri sürətlə genişləndirilir. Eyni addımı İtaliya və ABŞ da atır. Bundan əlavə, qeyd etdiyimiz kimi, Azərbaycan və Gürcüstan da istehsalı sürətlə artırmaqdadır. Bu isə Türkiyənın bazar mövqeyinə əlavə təhdidlər formalaşdırır.

Məlum olduğu kimi, fındığın ən böyük istehlakçısı şokolad istehsalçılarıdır. Böyük şokolad istehsalçıları artıq neçə illərdir ayrı-ayrı ölkələrdə fındıq istehsalına sərmayə yatırırlar. Məsələn, “Ferrero”, “Nestle” və “Kraft Heinz” kimi şokolad istehsalçısı olan nəhəng firmalar Kanada və Azərbaycan kimi ölkələrdə fındıq istehsalına sərmayə qoyur. Məsələn, “Ferrero” şirkəti Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq şəraitində Quba-Xaçmaz regionunda 3 min hektar sahədə İtaliyadan gətirilən yeni fındıq sortlarının əkilməsi nəzərdə tutulur ki, bunun 1500 hektarı artıq əkilib.

Müxtəlif ölkələrdə istehsalın, ixracın artması isə avtomatik olaraq Türkiyənin bazar payının kiçilməsinə səbəb olacaq.

Azərbaycan fındıq sahələrini 84 min hektara çatdırır

Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi son 4 ildə diqqət mərkəzinə gətirilib. Dövlət tərəfindən fındıq tingləri alınaraq, pulsuz olaraq istehsalçılara verilir. 2016-cı ildə Azərbaycanda 40 min hektar fındıq bağları olub, 2019-cu ilədək artıq 75 min hektara çatdırılıb. Bu il isə 9 min hektar fındıq bağının salınması nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycandan təmizlənmiş fındıq ixracı 18 223,1 ton təşkil edib. Bundan ixracatçılar 93,5 milyon dollar gəlir əldə ediblər. 21 min tonluq ixracın olduğu 2017-ci illə müqayisədə ixrac 12,3 faiz azalıb. Məhsulun tonunun orta qiyməti 5 131 dollar təşkil edib. 2017-ci ildə bu qiymət 5 515 dollar, yaxud 2018-ci ildən 7,4 faiz baha olub. Ötən ilki qiymət ucuzlaşmasının səbəbi dünya bazarında fındığın qiymətinin müəyyənləşdiyi Türkiyə lirəsinin dəyərdən düşməsi olub.

2018-ci ildə Azərbaycanın fındıq ixracatında əsas yeri Rusiya tutub - 45 milyon 277,99 min dollar dəyərində 9388,9 ton fındıqla. İkinci yerdə olan İtaliyaya 20 milyon 431,38 min dollar dəyərində 3 682 ton fındıq satmışıq. 2017-ci ildə isə Azərbaycan İtaliyaya 9 min tondan artıq fındıq ləpəsi ixrac etmiş və ixracatçılar bundan təqribən 54 milyon dollar qazanmışdılar. İtaliyaya ixracın azalmasının əsas səbəbi Avropa Komissiyasının fındığın tərkibindəki aflotoksin adlı maddənin miqdarına dair tələbləri sərtləşdirməsidir. Aflatoksin dünyada xərçəng xəstəliyinin əsas “yaradıcı”larından biri hesab olunur. Bu xüsusiyyətinə görə Avropa Birliyi onun ayrı-ayrı məhsullarda yol verilən həddini getdikcə azaldır.

1 sentyabr 2018 - 31 mart 2019 tarixləri arasında Azərbaycandan Avropa Birliyi ölkələrinə ixrac olunan fındıq ləpəsi 5 dəfə geri qaytarılıb. Bunlardan 3-ü Almaniya, biri Polşa, biri isə İtaliyadan qaytarılmadır. Bütün imtinaların səbəbi fındıq analizində aflatoksin nisbətinin normadan artıq səviyyədə olması olub.

Bu il Azərbaycanın fındıq ixracında artım müşahidə olunmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 6 ayında Azərbaycandan 68 milyon 587.65 min dollar dəyərində 12 570.11 ton meşə fındığı ixrac olunub.

Gürcüstan dünya bazarındakı mövqelərini bərpa edir

2017-ci ildən Gürcüstanın fındıq bağları mərmər taxtabiti adlı zərərvericinin hücumuna məruz qalıb. Nəticədə həm məhsuldarlıq kəskin aşağı düşüb, həm də keyfiyyət göstəriciləri. 2018-ci il fındıq ixracı baxımından Gürcüstan üçün ən uğursuz il olub.Gürcüstan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, 2018-ci ildə Gürcüstanda fındıq istehsalı əvvəlki illə müqayisədə 8,1 faiz azalaraq 22,7 min ton olub. İxrac 15,2 faiz azalaraq 12,9 min ton, əldə olunan gəlir isə 16,2 faiz az olmaqla 69,7 milyon dollar təşkil edib. 2016-cı ildə ölkənin ümumi ixracında ikinci yerdə olan fındıq indi heç ilk onluğa da düşmür.

Bu ilin yanvar-iyununda isə Gürcüstan 3,1 min ton fındıq ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz azdır. Fındıq ixracından əldə olunan gəlir də altı ayda iki dəfə azalaraq 15,6 milyon dollar təşkil edib.

Maraqlıdır ki, Gürcüstan fındığının ixrac istiqamətində də ciddi dəyişiklik qeydə alınıb. Belə ki, əsasən Avropa Birliyinə ixrac edilən gürcü fındığı 2018-ci ildən daha çox Rusiyaya satılmağa başlayıb.


Gürcüstan Fındıq Emalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Levan Kardava bildirir ki, son illərdə ixrac həcminin azalması keyfiyyətin fəlakət səviyyəsində enməsi ilə bağlıdır ki, bunun da səbəbi mərmər taxtabitinin fındığa daraşmasıdır. Avropa bazarına daşınan məhsulun azalmasının ikinci səbəbi Türkiyə fındığının ucuz olmasıdır: "Amma yenə də əsas problem keyfiyyətdir. Buna görə biz praktiki olaraq Avropa bazarında fındıq sata bilmirik. Bizim əsas satış bazarımız Rusiya bazarı olub".

Aparılan aqrotexniki tədbirlər nəticəsində ardıcıl 3 mövsümlük enişdən sonra bu mövsüm Gürcüstanın fındıq istehsalında artımın olacağı gözlənilir. Eyni zamanda bu mövsümün ilk günlərində aparılan analizlər fındığın keyfiyyətində ciddi müsbət dəyişikliklərin olduğunu göstərib. Bu isə Avropa Birliyinə gömrük rüsumu olmadan daxil olmaq imkanı əldə edən Gürcüstan fındığının yenidən Avropada Azərbaycan, eləcə də Türkiyə fındığına əsas rəqiblərdən birinə çevriləcəyi deməkdir.

Bütün bunlar deməyə əsas verir ki, həm də bir-birinə rəqib olan 3 ölkə arasındakı razılaşma dünya fındıq bazarındakı yeni təhdidlərə qarşı birgə fəaliyyətin qurulması, istehsalçıların zərərinə olan qiymət endirimlərinin önlənməsi baxımından, ən əsası isə bazarda özlərinə sərf edən qaydaları müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Yetər ki, ən böyük istehsalçı olan Türkiyə digər iki tərəfin mövqeyini nəzərə alsın...

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.